"Azərbaycan beynəlxalq qurumlar qarşısında tələblə çıxış etməlidir" ÖZƏL - ŞƏRH

"2020-ci il martın 31-də Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edilib və ölkəmizin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edilib. Əlbəttə ki, bu Azərbaycan diplomatiyasının uğuru kimi dəyərləndirilməlidir. Bu uzun illərdir aparılan düzgün, doğru beynəlxalq arenadakı siyasi fəaliyyətin nəticəsidir. Həmçinin bu Azərbaycanın regional və beynəlxalq arenada, səhnədə güclü iqtisadiyyata, sənayeyə malik bir dövlət olmasının, eyni zamanda siyasi çəkisinin olması ilə bağlıdır". Bunu SİA-ya açıqlamasında hərbi icmalçı Ramil Məmmədli deyib

O hesab edir ki, biz əslində Ermənistanın özünün separatçı mövqe nümayiş etdirməsinə beynəlxalq təşkilatların reaksiyasını daha da stimullaşdırmalıyıq: "Məsələ burasındadır ki, bu gün həmin ərazilərdə keçirilən bu tipli “tədbirlərin” beynəlxalq qurumlar tərəfindən qəbul olunmamasının davamı olaraq Azərbaycan beynəlxalq arenada ərazilərin işğaldan azad olunmasının hərbi formatda qəbul olunması kimi təşəbbüslə çıxış etməlidir. Biz belə bir təşəbbüsün uzun illər əvvəl Küveytlə bağlı çıxarıldığının şahidi olmuşduq. ABŞ yekdilliklə Küveyt ərazilərinin İraq işğalından azad olunması ilə bağlı qərar çıxarmışdı və bunun hərbi formada həyata keçirilməsini dəstəkləmişdi. Azərbaycan da işğal edilən ərazilərinin hərbi yolla azad olunması ilə bağlı beynəlxalq qurumlar qarşısında tələblə çıxış etməlidir. Çünki illər keçdikcə bu həm Ermənistanın, həm də ki, həmin ərazilərdə kök atmış separaçı, quldur cinayətkar qruplaşmaların sanki xeyrinə işləmiş olur.

Azərbaycan dövləti tez bir zamanda bu təşəbbüslə çıxış etməlidir. Azərbaycan cəmiyyəti də dövlətimizin bu təşəbbüsünü dəstəkləməlidir. Əks təqdirdə Azərbaycan ciddi problemlərlə üzləşə bilər. Çünki işğal olunmuş ərazilərdə artıq bu birinci “seçki” deyil. Düşünürəm ki, beynəlxalq təşkilatların bu mövqeyinin davamı olaraq həmin qurumlar məhz ərazilərin sözdə yox, əməllə azad olunması ilə bağlı konkret addımlar atmalıdırlar. Onsuzda bəllidir ki, Azərbaycan ərazilərinin işğalında birbaşa rol Ermənistanın üzərinə düşüb. Əgər belə olmasa idi, beynəlxalq təşkilatlar tərəf olaraq Azərbaycan və Ermənistanı tanımazdılar".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...