Qadağalar sərt olarsa virusdan xilas olma şansımız yüksək olacaq ÖZƏL - AÇIQLAMA

"Əgər kimsə səbəb göstərmədən küçəyə çıxacaqsa, hamımız üçün keçərli olan qayda-qanunu pozacaqsa, heç şübhəsiz cəzalanmalıdır və cəzalanacaq da". Bu sözləri SİA-ya açıqlaması Milli Məclisin Regional məsələlər üzrə komitəsinin sədr müavini Elşən Musayev karantin rejiminin qaydalarını pozan şəxslərə qarşı cərimələrin tətbiq edilməsinin nəticələrindən danışarkən deyib.

Qadağalar nə qədər sərt olarsa pandemiyadan xilas olma şansımızın bir o qədər yüksək olduğunu bildirən Elşən Musayev əlavə edib ki, karantin qaydaları hər kəs üçün keçərlidir və bu qaydalara hamı tabe olmalıdır:

"Hətta bundan daha öncəki açıqlamalarımda belə fikir söyləmişdim ki, karantin qadağaları nə qədər sərt olsa bu bəladan xilas olma şansımız da bir o qədər çox olacaq. İndi də həmin fikirdəyəm. İnsanlar səbəbsiz yerə küçələrə çıxmamalıdırlar. O qədər insan müraciət edir, videolar paylaşılır, vəziyyətin ciddiliyi izah olunur, hansı səviyyədə ölkələr məlum pandemiyanın qarşısında aciz qalıb. Bütün bu baş verənlər məsuliyyətli olmaq üçün yetərli deyilmi? Axı virus bir tək özümüzü deyil, doğmalarımızı, ətrafımızı da məhv edə, çətin duruma sala bilər. Ona görə prosesə etinasız yanaşmaq qətiyyən yolverilməzdir".

Millət vəkili qaydalara riayət etməyən şəxslərin qanuni normalara müvafiq olaraq cəzalandırılmasının labüd saydığını vurğulayıb:

"Kimsə səbəb göstərmədən küçəyə çıxacaqsa, hamımız üçün keçərli olan qayda-qanunu pozacaqsa, heç şübhəsiz cəzalanmalıdır və cəzalanacaq da. Bu tədbirlərin nəticəsi heç şübhə etmirəm ki, yaxın zamanlarda öz bəhrəsini verəcək. İndiki məqamda alternativ yoxdur. Hər kəs həmrəylik göstərib dövlətə, hökümətə kömək etməlidir. Vətəndaş məsuliyyəti belə məqamlarda əsas prioritet kimi çıxış edir. Biz bu məsuliyyəti hamılıqla hiss və dərk etməliyik".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...