“Bu yol xəyanət yoludur, bu yola gedən xalq, dövlət qarşısında xəyanət edəcək”
Azərbaycanda çoxşaxəli islahatların reallaşdırılması fonunda siyasi islahatların da həyata keçirilməsi faktı ilk növbədə Milli Məclisin yeni tərkibində göstərdi. Belə ki, parlmentin VI çağırışının ilk toplantısında çıxış edən Prezident İlham Əliyev digər sahələrdə gerçəkləşdirilən islahatlarla yanaşı, eyni zamanda siyasi islahatlar barədə də söz açıb, bir sıra mühüm məqamlara toxunub, xüsusilə dialoq mühiti ətrafında düşüncələrini bölüşüb.
“Ölkəmizdə ictimai-siyasi sabitliyə təhlükə törədə biləcək heç bir amil mövcud deyil”
Məsələ həm də ondadır ki, bir sıra gənclər siyasi-ictimai proseslərə dərindən varmadan, nəticələri proqnozlaşdırmadan özlərini “müxalifət partiyasının liderləri” adlandıran, lakin bu statusdan sui-istifadə edərək, şəxsi mənfəətlərini güdən, habelə siyasətlə deyil, bilavasitə qaragüruhçuluq və radikalçılıqla məşğul olan, çirkin əməllərinin müqabilində xarici təşkilatlardan maliyyələr uman fərdlərin yanında tapırlar. Ümumiyyətlə, həyatlarını təhsilə, elmə, müasir inkişafa və əsasən də dövlətçiliyə xidmət yönündə qurmaları yerinə bu cür lüzumsuzluqlara xərcləyən bəzi gənclərə xitab edən dövlətimizin başçısı bildirib ki, onlar milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər, xüsusilə indiki internet dövründəki istənilən yalan tezliklə yayılır və sonra elə bil həqiqət kimi təqdim olunur. “Bu da bizə qarşı aparılan qeyri-təmiz siyasətin bir hissəsidir. Çünki sirr deyil ki, Azərbaycanda hazırda ictimai-siyasi vəziyyət çox sabitdir. Ölkəmizdə ictimai-siyasi sabitliyə təhlükə törədə biləcək heç bir amil mövcud deyil”, ölkə başısı vurğulayıb.
“Yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır”
O da əbəs deyil ki, Prezident İlham Əliyev radikalçılıq və dağıdıcılıq priinsipləri üzərində Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərən siyasi qurumların dalana dirənməsi faktını da önə sürüb. Belə ki, artıq həmin qurumların və “liderlərinin” demək olar ki, bütün şansları sıfıra bərabərdir, eyni zamanda pənah umduqları xarici təşkilatlar da onları saymır, hətta rədd edir. Nəticədə qaragüruhçu qruplar yeni beşinci kolon yaratmaq üçün dəridən-qabıqdan çıxırlar. Onların bu var-gəlləri də əlbəttə ki, boşa çıxır. Çünki Azərbaycan xalqı belə ünsürləri ümumiyyətlə qəbul etmir. SİTAT: “Ona görə bu amilləri anti-Azərbaycan qüvvələr ölkəmizin xaricində yaratmaq istəyirlər. Burada özünü müxalifət adlandıran və tamamilə rüsvayçı halda guya fəaliyyətini davam etdirən qruplaşmadan artıq onların əli üzülüb, onlara heç inam da qalmayıb. Ona görə yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır. Çünki indiki beşinci kolon öz sahiblərinin etimadını doğrultmur. Azərbaycanda çevriliş edə bilməyib, dırnaqarası inqilab edə bilməyib, xalqın dəstəyini qazana bilməyib, sadəcə, onlara müntəzəm olaraq verilən pulları mənimsəyib və beləliklə, öz havadarlarını pis günə qoyubdur. Odur ki, yeni beşinci kolon axtarışı gedir. Mən bütün siyasi qüvvələri bu məsələ ilə bağlı çox ciddi xəbərdar etmək istəyirəm ki, bu yol xəyanət yoludur, bu yola gedən xalq, dövlət qarşısında xəyanət edəcək”.
Göründüyü kimi, fəaliyyətlərini dövlət və xalq maraqlarına qarşı istiqamətləndirən bəzi “qüvvələr” ayılmağa və belə bir xəyanətkarlıq yolundan əl çəkmələri barədə düşünməlidirlər. Əks halda onlar birbaşa dövlətinə və Prezidentinə etimad edən, inanan xalqın qəzəbinə, hədəfinə tuş gələ bilərlər.
“Belə qüvvə yoxdur və nə qədər ki, mən Prezidentəm, belə qüvvə olmayacaqdır”
Bu baxımdan, ölkə başçımız bütün daxili problemlərin məhz Azərbaycanın daxilində həll olunmalı olduğunu qeyd edib. SİTAT: “Biz, öz daxili problemlərimizi, siyasi çəkişmələri xaricə ixrac etməməliyik. Birincisi, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki bu gün dünyada elə bir qüvvə yoxdur ki, hansısa qərarı bizə aşılasın, yaxud da bizə nəyisə diktə edə bilsin. Belə qüvvə yoxdur və nə qədər ki, mən Prezidentəm, belə qüvvə olmayacaqdır. Ona görə bu, tamamilə mənasızdır. Azərbaycanı hansısa təzyiq altına salmaq cəhdləri, yaxud da ki, sanksiyalarla hədələmək – bütün bunların heç bir əhəmiyyəti yoxdur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir və bunu heç kim unutmasın”.
Siyasi islahatlar fonunda İlham Əliyev cənabları Prezident Administrasiyasının nümayəndələri son vaxtlar demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlərin keçirildiyini də xatırladıb və Milli Məclisin də bu istiqamətdə fəaliyyət quracağına ümid etdiyini bildirib. “Mənə bu görüşlər haqqında müntəzəm olaraq məruzə edilir”, deyə xatırladan Prezident bildirib ki, bütövlükdə ilkin rəy müsbətdir və dialoq ardıcıl şəkildə, heç bir şərt qoyulmadan həyata keçirilir: “Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir”.
“Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq”
Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, qaragüruhçular qrupuna aid olan AXCP, “Milli Şura” kimi dəstələr həqiqətən də marginallaşmış və xəyanətkarlar sırasına aiddirlər. Bu baxımdan, dövlətimizin başçısı çıxışında vurğulayıb ki, bütün dayaqlarını tam itirmiş dərnək tipli qruplaşma bu görüşdən imtina etdi. SİTAT: “İmtina edib, indi özü bilər. Hər halda, uduzan biz olmayacağıq. Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq”.
“Bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur”
“Hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur”, deyən Prezident İlham Əliyev hesab edir ki, bu praktikaya son qoyulmalıdır: “Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, - biz bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdim edirik, - onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin gündəliyində duran məsələlərdən biri olacaqdır. Bir sözlə, həm seçkilər, həm də seçkilərdən sonra keçən dövr, iqtidar tərəfindən siyasi partiyalara yönəlmiş addımlar - bütün bunlar bizim mövcud siyasətimizin yeni mərhələsini əks etdirir. Bu, bizim islahatçı kursumuzu əks etdirir. Bildiyiniz kimi, islahatların yeni mərhələsi 2018-ci ilin prezident seçkilərindən sonra başlamışdır. Bu islahatları mən andiçmə mərasimində, bax, bu salonda bəyan etmişdim. Biz onları ardıcıl olaraq icra edirik və bu, həyatda öz əksini tapır. Bir də onu göstərir ki, həmişə olduğu kimi, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur”.
Beləliklə, nəticə budur ki, siyasi islahatlar fonunda əldə edilən uğurlar göz önündədir və bu islahatlar dövlətimizin dayaqlarının daha da möhkəmlənməsinə, xüsusilə Milli Məclisin yeni tərkibi fonunda inkişafına geniş stimul verəcək. Əlbəttə ki, sağlam düşüncəli siyasi güclərlə birlikdə. Qaragüruhçu və radikal qruplar isə nəinki yerlərində saymağa davam edəcəklər, əksinə geriyə doğru geniş addımlarla şütüyəcəklər. Proseslər də məhz bu reallığı kifayət qədər ehtiva etməkdədir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB