"10 ildir ki, Ermənistan İsrailə yalvarır" ÖZƏL -AÇIQLAMA

"İsrailin Ermənistanla əlaqələrinin artması və bu əlaqələrin İranın əleyhinə olması ilə bağlı deyilənlər düzdür. Lakin, İran bunu belə qəbul etməyəcək". Bu sözləri SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu Ermənistanla İsrail arasındakı əlaqələrin genişləndirilməsi fonunda İranla Ermənistan arasında olan münasibətlərin korlanması məsələsinə münasibət bildirərkən deyib.

"Ermənistan yalvara-yalvara İsraillə əlaqələr qurdu. Düz 10 ildir ki, Ermənistan İsrailə yalvarırdı. Hətta qondarma erməni soyqrımını tanımasa belə İsraillə əlaqələrinin olmasını istəyirdi. Bu gün Ermənistan mətbuatının yazdığına görə, Gümrü şəhərində İsrail İrana qarşı hərbi baza tikir. Üstəlik ona görə gömrükdə tikir ki, burada həm də Rusiyanın hərbi bazası var. Bununla da İran raketlə Ermənistanın ərazisindəki İsrailin hərbi bazasını bombalaya bilməyəcək. Ona görə də həmin hərbi baza rus bazasının yanında tikilir".

Ekspert vurğulayıb ki, Ermənistanın bu koronavirus dövründə ən çox üz tuttuğu dövlət də İsrail idi:

"Ermənistan Prezidenti Armen Sarkisyan İsrailin Prezidenti ilə telefonla danışdı və onun göstərişi ilə Ermənistanın Səhiyyə naziri İsrailin Səhiyyə naziri ilə danışdı. Həmçinin, Armen Sarkisyan İsrailin Səhiyyə naziri ilə koronavirus ilə əlaqədar məsələləri müzakirə etdi. Armen Sarkisyanın göstərişi ilə Ermənistanın bütün mütəxəssisləri ayrı-ayrılıqda israilli həmkarları əlaqələndirildi. Yəni, məqsəd göstərmək idi ki, koronavirus dövründə Ermənistanın ən çox istinad etdiyi və söykəndiyi, ümid etdiyi dövlət İsraildir. Bunların hamısı həqiqətdir.

Lakin, İran İsrail və Ermənistan müttəfiqliyini dilə gətirməz, çünki, İran bu sözü desə gərək İran-Azərbaycan-İsrail əlaqələri ilə bağlı dediklərinin üstündən xətt çəksin. İranda anti-azərbaycançılıq hədsiz çox güclüdür. İran Ermənistan və İsrail münasibətlərindən açıq danışmır. Lakin, İran bütün proseslərdən xəbərdardır. İran bilir ki, İsrail Ermənistanın yalvarışlarına ona görə cavab verdi ki, Azərbaycan İsrailin anti-İran planına qulaq asmadı. Çünki, Azərbaycan dövləti müstəqil dövlətdir və özünün müstəqil siyasətini aparmağı bacarır. Ermənistan isə oyuncaq dövlətdir. 5-10 milyon pul qarşılığında tapşırılan istiqamətdə danışır. Əgər İsrail İran istiqamətində Azərbaycandan istədiklərini ala bilsəydi heç vaxt Ermənistanla əlaqələrə ehtiyacı qalmazdı.

Bütün bu prosesləri ümumiləşdirdikdə İsrailin Ermənistanla əlaqələrinin artması barədə və bu əlaqələrin İranın əleyhinə olması ilə bağlı deyilənlər düzdür. Lakin, İran bunu belə qəbul etməyəcək".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə