Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) şəhər və rayon təşkilat sədrlərinin müşavirəsi keçirilib. SİA-nın məlumatına görə, YAP-ın icra katibi Əli Əhmədovun rəhbərlik etdiyi müşavirədə icra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov, partiya İdarə Heyətinin üzvü Kərim Kərimov iştirak edib.
Müşavirəni açan Ə.Əhmədov mütəmadi olaraq YAP-ın rayon və şəhər təşkilat sədrlərinin müşavirəsinin keçirildiyini bildirib. Müşavirələrdə fikir mübadiləsinin aparıldığını deyən partiyanın icra katibi müvafiq tapşırıqların da verildiyini ifadə edib: "Yerli partiya strukturlarının qarşısında duran vəzifələrin həyata keçirilməsi istiqamətində səfərbər edilməsi üçün addımlar atılır. Bütövlükdə Yeni Azərbaycan Partiyası cəmiyyətimizin ən güclü siyasi təşkilatı kimi ölkəmizdəki ictimai-siyasi proseslərin həmişə mərkəzində olub. Bu gün də belədir. Partiyaya olan böyük maraq, ətrafında yüz minlərlə insanın birləşməsi təbii ki, YAP-ın gücünün göstərici olmaqla yanaşı mütəmadi olaraq ictimai-siyasi proseslərin mərkəzində və ön sırasında olmasından xəbər verir".
Yarım il bundan əvvəl parlament seçkilərinin keçirildiyini dilə gətirən Ə.Əhmədov bildirib ki, seçkilərdə YAP-ın böyük uğur qazanması ötən 5 il ərzində insanların prezident İlham Əliyevin rəhbərliyi altında keçirilən siyasətə dəstəyinin bariz nümunəsidir. Prezidenti dəstəkləyən insanların günbəgün artdığını dilə gətirən YAP-ın icra katibi söyləyib ki, YAP-ın uğurlarının fundamental əsasında xalqın İlham Əliyevə olan inamı dayanır.
Parityanın sıralarında 530 mindən artıq insanın olduğunu qeyd edən Ə.Əhmədov bildirib ki, təkcə 2010-cu ildə YAP-ın sıraları 30 minə yaxın genişlənib. O, partiyaya üzv olanların əksəriyyətinin gənclər olduğunu bildirib: "Azərbaycan gəncliyi özünün maraqlarını ifadə etmək imkanlarını Yeni Azərbaycan Partiyasında görür. Partiya ölkənin ictimai-siyasi həyatının mərkəzindədir. Ölkədə ab-havanın formalaşmasında da partiyanın rolu mühümdür. Belə bir reallığın formalaşmasında isə hər bir yerli rayon və şəhər təşkilatının əhəmiyyəti böyükdür".
Azərbaycanın inkişaf dinamikasının sürətləndiyini deyən Ə.Əhmədov irimiqyaslı layihələrin keçirildiyini vurğulayıb: "Bütün bunlar Azərbaycanın gələcəyi üçün nikbinlik yaradır. İnkişaf bundan sonra da sürətlənəcək. Azərbaycan 10, 15 il bundan əvvəlki ölkə deyil. Bundan sonra da qarşımıza daha əzəmətli vəzifələr qoymaq məcburiyyətindəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB