Zəifliyin və uğursuzluğun arxasında hansı amillər dayanır?
Ənənəvi müxalifətin siyasi ambisiyalarını meydanlardan sosial şəbəkələrə daşımasının arxasında dayanan əsas reallıqlardan biri də düşərgə “liderlərinin” və get-gedə ardıcıl sürətdə itirdiyi elektoratının öz gücsüzlüklərini etiraf etmələridir. Daha dəqiq desək, son vaxtlar icazəli, yaxud icazəsiz aksiyalarında ciddi dəstək görməyən, xalq tərəfindən qəbul olunmayan, radikalizm, qaragüruhçuluq kimi uğursuz cəhdləri rədd edilən “liderlərin” son bir neçə ildə “güclərini” sosial şəbəkələ transfer etmələri də həmin xüsusdadır. Məhz trol, muzdlu müxalifətçilik anlanmaları da bütün bunlardan sonra yaranmağa başlandı – demək olar ki, “liderləri” də daxil olmaqla, bütün müxalifət klaviatura arxasına keçdi. Lakin həmin məsələ də onların xeyirlərinə olmadı. Çünki siyasi düşərgədə bir-birlərini sözün əsl mənasında qırıb-çatan “liderlər” iqtidara qarşı çıxışlarından daha çox özləri arasında amansız söz savaşlarına, təhqirlərə yol açdılar. Ümumiyyətlə, bu gün qaragüruhçuluq prinsipi üzərində fəaliyyət göstərən “liderlərin” heç biri bir-birlərini həzm etmirlər, necə də daha əvvəllər meydanlarda, küçələrdə, çayxanalarda olduğu kimi...
Qulamhüseyn Əlibəyli: “Bu gün facebook-da böyük ordu kimi güclü görünən müxalifətçilik nə vaxtsa real işə gələndə həmin qüvvə olmayacaq”
Yeri gəlmişkən, bir vaxtlar AXC çətiri altında fəaliyyət göstərmiş, sonradan isə qarşıdurmalar, ziddiyyətlər fonunda ayrı-ayrı partiyalar yaradıb, orada təmsil edilən bəzi siyasi şəxslərin də baxışları kifayət qədər dəyişilib. Belə ki, onlar sosial şəbəkə üzərindən siyasət yürütməyin effektsiz olduğu qənaətində olmaları ilə yanaşı, hazırkı müxalifətin ümumiyyətlə zəif, dəstəksiz olduğunu etiraf edirlər.
Misal üçün, bir zamanlar AXC, sonradan isə AXCP-də funksionerlik etmiş, hazırda “Aydınlar” partiyasına sədrlik edən Qulamhüseyn Əlibəyli mətbuata açıqlamasında gerçəkçilik prizması yanaşmasında bildirib ki, bu gün “Facebook”da özünü “güclü” göstərən müxalifət əslində zəifdir. Yəni vitrual siyasətdən reallığa gələndə hər kəs yenidən öz guşəsinə çəkilib, proseslərə qatılmaqdan imtina edəcək. “Mənə elə gəlir ki, bu gün facebook-da böyük ordu kimi güclü görünən müxalifətçilik nə vaxtsa real işə gələndə həmin qüvvə olmayacaq”, deyən müxalifətçi partiya sədri düşünür ki, onların arasında yenə virtualdan reallığa gəlmək istəməyənlər olacaq”.
O da əbəs deyil ki, Q.Əlibəyli ölkədə gedən islahatlar fonunda müxalifətin də buna ehtiyacının olduğunu qeyd edib və müxalifətyönlü siyasi təşkilatlar öz fəaliyyət imkanlarını bir daha nəzərdən keçirməli, zəiflik, uğursuzluq kimi hallarını araşdırmalıdırlar: “Meydan hərəkatından çıxanlar öz yerlərini tutublar. Amma fəaliyyət sferaları eyni deyil. Məncə, ölkədəki islahatlar fonunda siyasi partiyaların fəaliyyət imkanlarına da baxılmalıdır”.
Həsrət Rüstəmov: “Virtual müxalifətçilik bir çox hallarda tam məsuliyyətsizlik ovqatı ilə aparılır”
Daha bir müxaifətçi funksioner - Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Həsrət Rüstəmov da sözügedən məsələ ilə bağlı mətbuata verdiyi açıqlamasında ilginc münasibət sərgiləyib. “Bu, təqribən kinodakı qəhrəman rolunu ifadə edən aktyorun həyatdakı davranışının müqayisəsinə bənzəyir”, deyən ADP rəsmisi virtual müxalifətçiliyin nəticə etibarı ilə heç bir uğur qazanmayacağı fikrindədir. “Virtual müxalifətçilik bir çox hallarda tam məsuliyyətsizlik ovqatı ilə aparılır”, qeyd edən H.Rüstəmov bildirib ki, insanlar yalnız kompüter və ya smart telefonla üzbəüz qalanda özlərini meydandakı kimi aparırlar: “Aydındır ki, psixoloji amillə əlaqədardır...”
Beləliklə, bu etiraflar fonunda ortaya çıxan daha bir nəticə budur ki, bu gün istər küçələrdə, istərsə də virual aləmdə müxalifətçilik etməklə, ölkənin ictimai-siyasi gündəminə təsir göstərməyə çalışan bir sıra ənənəvi müxalifət partiyalarının “liderləri” əslində özləri-özlərini aldatmaqla məşğuldurlar. Onlar görürlər ki, nə bu, nə də digər fəaliyyət sferalarının heç bir təsir imkanları yoxdur. Bu isə, bütövlükdə düşətgə amilinin nə qədər dar bir dalana dirənməsinin bariz göstəricisidir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB