Azərbaycan-İtaliya: uğurlu strateji əməkdaşlıq və yüksək siyasi dialoq mövcudluğu ANALİTİK

Bu gerçəklik Azərbaycanın beynəlxalq siyasi münasibətlərdəki nüfuzunu, proseslərə təsir imkanlarını daha da artırır

Sirr deyil ki, Azərbaycan Respublikasının dünyanın ayrı-ayrı dövlətləri ilə qurduğu ikitərəfli əlaqələr, beynəlxalq aləmdə tətbiq etdiyi mehriban dostluq və əməkdaşlıq münasibətləri, eləcə də xarici diplomatiya siyasəti ildən-ilə genişlənərək məzmunca yeni keyfiyyət mərhələsinə qədəm qoymaqdadır. Məhz bu zaman diqqətləri cəlb edən əsas reallıq həm də onu ehtiva edir ki, Azərbaycan ənubi Qafqazın lider dövləti olması ilə yanaşı, həm də beynəlxalq aləmdə söz sahibinə çevrilməsini bu kimi uğurları ilə sübuta yetirməkdədir.

Digər tərəfdən, görünən reallıq həm də budur ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşən hər bir xarici dövlət və hökumət başçısı, müxtəlif ölkələrin parlament nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri Cənubi Qafqazın lideri statusuna malik olan Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini, münasibətləri dərinləşdirməkdə maraqlı olduqlarını birmənalı şəkildə diqqətə çatdırırlar. Çünki hər biri Azərbaycanın etibarlı tərəfdaş olduğunu, dünyada hökm sürən qlobal problemlərin həllinə böyük töhfələr verdiyini görür və qəbul edir. Bu isə ölkəmizin dünya birliyində böyük nüfuz qazanmasına, sivil və modern dövlətlərlə bir sırada dayanmasına əlverişli zəmin yaradır, respublikamızın beynəlxalq aləmdə artan imicə malik olmasını reallaşdırır.

Avropa İttifaqının öncül ölkələrindən hesab olunan İtaliya eyni zamanda yerləşdiyi məkanda prinsipial, müstəqil siyasəti ilə seçilməkdədir

Məhz bu əsnada Prezident İlham Əliyevin İtaliyaya etdiyi rəsmi səfəri bir daha onu təsdiq etdi ki, iki ölkə arasında münasibətlərin inkişaf dinamikası digər ölkələrlə yanaşı, bu ölkə ilə də davam edir, müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələri daim genişlənir. Eləcə də, bu səfər həm də regional və beynəlxalq münasibətlər siyasi ampuasından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə, strateji münasibətlərin tərəqqisi fonunda Azərbaycan və İtaliya münasibətləri özündə bir sıra mühüm məqamları sərgiləməkdədir. Çünki İtaliya nəinki Avropada, həm də qlobal miqyasda mühüm siyasi və iqtisadi aktordur. Hazırda Avropanın ən böyük iqtisadiyyata malik üçüncü ölkəsi kimi İtaliyanın siyasi proseslərə təsir imkanları da kifayət qədər genişliyi ilə seçilir. Avropa İttifaqının öncül ölkələrindən hesab olunan İtaliya eyni zamanda yerləşdiyi məkanda prinsipial, müstəqil siyasəti ilə seçilməkdədir ki, bu da həmin ölkənin prioritet siyasətinin tərkib hissəsi olaraq qəbul olunmaqdadır.

Prezident İlham Əliyev: "Əminəm ki, mənim səfərimdən sonra ortaq maraqları təmsil edən daha çox layihələr görəcəyik"

O da əbəs deyil ki, Prezident İlham Əliyev Romada İtaliyanın ən böyük maliyyə-bank qurumu olan “Cassa Depositi Prestiti SpA”nın və bu ölkənin dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə birgə işçi naharda ölkəmizin əməkdaşlığın şaxələndirilməsində maraqlı olduğunu xüsusilə ifadə edib və eyni zamanda yeni və strateji əhəmiyyətl layihələrin icra olunacağına böyük ümid bəslədiyini vurğulayıb. Misal üçünŞ enerji sektoru yanaşmasından fikir bildirən dövlət başçımız qeyd edib ki, yalnız Azərbaycanın enerji sektoru və Azərbaycanın sərhədlərindən kənarda maliyyələşdirdiyi enerji layihələri ilə bağlı İtaliya şirkətləri dəyəri 10 milyard ABŞ dollarına yaxın olan müqavilələr imzalayıblar. Ölkə başçımızın bu fikri həm də sübut edir ki, əsasən qeyri-neft sektoruna ayrılan diqqət bundan sonra da inkişaf etdiriləcək.

Söz yox ki, sənaye faktoru da daim nəzərdə saxlanılır və Prezident İlham Əliyev sözügedən görüşdə bu məsələyə də toxunaraq vurğulayıb: “Bizim şaxələndirmə və sənayeləşmə siyasətimizi nəzərə alaraq mən sizə deyə bilərəm ki, ötən il bizim enerjiyə aid olmayan sənayemiz 14 faiz artmışdır və bu ilin yanvarında artıq əlavə 16 faiz həcmində də artmışdır. Bunun səbəbi sənaye sektorunda dövlət və özəl sektor tərəfindən maliyyələşən layihələrlə bağlıdır. Çünki İtaliya istehsalçıları yüksək səviyyəli fəaliyyəti olan çox peşəkar şirkətlərdir. Ona görə də Azərbaycanın texnoloji cəhətdən yenilənməsi bizim prioritetimizdir. Əminəm ki, mənim səfərimdən sonra ortaq maraqları təmsil edən daha çox layihələr görəcəyik".

Yeri gəlmişkən, Azərbaycanın xarici ticarət dövriyyəsinin və tərəfdaşlarının siyahısını nəzərdən keçirərkən daha bir fakt ortaya çıxır ki, İtaliya nəinki qlobal miqyasda Azərbaycanın ən böyük tərəfdaşıdır, eyni zamanda qeyri-neft məhsullarımızın da əsas idxalçılarından biridir.

Azərbaycanp-İtaliya əlaqələri ölkəmiz üçün iqtisadi gəlirdən əlavə, strateji müttəfiqlik faktorunu sübuta yetirməkdədir

Onu da qeyd edək ki, Azərbaycanın ötənilki ümumi ixracının 29,6 faizi, idxalın isə 2,7 faizi İtaliyanın payına düşür və bu da qeyd edilən rəqəmləri kifayət qədər sübut etməkdədir. Beləliklə, Azərbaycanp-İtaliya əlaqələri, ümumiyyətlə, İtaliya ilə davamlı əməkdaşlıq reallığı ölkəmiz üçün iqtisadi gəlirdən əlavə, Avropa məkanının aparıcı ölkələrindən biri ilə strateji müttəfiqlik faktorunu sübuta yetirməkdədir. Bu gerçəklik isə Azərbaycanın beynəlxalq siyasi münasibətlərdəki nüfuzunu, proseslərə təsir imkanlarını daha da artırır, həmçinin Azərbaycan-İtaliya arasındakı yüksək siyasi dialoq mövcudluğu həm indi, həm də gələcək illərdə əlaqələrin daha da şaxələnməsinə, beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edəcəyini təsdiq edir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə