"dövlət başçısı insanların sağlamlığını və təhlükəsizliyini düşünür" ÖZƏL-MÜNASİBƏT

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının Zirvə görüşünün məhz dünyanın belə bir məqamında keçirilməsi təqdirəlayiqdir. Bunu SİA-ya müsahibəsində siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, bu, bir tərəfdən Azərbaycanın sadəcə olaraq öz sərhədləri daxilində deyil, qlobal sülhə, qlobal təhlükəsizliyə tovhə vermək istəyinin daha bir sübutudur.
"Ümumiyyətlə, bu, Türk dövlətləri arasında pandemiyadan qurtuluşun yollarını axtarıb tapmaq üçün bir cəhddir. Göründüyü kimi, həqiqətən də Azərbaycan Respublikasının Prezidenti elə bir təşəbbüs irəli sürüb ki, hələ bir sıra beynəlxalq təşkilatlar, beynəlxalq birliklər bu cür təşəbbüslərlə çıxış etməyiblər. Dünya Səhiyyə Təşkilatının rəhbərliyinin birbaşa iştirakı ilə bu zirvənin keçirilməsi artıq ondan xəbər verir ki, Azərbaycan bir növ qlobal problemlərin həllində təşəbbüskarlığa cəhd edən və əlbəttə ki, öz imkanları daxilində bunu bacaran bir dövlətdir. Yəni, Azərbaycan burada sadəcə olaraq, bayaq da qeyd etdiyim kimi, dövlətin daxilindəki təhlükəsizliyi, insanların sağlamlığını düşünmür. Azərbaycan Prezidenti, Azərbaycan dövləti dünyanın hər tərəfindəki insanların sağlamlığını və təhlükəsizliyini düşünür və bunun üçün də Türk dövlətlərinin səylərinin birləşdirilməsinin vacibliyini dərk edir. Bax, bu şuranın videokonfransının zirvə görüşünün keçirilməsinin də məğzi bundan ibarətdir. Yəni, Azərbaycan dövləti başda olmaqla, Türk dövlətləri həm öz daxillərində, öz sərhədləri daxilində insanların sağlamlığını, təhlükəsizliyini düşünür və buna necə töhvə verə biləcəklərini müzakirə edir. Eyni zamanda Türk dövlətləri birləşərək beynəlxalq təşkilatlarla birlikdə birinci növbədə də Dünya Səhiyyə Təşkilatı ilə birlikdə bəşəriyyəti xilas etmək üçün cəhdlər göstərir. Mənə elə gəlir ki, uzun bir müddət sonra tarixi araşdıranlar Azərbaycan Prezidentinin bu təşəbbüsünü xüsusi olaraq vurğulayacaqlar. Tarix dərslərində, bəşəriyyətin tarixinin öyrənilməsində bu təşəbbüs həqiqətən də ayrı bir başlıq olaraq keçəcək", deyə siyasi şərhçi Azər Həsrət bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə