"Xocalı faciəsini törədənlər öz layiqli cəzalarını almayıblar" Əli Əhmədov

“Azərbaycan xalqının tarixində ən dəhşətli, qandonduran, tükürpədən faciələr içərisində Xocalı soyqırımı ayrıca yer tutur”. SİA-nın verdiyi məlumata görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov Xocalı faciəsinin 28-cı il dönümünə həsr olunmuş tədbirdə deyib.

YAP Sədrinin müavini bildirib ki, Xocalıda baş verən qətliamda öz həyatını itirən insanlar dinc əhali idi: “Xüsusilə də həlak olan 613 nəfər Xocalı sakinlərinin içərisində uşaqlar, qadınlar, qocalar var idi ki, onlar dinc əhali olmaqla yanaşı, düşmən tərəfi üçün hər hansı təhükə deyildi. Xocalı faciəsi eyni zamanda bəşəriyyətə, insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biridir. Qocaların, uşaqların, qadınların ən qəddar şəkildə qətlə yetirilməsi, qətlə yetirilən cəsətlərin üzərində təhqiramiz hərəkətlərin edilməsi ondan xəbər verir ki, bu bəşəriyyətə qarşı çevrilmiş bir vəhşilik, bir cinayət idi.

Biz Xocalı hadisəsini birmənalı şəkildə, qəti olaraq soyqırım hesab edirik. O insanlar azərbaycanlı olduqlarına görə qətlə yetirildilər. Azərbaycan xalqı heç zaman bu soyqırımı unutmayıb, unutmur və heç zaman unutmayacaq. Xocalı soyqırmı Azərbaycan xalqının qan yaddaşına çevrilib və Azərbaycan xalqının tarixinin bütün mərhələlərində ən qanlı faciə kimi Azərbaycan xalqı ilə birlikdə yaşayacaq”.

Ə.Əhmədov vurğulayıb ki, Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması və soyqırım kimi qəbul olunması istiqamətində böyük ilər görülür, xüsusilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində aparılan işlər nəticəsində bir sıra dövlətlərdə Xocalı faciəsi soyqırım kimi qəbul olunub: “Bütövlükdə daha geniş miqyasda Xocalı faciəsinin soyqırım kimi qəbul olunması istiqamətində bizim qarşımızda böyük vəzifələr durur. Bu faciənin bizi ən çox narahat edəm məqamlarından biri də odur ki, Xocalı faciəsini törədənlər öz layiqli cəzalarını almayıblar. Nəinki cəzalarını almayıblar, bir sıra halarda isə onlar Xocalı faciəsini törətdiklərinə görə fəxr etdiklərini dillərinə gətirib və bu barədə bəyanatlar səsləndriblər. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, beynəlxaq qurumlar .tərəfindən Xocalı soyqırımını törədən insanlar barəsində indiyə qədər heş bir addım atmayıblar.".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə