Ölkədə növbəti parlament seçkilərinin başa çatmasının üzərindən bir aydan artıq vaxt keçməsinə rəğmən, özlərini “ənənəvi düşərgənin lider” təşkilatı adlandıran “Milli Şura” üzvləri hələ də seçkilər zamanı “boykot taktikasının” guya ki, yararlılığı barədə həmdən-həmə, dəmdən-dəmə cəhdlər edirlər. Hətta bu mövzunu trolları vasitəsi ilə gündəmdə saxlamaqla, seçkilərdə iştirak edən digər müxalifət partiyalarını hədəfə alır, onları müxalifətçiliyə xəyanətdə ittiham edirlər. Əslində, sözügedən metod daha öncə “REAL” partiyasına tətbiq olunsa da, qarşı tərəf başda AXCP sədri Əli Kərimli olmaqla onların cavablarını sərt şəkildə vermişdilər. Məsələn, “Milli Şura”nın koordinasiya şurasının üzvü Eldəniz Quliyev “realçıları” təhqir etsə də, N.Cəfərli ona işarə vurmuşdu ki, o Ə.Kərimlinin “fas” deyən “itidir”, kimin üzərinə qısqırdırsa, onlara da hücum edir...
Səxavət Soltanlı: “Xalq bizi eşitdi, seçkiyə getmədi” demək trolluğun növbəti mərhələsidir”
Beləliklə, “REAL”dan bir şeyin çıxmadığını görən “Milli Şura” və cəbhəçilər son anda əzəli və əbədi düşmənləri olan müsavatçıları da xtırlayıblar. Trolların cavablarına uyğun cavab verən Müsavat partiyasının başqan müavini Səxavət Soltanlı “Facebook” vasitəsi ilə bu dəfə koorninasiya şurasının digər üzvü Gülktəkin Hacıbəylinə sərt cavab verib. Xatırladaq ki, G.Hacibəyli “Xalq bizi (“Milli Şura”nı-R.R.) eşitdi seçkilərə getmədi” atmacasıı atmışdı. Beləliklə, müsavatçı funksioner cavab verib ki, seçki dövründə “evlərində oturub” seçkidən sonra “xalq bizi eşitdi, seçkiyə getmədi” demək trolluğun növbəti mərhələsidir”.
S.Soltanlı AXCP-yə və Əli Kərimliyə də söz atmağı unutmayıb və deyib ki, siyasi təşkilat, siyasi lider laqeyd çoxluğun dalıyca sürünərək deyil, çoxluğu arxasıyca aparmağa çalışarkən faydalı olur.
Mustafa Hacıbəyli: “Mədhiyyə deyib imtiyaz və mandat sahibi olanlar indi bizə "prinsipiallıq" dərsi keçirlər”
Məsələyə yalnız S.Soltanlı deyil, eyni zamanda partiyanın mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli də qoşulub və yazıb ki, son seçkidə 19 partiya iştirak edib, amma Azərbaycanda 50-dən çox partiya var. AXCP olsa-olsa seçkidə iştirak etməyən 30-dan çox partiyadan biridir. Bu sırada KXCP, AXP və Haqq-ədalət partiyalararı da var: “Ömründə bir dəfə meydanda görmədiyimiz, heç vaxt həbs olunmayan, heç vaxt hakimiyyətlə bir problemi olmayanlar, bəzən ona mədhiyyə deyib imtiyaz və mandat sahibi olanlar indi bizə "prinsipiallıq" dərsi keçirlər”.
Lakin maraqlı məqamlardan biri də budur ki, sanki Ə.Kərimli müxalifətdəki digər siyasi opponentlərinə qarşı ittihamlar yağdırmaqdan həzz almaqla yanaşı, düşünür ki, belə bir addımları ilə onları siyasi düşərgədən kənarlaşdıracaq. Ancaq onun bu ehtimalı göründüyü kimi, istədiyi nəticəni vermir, əksinə, AXCP sədri daha sərt cavablar almaqla özünü çətin vəziyyətə salmış olur.
Başqa tərəfdən, daha bir fakt budur ki, ənənəvi düşərgə adlandırılan müxalifət cinahında bundan sonra da qarşıdurmalar, ittihamlar ardıcıl şəkil alacaq. Daha dəqiq desək, bu ittihamlar onsuz da heç bir uğur qazana bilməyən düşərgənin məğlub durumda olduğunun göstəricisidir. Sadəcə, həm ittihamlar, həm də ittihamlara məruz qalanlar bunu nədənsə dərk edə bilmirlər.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB