Hüseynqulu Bağırov: “Tullantıları əridib yenidən kökü qapalı ağac yetişdirmək üçün qablar formalaşdıracağıq”

Hüseynqulu Bağırov: “Tullantıları əridib yenidən kökü qapalı ağac yetişdirmək üçün qablar formalaşdıracağıq”
Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Azərkimya" İstehsalat Birliyinin istehsal etdiyi polietilen torbalara qatqı əlavə etməsi təklifi ilə bağlı Nazirlər Kabinetinə müraciət edib. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib. O bildirib ki, həmin qatqı sellofanın təbiətdə qısa müddətdə dağılmasına səbəb olur. Bu məsələyə hazırda baxıldığını deyən nazir vurğulayıb ki, "Azərkimya"nın iqtisadi durumu çox yaxşı deyil, ona görə də əlavə vəsait tələb edən işlərə getmək istəmirlər.

"Belə hallarda nazirliklər arasında danışıqlar gedir və razılaşma əldə olunmalıdır. Hamı tərəfindən dəstəklənən layihə üzərində dayanılır. Bu isə çox vaxt tələb edir. Prinsip etibarı ilə bunun ikinci bir çıxış yolu var. İnsanların özü bunun həll edə bilər. Almaniyada təkrar istehsal sellofan üçün mümkündür. Çünki ayrıca yığıldığından onu çeşidləməyə vəsait xərclənmir və şirkətlərə də sərf edir ki, onu toplayıb təkrar xammal kimi istifadə etsinlər. Əgər biz sellofan, kağız və ya başqa bioloji qalıqları ayrı yığsaq, onlardan gübrə istehsal etmək olar. İndiki şəraitdə sellofanı təkrar istehsala buraxmaq çox kiçik həcmlərdə baş verir. Bizim planımız var ki, tullantıları bacardığımız qədər özümüz yığaq. Bunları əridib yenidən kökü qapalı ağac yetişdirmək üçün qablar formalaşdıracağıq. İstəyirik ki, hər il milyona qədər ağac əkilmək üçün kökündən çıxarılıb gətirilməsin. Toxum həmin qabda salınsın, orada yetişdirilsin və sonra torpaq qarışıq torpağa keçirilsin", - deyə o əlavə edib.

Nazir H.Bağırov nazirliyin balansında olan torpaqların bələdiyyələr tərəfindən satılması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, son yoxlamalar zamanı bələdiyyələr tərəfindən İsmayılı, Şamaxı, Quba, Qusarda ETSN-nın torpaqlarının satılması ilə bağlı faktlar aşkarlanıb: "Qusarda təxminən 14 hektara qədər torpaq sahəsi 20-dək insana bələdiyyə torpağı kimi verilib. Amma xəritələrdə göstərib ki, həmin sahələr meşə fondu torpaqlarıdır. Burada diskusiyalar gedir. Onlar sübut etməyə çalışırlar ki, bizim xəritəmiz dəqiq deyil. Amma biz öz mövqeyimizin düzgün olmasına inanırıq. Ona görə də sənədlərimizi hüquq-mühafizə orqanlarına vermişik".

Bundan əlavə, nazir vurğulayıb ki, son zamanlar torpaqda baş verən qırılmalar nəzarət altındadır. Bunun çox qlobal proseslər olduğunu deyən H.Bağırov qeyd edib ki, bu proses geoloqların nəzarəti altındadır.

"Hazırda bu prosesdə sabitləşmə var. Amma ki, biz bilmirik bundan sonra nə olacaq. Buna görə də müşahidələr davam edir. Mən düşünmürəm ki, bu qısa müddətli prosesdir. Amma hər halda hansısa qlobal geoloji prosesləri əks etdirir", - deyə nazır söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə