"Zirvə görüşündə vacib məqamlar müzakirə olunacaq" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşü keçiriləcək. Bu Zirvə görüşü videokonfrans vasitəsilə həyata keçiriləcək". Bunu SİA-ya millət vəkili Cavid Osmanov deyib.

"Təbii ki, cənab Prezidentimizin bu təşəbbüsü çox əhəmiyyətli və vacib bir məqamda həyata keçirilir. Çünki dünya ölkələri, xalqları koronovirus pandemiyası ilə mübarizə apardığı bir zamanda ölkə başçısının bu təşəbbüsü təqdirəlayiqdir. Zirvə görüşündə təkcə bugünkü vəziyyətin müzakirələri deyil, eyni zamanda gələcəkdə pandemiya ilə bağlı həyata keçiriləcək tədbirlərin müzakirəsi həyata keçiriləcək. Dövlət başçısının bu təşəbbüsünü bütün o türkdilli dövlətlərin rəhbərlərinin də qəbul etməsi onu göstərir ki, cənab Prezidentimiz vaxtında və təqdirəlayiq bir addım atıb. Beləki türkdilli dövlətlər birgə fəaliyyət göstərərək daha az itki ilə insan tələfatından, koronovirus pandemiyasından çıxa bilsinlər. Burada insan amili birinci növbədə dayanır. Bunu cənab Prezidentin bugünə kimi həyata keçirdiyi siyasətdən də sezmək olar. İnsanların sağlamlığı həmişə ümdə məsələ olub. Koronovirus pandemiyası da dünyada hökm sürdüyü bir zamanda biz gördük ki, dövlət başçısının atdığı bütün addımlar ilk növbədə Azərbaycan vətəndaşlarının sağlam olmasına istiqamətlənib. Təbii ki, Zirvə görüşündə dövlətlərarası iqtisadi əlaqələrdən də söhbət açılacaq. Çünki koronovirus pandemiyası təkcə insan sağlamlığına təhlükə yaratmır, eyni zamanda bütün dünya ölkələrinin iqtisadiyyatına da çox ağır zərbələr vurur. Bunu ölkə başçısının indiyədək atdığı uğurlu addımların növbəti bir təzahürü kimi qiymətləndirmək olar"-deyə deputat fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə