“Aprel döyüşləri Azərbaycanın gücünü bir daha ortaya qoydu” ÖZƏL-ŞƏRH

"Aprel döyüşləri Azərbaycanın dövlət kimi gücünü bir daha ortaya qoydu". Bu fikirləri SİA-ya Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, "Silahlı Qüvvələrə İctimai Nəzarət" İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Birlik sədrinin sözlərinə görə, ölkə hakimiyyətinin bütün sahələrdə həyata keçirdiyi islahatların nəticəsi olaraq Azərbaycan bu gün regionun lider dövləti statusunu daşıyır və gündən-günə öz qüdrətini artırır: "Aprel döyüşləri, eyni zamanda, xalqın həmrəyliyinin ən yüksək səviyyədə nümayişi ilə yaddaşlara həkk olundu. Döyüşlərin başlanmasından keçən qısa müddətdə, cəmi bir neçə saata on minlərlə vətəndaşımız işğal olunmuş torpaqların azad edilməsi uğrunda savaşa qoşulmaq üçün müvafiq qurumlara üz tutdular. Həmçinin xalqımız ordu, dövlət ilə həmrəyliyini göstərərək cəbhə bölgəsinə, şəhidlərin dəfn mərasimlərinə axışdı. Bu xalqın öz dövlətinə, ordusuna və ölkə rəhbərinə olan inamının, sədaqətinin göstərişi idi. Azərbaycan xalqı qəhrəman xalq olduğunu, çətin gündə vətəni uğrunda hər şeyə hazır olmaq cəsarətinə sahib olduğunu bir daha nümayiş etdirdi".

Aprel döyüşləri digər tərəfdən, Azərbaycanın ötən dövrdə uğurlu xarici siyasət yeritdiyini göstərdi. Döyüşlər zamanı beynəlxalq təşkilatlar, xarici ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıdıqları barədə bəyanatlar verdilər. Hətta Ermənistanın müttəfiqləri, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İttifaqındakı tərəfdaşları belə bu işğalçı dövləti dəstəkləməkdən imtina etdilər. Ermənistanla eyni hərbi-siyasi və iqtisadi blokda olan Qazaxıstan və Belarus açıq formada Azərbaycanı dəstəkləyərək ölkəmizin ərazi bütövlüyünü tanıdıqlarını bildirdilər. Bu isə erməni ictimaiyyətində ciddi suallar doğurdu. Bütün bunlar Azərbaycan rəhbərliyinin uğurlu xarici siyasətinin nəticəsi idi. Ermənistandan fərqli olaraq, Azərbaycan dünyanın bütün dövlətləri ilə dost və tərəfdaşlıq münasibətləri qurub, balanslaşdırılmış xarici siyasət həyata keçirərək xarici ölkələrlə qarşılıqlı faydalı tərəfdaşlıq edir. Bu siyasətin nəticəsidir ki, bu gün dünyada Azərbaycan sülhpərvər, tolerant ölkə kimi tanınır və hər cəhətdən böyük nüfuz qazanıb", - deyə E.Həsənli bildirib.

Ekspertin sözlərinə görə, respublikamızın müvafiq dövlət qurumları, ölkə ictimaiyyəti aprel döyüşləri zamanı ən yüksək səviyyədə peşəkarlıq və həmrəylik nümayiş etdirib. Şəhidlərimiz yüksək ehtiramla sən mənzilə yola salındı. Qeyd edək ki, çoxsaylı itkilərini cəmiyyətdən gizlədən Ermənistan hakimiyyətinin bu addımı bu ölkədə böyük ajiotaja səbəb oldu. Ermənistan rəhbərliyi cəbhədəki ağır itkilərin sayını və cəsədləri gizlətməklə öz vətəndaşına və hərbçisinə zərrə qədər də hörmət etmədiyini göstərdi. Azərbaycanda isə şəhidlərin dəfnində əsl izdiham yaşandı, xalqımız şəhidlərimizin ruhuna ən yüksək hörmət və ehtiram nümayiş etdirdi. Azərbaycan dövlətinin və xalqının qəhrəman şəhidlərini belə dəfn etməsi, təntənəli mərasimlərin təşkili düşmən ölkəyə ikinci şoku yaşatmışdı. Erməni cəmiyyəti bir daha gördü ki, Azərbaycan xalqı Vətən torpağı uğrunda şəhid verməyi ölümsüzlük, qəhrəmanlıq hesab edir. Döyüşlərdən sonra bütün ölkə ictimaiyyəti və dövlət strukturlarının nümayəndələri cəbhə bölgəsinə və şəhid ailələrinə baş çəkməyi, onların problemlərini həll etməyi özləri üçün əsas vəzifə hesab edirlər. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti sayəsində şəhidlərin dəfn mərasimləri ən yüksək səviyyədə həyata keçirildi. Həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyeva şəhid ailələrinin üzvləri ilə görüşərək problemləri ilə maraqlandı, onların dövlətin diqqət mərkəzində olduqlarını diqqətə çatdırdı. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Xidmətin yüksək rütbəli zabitlərindən və hərbi vətənpərvərlik təbliğatı və veteranlarla iş sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət qruplar şəhidlərin dəfn mərasimlərinə qatıldılar.

"Aprel döyüşləri Azərbaycan dövlətinin, xalqının tarixi torpağımız olan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi üçün hər cür fədakarlığa hazır olduğunu yenidən sübut etdi. İnanırıq ki, işğal altındakı torpaqlarımız tezliklə azad ediləcək, üçrəngli bayrağımız Xankəndidə, Şuşada, digər şəhər və rayonlarımızda dalğalanacaq", - deyə E.Həsənli qeyd edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə