Koronavirusun elmi araşdırmaları niyə nəticə vermir? ŞƏRH-ÖZƏL

"Ümumiyyətlə viruslar çox uzun müddət qala bilmir. Çünki, onlar havanın müvafiq temperaturundan asılı olaraq məhv olur, fiziki təsirlə yox ola bilirlər. Məhz buna görə də bu gün koronavirusa qarşı mübarizə aparmaq hanısa formada çətinlik törədir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputatı İlham Məmmədov deyib.

O bildirib ki, koronavirusla bağlı bütün dünyada elmi araşdırmalar aparılmağına baxmayaraq müsbət nəticələrin əldə edilməməsi virusun malekulyar quruluşu ilə bağlıdır: "Yəqin ki, virus elə bir formadadır ki, hazırda onunla mübarizə aparmaq çətinlik yaradır. Əsrlər boyu viruslar pandemiya formasında bəşəriyyətə zərər vurublar. Bunan əvvəl İspan qripi, Sars, Mers kimi müxtəlif pandemiyalar olub. Bu virusların öyrənilməsi, vaksinin yaradılması hər zaman elmin diqqət mərkəzində olub".

Azərbaycanın Birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva koronavirusla bağlı xalqa müraciətini xatırladan deputat söyləyib ki, müraciətdə də qeyd olunduğu kimi, biz bir il bundan əvvəl sadəlövhcəsinə elə hesab edirdik ki, XXI əsrdə elmi texnikanın, təbabətin sürətli inkişafı dövründə bu kimi pandemiyalardan insan ölümü keçmişdə qalan məsələdir: "Amma sən demə reallıq fərqlidir. Bu qədər tədqiqat işlərinin aparılmasına baxmayaraq koronavirusa qarşı hələ də mübarizə üsulu demək olar ki tapılmayıb".

Komitə üzvü qeyd edib ki, ümumiyyətlə mikroblara qarşı müxtəlif antibiotiklərdən istifadə olunur, lakin viruslara qarşı konkret müalicə üsulu yoxdur: "Çünki viruslar tez-tez ştamlarını dəyişir. Bu gün biz virusdaan mübarizə üçün hər hansı vaksin tapa bilərik. Lakin növbəti mövsümə qədər virus ştamını dəyişdiyi üçün onun tamamilə aradan qaldırılması üçün uzun müddət lazım olur. Ölkəmizdə virusların ştamlarının tapılması, bu istiqamətdə elmi araşdırmaların aparılması üçün Mikrobiologiya İnstitutu fəaliyyət göstərir. Ancaq hesab edirəm ki, bundan sonra bu sahədə Azərbaycanda fəaliyyət daha da güclü olmalı, mikrobioloji araşdırmaların aparılması yeni müstəviydə meydana gəlməlidir. Bu proses başa çatdıqdan sonra biz "Sanitar, epidemioloji, salamatlıq haqqında" Azərbaycan Respublikasının qanununa yenidən baxmalı, qanuna yenidən əlavə və dəyişikliklər edilməlidir. Ölkənin sanitar epidemioloji vəəziyyətinin öyrənilməsi və onun tətbiq olunması üçün gələcəkdə maliyyə vəsaiti lazım olacaq".

İ. Məmmədov vurğulayıb ki, koronavirusun elmi tərəfdən öyrənilməsi, araşdırılması bütün dünyada çətinlik yaradır: "Lakin məsələyə optimist yanaşaraq ümid edirik ki, dünya tezliklə bu bəladan canını qurtaracaq, bundan sonra bu sahənin öyrənilməsini xüsusi nəzarətdə saxlayacaq. Təbii ki bunun üçün də maliyyə vəsaitləri tələb olunacaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə