Bu Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında partiyaya üzv olmaq üçün müraciət edən gənclərlə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə iştirak edən YAP icra katibi Əli Əhmədov partiya sıralarında çoxlu sayda gəncin toplandığını bildirib. Partiya sıralarındakı 530 mindən artıq insanın 40 faizinin gənclər olduğunu qeyd edən Ə.Əhmədov bildirib ki, təkcə 2010-cu ildə YAP-ın sıralarına daxil olan 30 minə yaxın insanın 52 faizi gənclərdir.
Bu gün taleyini YAP ilə bağlamaq istəyən çoxlu sayda gəncin olduğunu dilə gətirən Ə.Əhmədov bunun təsadüfi olmadığını dilə gətirib: "Azərbaycan gəncliyi özünün maraqlarını ifadə etmək imkanlarını Yeni Azərbaycan Partiyasında görür. Azərbaycan gəncləri xəyallarının reallaşacağı bir yer varsa, onun Yeni Azərbaycan Partiyası olduğunu aydın şəkildə dərk edirlər. Dərk edirlər ki, məhz bu iqtidar onlara xəyallarının gerçəkləşməsi üçün lazım olan bütün imkanları yaradıb. Gənclər öz taleyini Yeni Azərbaycan Partiyası ilə bağlamaqla prezident İlham Əliyevin apardığı siyasətin reallaşmasına öz töhfələrini vermək niyyətini açıq şəkildə ortaya qoyurlar. Sevindirici haldır ki, gənclər düşünülmüş şəkildə, qətiyyətlə öz talelərini Yeni Azərbaycan Partiyası ilə bağlamağa qərar veriblər".
YAP-a üzv olmaq üçün 200-dən artıq gəncin partiyanın Nərimanov rayon təşkilatına müraciət etdiyini və onların partiyaya qəbulu ilə bağlı qərar qəbul etdiyini qeyd edən Ə.Əhmədov bundan daha çox gəncin müraciət etdiyini bildirib. YAP icra katibi 2004-cü ilin bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilən şəxslərin yalnız 2 faizinin gənclər olduğunu deyib və söyləyib ki, bu rəqəm 2009-cu ildəki seçkilərdə 27 faiz təşkil edib.
Daha sonra YAP-a yeni qəbul olunan bir neçə nəfərə üzvlük vəsiqəsi təqdim olunub. Üzvlük vəsiqələri alan gənclər məsuliyyəti yaxşı anladıqlarını və Azərbaycanın inkişafı üçün əlindən gələnini edəcəklərini vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB