"Amerika Paşinyanı anti-rus olduğu üçün hakimiyyətə gətirdi" - AÇIQLAMA

"Ermənistanın Baş naziri olmaqla yanaşı, Paşinyan da bir insandır, onun da şəxsi mövqeyi var. Bu da onun anti-rus olmasından ibarətdir. Bu addımı belə səciyyələndirmək olar". Bunu SİA-ya açıqlamasında siyasi ekspert Mübariz Əhmədoğlu Ermənistanın Baş naziri Nikol Paşinyanın şəxsi "Facebook" hesabında Xocalı Soyqrımını Rusiyanın törətdiyi ilə bağlı paylaşım etməsi, daha sonra həmin paylaşımı silməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Ekspert bildirib ki, Nikol Paşinyan materiyasına görə tamamilə anti-rusdur və bu özünü onun atdığı hər bir addmda biruzə verir: "Paşinyanın siyasətə gəlməyi də anti-rusiyaçılıqla bağlı olub. Bu onun jurnalist kimi fəaliyyətində də özünü biruzə verib, eyni zamanda indi bir siyasətçi kimi də fəaliyyəti anti-rusiyaçılıq üzərində qurulub. Onun fikrincə təkcə Xocalı soyqrımını yox, ümumiyyətlə Dağlıq Qarabağ münaqişəsi də Ermənistan xalqı tərəfindən başladılmıyıb, bütün bu münaqişələri Rusiya başladıb. Paşinyana görə bu münaqişə Rusiyanın maraq dairəsindədir. İndinin özündə də Paşinyan Ermənistanın daxilində elə addımlar atır ki, onun anti-rusiyaçı olmağı özünü açıq şəkildə biruzə verir".

Politoloq Rusiyada tanınmış bir erməni memarın Ermənistana gətirilməsi və daha sonra rüşvət timsalında həbs edilməsini də bu məsələ ilə bağlı misal çəkib: "Paşinyan özü Rusiyada tanınmış bir erməni memarı ölkəyə gətirdi və onu Ermənistanın Şəhərsalma Komitəsinə rəhbər təyin etdi. Daha sonra 6-7 ay çəkməmiş onu güya rüşvət alma bahanəsi ilə həbs etdi. Məqsəd isə memarın Rusiyada yaxşı tanınması və orada geniş fəaliyyət göstərməsi idi. Paşinyanın ant-rus olduğunu nümayiş etdirən bu kimi çox faktlar var. Elə məhz anti-rus olduğu üçün Amerika Paşinyanı hakimiyyətə gətirdi".

Mübariz Əhmədoğlu əlavə edib ki, Paşinyan üçün bu bir vərdişdir, öz hesabında statusu silməsi isə Rusiyadan çəkinməsidir, Paşinyan Rusiyanın sonrakı qəzəbindən çəkinib, lakin reallıqda onun mövqeyi hər şeydə Rusiyanı günahlandırmaqdır.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə