"Əfv Fərmanı humanizm prinsipinə ən gözəl töhfədir". ŞƏRH-ÖZƏL

"Heç şübhəsiz ki, cənab Prezident tərəfindən Əfv Sərəncamının imzalanmasının başlıca səbəbi koronavirus pandemiyasının qarşısının alınması xidmətləri çərçivəsində atılmış addımdır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması, habelə məhkumların yaşlarını, onların özlərinin və yaxın qohumlarının müraciətini nəzərə alaraq, eyni zamanda humanizm prinsiplərinə əsaslanaraq cənab Prezident tərəfindən əfv fərmanı imzalanıb: "Ölkə başçımız nəinki bu sınaq günlərində, hər zaman öz çıxışlarında yaşlılara hörmət, xüsusi diqqət yetirilməli olduğunu dəfələrlə dilə gətirmişdir. Pandemiya dövründə bu məsələyə daha həssas münasibət sərgiləyən ölkə başçısı yaşlı nəslin nümayəndələrini sözdə yox, əməldə qorumalı olduğumuzu xüsusilə vurğulamışdır. Cənab Prezident imzaladığı əfv sərəncamı ilə bir daha bu məsələnin vacibliyini ortaya qoydu".

Politoloq söyləyib ki, əfv kriteriyalarını dəyərləndirərkən prioritet məsələ əfvə düşənlərin yaşının nəzərə alınmasıdır: "Daha sonra məhkumların səhhəti, davranışları və çəkdikləri cəzanın müddətidir. Belə ki, sərəncam 176 nəfəri əhatə edir və onların hamısının yaşının 65-dən yuxarıdır. Diqqət çəkən məqamlardan biri ən yaşlı məhkumun 1940-ci il təvəllüdlü, yəni 80 yaşlı ahıl insanın olmasıdır. Bundan əlavə, onların içərisində ömürlük həbsə məhkum olunmmuş iki şəxs və müəyyən xroniki xəstəliklərin daşıyıcıları da vardır. Heç şübhəsiz ki, ən əsas faktor yaş amilidir ki, bu da koronavirusla mübarizə istiqamətində atılan addımların bir hissəsidir. Bu addım eyni zamanda infeksiyanın qarşısının alınmaı ilə əlaqədar həyata keçirilən ümumi siyasətin tərkib hissəsi kimi başa düşülməlidir".

Ş.Həsənova vurğulayıb ki, məhkumların əfv edilməsi Ümummilli Lider Heydər Əliyevin bizə miras qoyduğu hüquqi-humanist ənənələrin davamıdır: "Bu mirasın layiqli davamçıları olan Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse–prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu günə qədər qəbul edilmiş amnistiya aktları nəticəsində 40 mindən çox vətəndaşımız əfv edilmişdir. Cənab Prezidentin bu sınaq günlərində əfv sərəncamı imzalaması bir daha sübut etdi ki, məhkumlar da bu məsələdən kənar qalmadılar. Bu eyni zamanda humanizm prinsipinə ən gözəl töhfədir. İmzalanmış Əfv Sərəncamı bir daha nümayiş etdirdi ki, cənab Prezident kimliyindən asılı olmayaraq birmənalı şəkildə bütün ölkə vətəndaşlarını düşünür, onlara hər zaman qayğı göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə