“Dəmir yolu xətlərinin çəkilməsi strateji əhəmiyyətə malikdir” ÖZƏL-AÇIQLAMA

Əlbəttə ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilk növbədə hər üç ölkə üçün çox vacibdir. Bunu SİA-ya müsahibəsində millət vəkili, siyasi ekspert Tahir Rzayev deyib.
Millət vəkilinin sözlərinə görə bu layihə əvvəla dövlətlərarası əlaqələrin möhkəmlənməsi üçün, eyni zamanda yükdaşımalar üçün, ölkələrin iqtisadiyyatı üçün çox vacibdir və bunun səmərəsini biz görürük.
"Türkiyə vasitəsi ilə bu yüklərin xarici ölkələrə daşınması sözsüz ki, böyük əhəmiyyət kəsb edir. Qaldı Qars-Naxçıvan dəmir yoluna dair anlaşmanın imzalanmasına, əlbəttə ki, bu da bizim gələcəyimiz üçün çox vacibdir. Naxçıvan, bildiyimiz kimi, blokadadadır və bu gün yalnız hava yolu ilə Naxçıvanla əlaqə mümkündür. Ancaq, gələcəkdə Qars-İqdır-Naxçıvan dəmir yolu istifadəyə verilərsə, Naxçıvan öz məhsullarını xarici bazarlara çıxarmaq imkanı əldə edəcək. Bu dəmir yolunun çəkilməsinin vacibliyi, strateji bir əhəmiyyət daşıması nədir? Birinci burada səmərəlilikdir. Bu çox səmərəli nəqliyyat vasitəsidir. Dəmir yolu həm sərnişinlərin, həm də yüklərin daşınma miqdarına görə, digər tərəfdən həmin daşınmanın maya dəyərinin aşağı salınması baxımından çox vacibdir ki, bu daha ucuz başa gəlir. Digər nəqliyyat vasitələri, hava və su nəqliyyatı ilə bu yüklər daşınarsa, əlbəttə ki, bu külli miqdarda vəsaitin xərclənməsinə səbəb ola bilər. Digər tərəfdən dəmir yolu daha təhlükəsizdir, çünki başqa nəqliyyat vasitələrinə görə bunun təhlükəsizliyi təmin olunur və əlverişlidir. Ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi üçün, iqtisadiyyatın gücləndirilməsi üçün dəmiryolu vacib bir xətdir, vacib bir nəqliyyat vasitəsidir. Ona görə də Azərbaycan daimi olaraq bu məsələləri önəmə çəkir və əlbəttə ki, qonşu ölkələrlə əlaqələrin möhləmlənməsi üçün dəmir yolu xətlərinin çəkilməsi çox vacibdir və strateji əhəmiyyətə malikdir.
Əlbəttə ki, belə mühüm layihələrin həyata keçirilməsində Cənab Prezidentimizin, İlham Əliyevin düşünülmüş siyasəti, uzaqgörənliyi durur. Çünki, deyildiyi kimi dəmir yolu xəttinin şaxələnməsi nəinki qonşu dövlətlərlə əlaqələrin möhkəmlənməsi üçün eləcə də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması üçün çox vacib olan bir məsələdir. Həm də bu bizim ölkəmizə xarici ölkələrdən ixrac olunan məhsullar üçün çox vacibdir. Eləcə də idxal olunan məhsullar üçün, həmçinin bizim məhsullarımızın xaricə çıxarılması üçün çox vacibdir. Sözsüz ki, bu, əhalinin gələcəkdə sosial rifah halının yaxşılaşdırılması üçün ələlxüsus çox əhəmiyyətli vasitədir", deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...