“Bu tədbirlər vətəndaşlarımızın təhlükəsizliyi, sağlamlığı üçün çox vacibdir” – ƏLİABBAS SALAHZADƏ

“Bu tədbirlər vətəndaşlarımızın təhlükəsizliyi, sağlamlığı üçün çox vacibdir” – ƏLİABBAS SALAHZADƏ

“Dünyada və Azərbaycanda pandemiyaya çevrilən koronavirus infeksiyasına qarşı sürəkli mübarizə aparılır və bu amil bilavasitə bəşəriyyətin xilasına yönəlmiş mühüm addımdır”. Bu fikirləri SİA-ya millət vəkili Əliabbas Salahzadə mövzu ilə bağlı fikirlərini açıqlayarkən bildirib.

Onun sözlərinə görə, qlobal məsələyə çevrilən COVİD-19 virusuna qarşı mübarizənin əsas faktorlarından biri də insanların öz üzərlərində məsuliyyət hiss etmələri vacibliyidir: “Xüsusilə, biz - parlamentin deputatları istər seçicilərimizlə, istərsə də bütün vətəndaşlara infeksiyadan qorunmanın yollarını təbliğ etməliyik. Çünki məsuliyyətli davranmaq digər insanların da bu təhlükədən yayınmasına xidmət edir”.

“Bildiyimiz kimi, bu virus heç bir sərhəd tanımır. Ümumdünya Səhiyyə Təşkilatı başda olmaqla, dünya bu virusa qarşı mübarizə aparır və təəssüf ki, koronavirusa qarşı vaksinasiya tapılmayıb”, deyən millət vəkili bildirib ki, hətta dünyanın ən inkişaf etmiş ölkələri də koronavirusun yayılmasına qarşı sərhədləri bağlayır, uçuşları təxirə salır, müxtəlif məhdudiyyət tədbirlərini həyata keçirirlər: “Yəni ölkələr maksimum vətəndaşlarının bu virusa az yoluxmasına çalışırlar. Eyni zamanda, daha tez qabaqlayıcı tədbirlər görən ölkələrdə virusa yoluxma halları daha az aşkar edilir. Xatırlatmaq yerinə düşərdi ki, cənab Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan hökuməti də koronavirusa qarşı mübarizə istiqamətində daha tez qabaqlayıcı tədbirlər həyata keçirib. Nazirlər Kabinetinin nəzdində Operativ Qərargah yaradılıb, insanlar operativ məlumatlandırılır, intensiv maarifləndirmə işləri aparılır”.

Əliabbas Salahzadə beynəlxalq aləmdəki statistik rəqəmləri də müqayisə edərək bildirib ki, əslində Azərbaycanda aparılan müvafiq tədbirlər ölkəmizdə yoluxma sayının digər ölkələrdən az olduğunu göstərir: “Dünya ölkələri üzrə statistik rəqəmlərə, hətta ən inkişaf etmiş ölkələrə baxsaq, görürük ki, Azərbaycan dövləti daha ciddi, daha operativ və təxirəsalınmaz tədbirlər həyata keçirib. Artıq bir neçə ölkə ilə yerüstü və hava nəqliyyatı əlaqələri məhdudlaşdırılıb, lazımi, tələb edilən tədbirlər həyata keçirilir”.

Deputat həmçinin bildirib ki, insanlar də təşvişə düşməməlidir. Belə ki, bəzi şəxslərin ölkəmizdə ərzaq qıtlığının yaranacağı ilə bağlı iddialarının da tam əsassız və məntiqsizdir: “Bu gün Azərbaycanda istənilən marketdə ərzaq qıtlığı yoxdur. Azərbaycanda kifayət qədər ərzaq ehtiyatları var və bunun üçün lazımi addımlar atılıb və hökumət də bu barədə məlumatlarını ictimaiyyətin, xalqın diqqətinə çatdırıb”.

Əliabbas Salahzadə hesab edir ki, məsuliyyətin tərkib hissələrindən biri də insanların maksimum evdə qalmaları və dezinfeksiya işlərini aparmasıdır: “Digər tərəfdən, ictimai nəqliyyatda xəstəliyin yayılma imkanlarının geniş olduğunu nəzərə alaraq, insanlar qoruyucu vasitələrdən daha ciddi istifadə etməli və öz təhlükəsizlik məsələlərinə daha diqqətlə yanaşmalıdırlar”.

“Xarici ölkələrdə yaşayan soydaşlarımız da ölkəmizə qayıdanda mütləq karantində yerləşdirilməlidirlər və bu istiqamətdə müvafiq addımlar atılır”, deyən parlamentin deputatı əlavə edib ki, artıq bu istiqamətdə də - karantin üçün münasib yerlər ayrılıb: “Qeyd edim ki, karantin müddətini başa vuraraq evə buraxılan kifayət qədər vətəndaşlarımız da var. Ümumiyyətlə, mən də belə hesab edirəm ki, xarici ölkələrdən gələn soydaşlarımız məhz karantin müddətini keçəndən sonra ailəsinə qayıtmalıdır. Bu tədbirlər bütövlükdə vətəndaşlarımızın təhlükəsizliyi, sağlamlığı üçün çox vacib amillərdəndir”.

“Artıq Milli Məclisin iclasında da bu məsələ müzakirə olundu və düşünürəm ki, heç bir ölkə bu xəstəlikdən sığortalanmayıb”, deyən millət vəkili sonda qeyd edib ki, ona görə də digər ölkələrdə olduğu kimi, Azərbaycanda da daha sərt tədbirlər tətbiq oluna bilər, ictimaiyyət isə əlbəttə ki, buna mütləq mənada hazır olmalıdır.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə