Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır Əli Əhmədov

“Koronavirus pandemiyasının bir sıra ölkələr üzrə statistikası insanı dəhşətə gətirir. Vəziyyət təsəvvür edildiyindən qat-qat ciddidir. Azərbaycan hökuməti virusa yoluxmaların qarşısının alınması və yoluxanların müalicəsi üçün Prezident İlham Əliyevin tapşırığı ilə və bilavasitə nəzarəti altında mümkün olan bütün qabaqlayıcı tədbirləri görür və bundan sonra da görəcək. Lakin təhlükəli virusun yayılmasının və böyük faciələrə gətirib çıxarmasının qarşısının alınmasında hamının və hər kəsin iştirakı həyati əhəmiyyət kəsb etməyə başlayıb”. SİA-nın verdiyi məlumata görə, bu sətirlər Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədovun rəsmi facebook səhifəsində yayımladığı “Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır” sərlövhəli məqaləsində yer alıb.

Əli Əhmədov daha sonra qeyd edib: “Acı reallıqlarla və tükürpədən faciələrlə üz-üzə qalmış ölkələrin təcrübəsi göstərir ki, ayrılıqda götürülmüş fərdin sağlamlığı hamının, bütün cəmiyyətin sağlamlığı dərəcəsinə yüksəlib. Hər kəsin şəxsi məsuliyyət dərəcəsi heç zaman olmadığı qədər əhəmiyyət və dəyər kəsb etməyə başlayıb. Amansız virusun törətdiyi insan faciələri qarşısında aciz qalan ölkələrin acı təcrübəsi hər birimizə ibrət dərsi olmalıdır. Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır. Söhbət nə qədər şəxsi sağlamlığından, yaxınların sağlamlığından gedirsə, o qədər də dövlət və milli maraqlardan gedir”.

Baş nazirin müavini Əli Əhmədov fikirlərini belə yekunlaşdırmışdır: “İndiki həssas anlarda şəxsi məsuliyyət, birlik və həmrəylik anlayışları mahiyyət etibarilə çox sadə düstura malikdir: evdə qal, özünü virusa yoluxdurma, ata-ananı, övladlarını və nəvələrini virusa yoluxdurub təhlükə altına atma. Bu sadə, lakin həyati məna daşıyan tələblərə biğanəlik göstərilməsi acı nəticələrə gətirən, bağışlanmaz səhv və günah olardı. Gəlin bağışlanmaz səhv etməyək, günaha batmayaq. Həm özümüzü və yaxınlarımızı, həm də xalqımızı dəhşətli faciələrdən birlikdə qoruyaq. Gəlin qarşıdakı üç həftədə “EVDƏ QAL” şüarını gələcəyimiz naminə həyat tərzimizə çevirək. Buna hər birimizin, bizim sevdiklərimizin və bizi sevənlərin çox, lap çox ehtiyacı var”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə