Məşhur Məmmədov: "Bu humanist addım cəmiyyətdə böyük rəğbətlə qarşılanıb" MÖVQE

Məşhur Məmmədov: "Bu humanist addım cəmiyyətdə böyük rəğbətlə qarşılanıb" MÖVQE

"Məlum olduğu kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan 176 məhkum əfv olunub. Bu humanist addım cəmiyyətdə böyük rəğbətlə qarşılanıb və xüsusilə vurğulanıb ki, yaşlı insanların qayğısına qalmaq, onların sağlamlıqlarının mühafizəsi ölkə rəhbərliyinin ən ümdə maraqlarından biridir". SİA-ya açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov bildirib ki, bundan öncə ölkədə karantin rejiminin elan olunmasını nəzərə alan məhkəmələr 200-dən çox məhkumu cəzalarının çəkilməmiş hissəsindən azad edib.

“Ölkə Prezidenti İlham Əliyev daha 176 məhbusu cəzalarının bir hissəsini çəkmələrini nəzərə alaraq, humanizm prinsiplərini rəhbər tutub, əfv edib. Mən Prezidentin bu humanist qərarını alqışlamaqla yanaşı, bunu çətin vəziyyətdə xalqımızın daha sıx birləşməsinə xidmət edəcək həmrəylik addımı kimi də qiymətləndirirəm. İnanmaq istəyirəm ki, həmin şəxslər bir daha qanunları pozub həbsxanaya geri qayıtmayacaq, cəmiyyətimizin inkişafına öz töhfələrini verəcəklər”, deyən Məşhur Məmmədov əlavə edib ki, dünyanı koronavirusun cənginə aldığı belə bir ərəfədə əfv fərmanının verilməsi bir çox ailələrə sevinc bəxş edib: “Ümumiyyətlə, cənab İlham Əliyevin cəmiyyətdən gələn səslərə bu dərəcədə həssas reaksiya verməsi həqiqətən vətəndaşlar tərəfindən böyük təqdirlə qarşılanır. Onu da qeyd edim ki, Cənab Prezident məhbusların bu durumunu, onların ailələrinin müraciətlərini, təcridxanada nizam-intizama əməl etmələrini nəzərə alaraq, belə bir qərar verdi. Məhbusların azadlığa çıxması onların gələcəkdə ictimai faydalı əməklə məşğul olmaları üçün də bir şansdır. Xüsusilə, Azərbaycan xalqı dövlətimizin başçısının həyata keçirdiyi siyasəti, o cümlədən humanist addımlarını birmənalı şəkildə dəstəkləyir, bundan sonra da dəstəkləyəcək”.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə