Niyə və nə üşün..? ANALİTİK + AKTUAL

Yaxud, məsuliyyət məsuliyyətsizliyə qalib gəlməlidir!

Artıq bir neçə aydır ki, dünyada cərəyan edən COVID-19 adlandırılan ölümcül virus bəşər övladına kifayət qədər ciddi təhlükələr yağdırmaqdadır. Biz hələ ötən ilin sonlarında - virusun yayılma ocağı sayılan Çində baş verənləri təlaşla izləyərək, onun nə qədər təhlükəli olduğunu deyir, müxtəlif versiyalar səsləndirirdik. Hətta çinlilərin ənənəvi qida rasionlarını da ortaya ataraq, koronavirusun əmələgəlmə səbəbini bilavasitə bu faktorda arayıb-axtarırdıq. Lakin düşünmək istəmirdik ki, Çindən start götürən virus qısa zamanda yer üzünün bütün qitələrinə yayılıb, insanları təhdidi altında saxlayacaq. Bu, baş verdi və...

Məhz Çində bu məhdudiyyətlərin tətbiqi artan rəqəmlərin azalmasına səbəb oldu...

Və artıq dünyada bu yoluxucu xəstəlikdən minlərlə həyatını itirənlər, yüz minlərlə virus daşıyıcıları mövcuddur. Çinin Uhan əyalətində və ətraflarda başlatdığı xüsusi karantin, insanların həyatlarının qorunması üçün görülən tədbirlər, kütləvi dezinfeksiya işləri uzun müddət sürdü, hətta buna baxmayaraq, çoxsaylı tələfatlar davam etdi, ancaq sonda bu saylar azalmağa, rəqəmlər kiçilməyə başladı. Bəs belə bir nəticənin əldə edilməsində daha hansı amilləri axtara bilərik? Sözsüz ki, burada xüsusi karantin rejimində daha çox təkid edilən evdə qalmaq, tez-tez dezinfeksiya tədbirlərinə riayət etmək, insanlarla sıx təmasdan yayınmaq və s. kimi tələblər mövcuddur və bu tələblərin icra olunması özəl məsuliyyətdən qaynaqlanmalıdır. İnsanlar məhdudiyyətlərə əməl etməklə, öz ailələrini, ətraflarını da koronavirusa yoluxmaq təhlükəsindən qoruya bilərlər. Məhz Çində bu məhdudiyyətlərin tətbiqi artan rəqəmlərin azalmasına səbəb oldu...

Pandemiyanın epidemioloji vüsəti necə deyərlər, öz işindədir

Ancaq virus Avropa ölkələrinə və bütövlükdə dünyaya yayılandan sonra insanların əksər çoxluğu təəssüf ki, həmin adi tələblərə riayət etmək istəmədilər. Biz bu gün İtaliyada, İspaniyada, Almaniyada, Niderlandda, İsveçdə, Fransada, Böyük Britaniyada və başqa ölkələrdə kütləvi yoluxma və ölüm hadisələrinin şahidlərinə çevrilməkdəyik. Dövlətlər öz üzərlərinə düşən vəzifələri icra edir – sərhədlər bağlanır, gömrük məntəqələrində çox ciddi tədbirlər həyata keçirilir, kütləvi toplantı yerləri fəaliyyətlərini dayandırır və s. Amma insanlar hələ də üzərlərinə düşən öhdəliyi ya anlamır, ya da “məndən yan keçəcək” tipli utopiya ilə hadisələrə barmaqrarası baxırlar. Nə səhiyyənin tələb etdiyi qaydalara əməl olunur, nə də ətrafdakı insanların taleləri kimsəni maraqlandırmır! Bu təəssüfedici reallıq isə gündə dünya üzrə minlərlə insanları ölümün ağuşuna doğru sürükləyir. Pandemiyanın epidemioloji vüsəti necə deyərlər, öz işindədir.

Nəticələr göz önündədir və gizlətməyə də ehtiyac yoxdur...

Əfsuslar olsun ki, bu gün virusla mübarizədə əsas güc mənbəyi olan tibb işçiləri belə həyatlarını itirirlər. Ümumiyyətlə, arzuolunmaz hadisələrin hər birinin kökündə dayanan üzücü gerçəklik insanların məsuliyyətsizliyi və təhlükənin reallığıdır. Daha dəqiq desək, insanlar təhlükənin real olduğunu başa düşmür və məsuliyyətsiz davranmağa davam edəcəkləri təqdirdə hansı acınacaqlı nəticələrlə rastlaşa biləcəklərini təsəvvür etmək istəmirlər. Halbuki, nəticələr göz önündədir və gizlətməyə də ehtiyac yoxdur...

Fəqət, elə kateqoriyalı insanlar da var ki, onların bəziləri infeksiyanın olmadığı iddia edir və ya deyilənlərin obyektivliyini şübhə altına almağa çalışırlar. Əslində, belə bir mövqenin sərgilənməsi cinayətdir və məsuliyyətsizlik cinayəti olmaqla yanaşı, həm də başqa insanların həyatları ilə oyun oynamaqdır. Bu günlərdə İtaliyanın ictimai xadimlərinin videorolikinə yəqin ki, çoxları baxıb. Onlar qəzəbli şəkildə insanları qınayır, hətta küçələrdə piknik edənləri evlərinə qovur, onları zorla qapalı məkanlara getməyə məcbur edirlər. Təbii ki, adi vaxtlarda belə bir addımların atılması doğru olmazdı, ancaq görün vəziyyət nə qədər çərçivədən çıxıb və məsuliyyətsizlik necə yayılıb ki, rəsmi şəxslərin mövcud addım atmaqdan başqa çıxış yolları da qalmayıb.

Amma bütün bunları qulaq ardına vururlar!

Bir daha təəssüflə etiraf etməliyik ki, bənzər məsələlər bizdə də yaşanır - məktəblərin bağlanmasını bayram kimi qəbil edib uşaqları ilə qonaq gedənlər kim, küçələrdə kütlə şəklində gəzənlər kim, yaxına-uzağa səfərlər edənlər kim... Belə məsuliyyətsizliyə yol verən fərdlər başa düşmək istəmirlər ki, ilk növbədə ən qiymətli varlıqların - uşaqların həyatı ilə oynayırlar, eləcə də, yaşamaq haqqı olan başqa insanları da böyük təhlükə qarşısında qoyurlar, halbuki özləri də mətbuatda, TV-lərdə günün əsas xəbərləri olan koronavirusla bağlı ayrı-ayrı ölkələrdə vəziyyəti görür, hər gün yüzlərlə insanın həyatını itirdiyi barədə məlumatları dinləyirlər. Amma bütün bunları qulaq ardına vururlar!

Ailələrin, körpə uşaqların, qohum və tanışların həyatlarını riskə atmamaq üçün - evdə qal!

Bu gün Azərbaycan dövləti və rəhbərliyi maksimum gücünü ortaya qoymaqla, bütün müvafiq öncləyici tədbirləri görür, virusun yayılmasının qarşısının alınması üçün ən vacib qərarları verir. Artıq bir neçə gündür ki, ölkə ərazisində xüsusi karantin rejiminə keçilib və burada ən ali məqsəd, vətəndaşları qorumaqdır. Ancaq vətəndaşlar da başa düşməlidirlər ki, dövlət nə qədər çox iş görsə də, öz vətəndaşını qorumağa çalışsa da, vətəndaş özü özünü qorumasa, məsuliyyətli olmasa, deyilənləri ciddi qəbul edib çağırışlara, qaydalara riayət etməsə, hər gün özünü, ailəsini, uşaqlarını, qonşularını və ümumiyyətlə cəmiyyəti ciddi təhlükə qarşısında qoymuş olacaq. Yəni bu gün ən vacib olan, yoluxmamağa zəmanət verən və xəstəliyin acı nəticələrindən müdafiə edən yeganə vasitə evdə oturmaq, infeksiyaya yoluxmamaq və digərlərini yoluxdurmanaqdır. Əbəs deyil ki, artıq bütün dünyada, o cümlədən ölkəmizdə #evdəqal həştəqi ilə geniş miqyaslı kampaniya aparılır. Qalır sadəcə, bu tələbə riayət etmək – ailələrin, körpə uşaqların, qohum və tanışların həyatlarını riskə atmamaq üçün. Bir sözlə, məsuliyyət məsuliyyətsizliyə qalib gəlməlidir!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə