Səfir: "İran Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib" - EKSKLÜZİV MÜSAHİBƏ

İranın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə SƏS TV-yə müsahibə verib. Müsahibənin mətnini sizə təqdim edirik:

- Cənab Səfir, İran-Azərbaycan münasibətləri qənaətbəxşdirmi?

- Təbii ki, İranla Azərbaycan əlaqələri indikindən dəfələrlə çox ola bilər. Biz 2016-cı ildə Azərbaycanla iqtisadi əlaqələrə görə dünya ölkələri arasında 18-ci pillədə idik. Bu, iki ölkə arasında olan inkişafın göstəricisidir. Bizim iqtisadi əlaqələrimiz 180 milyon dollar idisə, indi bu rəqəm 500 milyon dollardan çoxdur. Lakin düşünürəm ki, biz iqtisadi əlaqələrimizi bir az da inkişaf etdirsək bu rəqəm milyard dollarla ölçülə bilər. Azərbaycanla İranın əlaqələri və dostluğu günbəgün daha da möhkəmlənir. İki ölkə prezidentlərinin görüşlərinin sayı artıq 13-ə çatıb. Cənab Prezident İlham Əliyevlə İranın prezidenti cənab Həsən Ruhani arasında çox dərin münasibətlər var. Həmçinin hər iki ölkənin nazirləri qarşılqlı səfərlər həyata keçirirlər. Son 2-3 il ərzində 50-dən çox heyyət qarşılıqlı səfər edib. Bütün bunlar onu göstərir ki, siyasi sahədə də münasibətlər çox yaxşıdır. Mədəniyyət sahəsində də həmçinin bunu demək olar. Kino, ədəbiyyat və sənətin digər sahələrində əlaqələr inkişaf edir. Lakin qeyd etmək istəyirəm ki, iqtisadi sahədə əlaqələrimizi daha da yüksək səviyyədə inkişaf etdirmək olar. Azərbaycandan İrana səfərlərin çox olması həmçinin bizim üçün çox əhəmiyyətlidir. 1500-dən çox şirkət İrandandan Azərbaycana gəlib və burada da öz işlərini qurublar. Bizim müştərək iqtisadi sahədə investisiyamız var. İran Azərbaycana 3,7 milyard dollar investisiya qoyub. Maşın, traktor, yük maşını, avtobus, dərman zavodları İran və Azərbaycanın müştərək işləridir. İranla Azərbaycanın gələcəkdə müştərək sənaye münasibətlərini artırmalıyıq. İki ölkənin ən önəmli müştərək layihəsi Şimal-Cənub Dəhlizidir. Bu, təbii ki, hər iki ölkə üçün çox böyük əhəmiyyət kəsb edir. Astrada ikinci körpünün salınması nəzərdə tutulur. Bütün bu işlərdə Azərbaycan-İran Müştərək Komissiyası da bizə çox böyük köməklik edib. Azərbaycan tranzit sahəsində İrana bir çox köməkliklər göstərib. Keçən il İranın 400 milyon dollardan artıq yükləri Azərbaycandan keçən nəqliyyat dəhlizi ilə Rusiyaya və bir çox ölkələrə daşınıb. Azərbaycanla İran arasında enerji sahəsində böyük layihələrin olması gözlənilir. Düşünürəm ki, İranla Azərbaycanın əlaqələri bütün sahələrdə daha da genişlənə bilər. Bu əlaqələrin inkişafı hər iki ölkə üçün əhəməiyyətli olacaq.

- Amerikanın tətbiq etdiyi sanksiyalar iqtisadiyyata nə qədər təsir edə bilib?

- Bu sankiyaların bizə ciddi təsirləri olduğunu gizlədə bilmərik. Bizim bir sıra xəstələrimiz var, hansı ki, xərçəng, dağınıq skleroz, sanksiyalar imkan vermir ki, xaricdən həmin xəstələrə lazımı dərmanlar gətirilsin. Bəzi zavodlarımızın işləməsi çətinləşir. Lakin əgər biz istiqlaliyyətimizi qorumaq istəyiriksə, imperializmə qalib gəlmək istəyiriksə, öz ölkəmizi öz gücümüzlə özümüz idarə etmək istəyiriksə və özgələrin bayraqları yox məhz öz bayraqlarımız altında yaşamaq istəyiriksə bütün bu çətinliklərin öhdəsindən gəlməliyik. Artıq 40 ildən artıqdır ki, İran bu sanksiyalara məruz qalır. Lakin biz bu çətinliklərdən öhdəsindən gəlmişik və gələcəyik.

- Sanksiyalardan yaxa qurtarmaq üçün İran İslam Respublikası hansı addımları atır?

- Sanksiyalardan qurtulmaq üçün hansı yolu tapsaq o yolu gedəcəyik və lazımı addımları atacağıq. Bu sahədə biz özümüzə hər hansı bir məhdudiyyət qoymamışıq.

- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində müzəlman ölkəsi olaraq İranın mövqeyi necədir?

- İran Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Həm möhtərəm Prezidentimiz, həm də Xarici İşlər Nazirliyi illər boyu bu barədə hər zaman danışıblar. Qardaş Azərbaycanın qəmi-kədəri bizim də qəm-kədərimizdir. Azərbaycanın bizim ölkəmizdə çox böyük hörməti var və biz hər zaman Azərbaycanın ərazi bütövlüyünü rəsmi şəkildə tanımışıq. Azərbaycanın Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çalışmasını da biz dəstəkləyirik və ümid edirik ki, haqq yerini tezliklə tapacaq.

- Xocalı Soyqırımının 28-ci il dönümü ilə əlaqədar İradan hər hansı tədbirlər keçirilirmi?

- Azərbaycanın İrandakı səfirliyi orada tədbir, soyqırımı ilə bağlı sərgi keçirəcək. Dünyanın heç bir yerində uşağın, qadının, qocanın fərq qoymadan soyqırımına məruz qalması qəbul edilən deyil. Dini, əxlaqı, məzhəbi olan heç bir kəs bunu qəbul edə bilməz. İran-İraq müharibəsində 220 mindən çox insanımızı şəhid vermişik. Bu çətinliklərdən keçmiş bir xalq kimi bütün bu yaşananları çox yaxşı başa düşürük. Biz heç vaxt istəmirik ki, Azərbaycanın başına bu cür hadisə gəlsin.

- İranda koronavirusun qarşısının alınması üçün hansı önləyici tədbirlər görülür?

- Bizim Səhiyyə Nazirliyimiz bununla bağlı öz işlərini aparır və bütün önləyici tədbirləri görür. Bir xəstəxana sırf koronavirusun müalicəsi üçün təchiz edilib. Məktəblər və universitetlərdə tətil olub. Hazırda virusun nəzarət altına ala bilmək üçün işlər aparılır. Ümid edirik ki, tezliklə bu xəstəlik aradan qaldırılacaq.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə