"Qanunlara və qərarlara ciddi əməl edilməlidir" ÖZƏL-MÜNASİBƏT

“Koronovirus (COVİD-19) infeksiyası ilə bağlı Azərbaycan dövləti tərəfindən nə tədbirlər görülürsə, nə qərarlar qəbul olunursa, bunlar hamısı Azərbaycan vətəndaşlarının virusa yolxumaması üçün, ölməməsi və həyatda qalması üçün edilir. Bütün bu tədbirlərin hamısında bir məqsəd var ki, Azərbaycan bir dövlət olaraq millətimizi, vətəndaşlarımızı qorusun və biz bu bəladan kifayət qədər az itkilərlə qurtula bilək. Bunu hər bir vətəndaş dərk etməlidir və başa düşməlidir". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.

Deputatın sözlərinə görə, ölkə başçısı cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti nümunə göstərir: "Bütün vəzifəli adamlar, ziyalılar, tanınmışlar hamısı nümunə göstərir. Onlardan nümunə götürmək lazımdır. Ən böyük ibrəti dünyada bu virusla bağlı baş verən hadisələrdən götürmək lazımdır. Dünyaya ağalıq etmək iddiasında olan supergüclərin bu gün düşdüyü vəziyyətə baxın. İnsanlarımız bu gün ABŞ-dakı, Avropa qitəsindəki vəziyyətə baxsınlar və nəticə çıxarsınlar ki, laqeyidlik, məsuliyyətsizlik və s. nələrə gətirib çıxara bilər. Yəni kim yaşamaq istəyirsə, kim bu bəladan xilas olmaq istəyirsə o, dövlətimizin qəbul etdiyi qərarlara ciddi əməl etməlidir. Bütün qəbul olunan qərarların, qadağaların bir məqsədi var o da insanlarımızın bu bəlaya düçar olmamasıdır. Biz bunu dərk etməliyik, başa düşməliyik və öz töhvəmizi verməliyik. Biz öz töhvəmizi verməklə sağ qalırıq. Töhvəmiz nədən ibarətdir. Qanunlara və qərarlara ciddi əməl etməkdir. Biz bir şeyi başa düşməliyik ki, başda cənab Prezidentimiz olmaqla dövlətimiz bütün görülən tədbiri vətəndaşlarımız üçün görür”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə