Prezidentin İtaliya səfəri münasibətlərin yeni mərhələsinə start verdi TƏHLİL

Ölkə başçısı İlham Əliyevin İtaliyaya rəsmi səfəri dünya ictimaiyyətinin diqqət mərkəzindədir və sözün əsl mənasında bu diqqətə səbəb olacaq məqamlar saysız-hesabsızdır. Çünki, İtaliya Azərbaycan üçün vacib tərəfdaşlardandır və bu baxımdan səfərin əhəmiyyəti heç də diqqətdən kənarda qala bilməz. Ölkəmizlə İtaliya arasında geniş ticarət dövriyyəsinin olduğunu nəzərə alsaq görərik ki, bu səfər həqiqətən də diqqətə layıqdir və xüsusən də Azərbaycan cəmiyyəti bu səfərə böyük əhəmiyyət verir.

İlk növbədə nəzərə almaq lazımdır ki, İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 6 milyard dollardan çoxdur. Onu da qeyd etmək yerinə düşər ki, bu rəqəm heç də kiçik göstərici deyil və bu göstərici ölkəmizin ümumi ticarət dövriyyəsinin beşdə biri deməkdir. Məhz bu baxımdan cəsarətlə demək olar ki, İtaliya Azərbaycan üçün vacib bir tərəfdaşdır və ölkələrimiz arasında əlaqələrin əhəmiyyəti olduqca böyükdür.

Qeyd edk ki, Azərbaycan xüsusən enerji məhsullarını Avropa bazarına ixrac edir. Yəni ölkəmiz Avropanın enerji təhlükəsizliyində kifayət qədər əhəmiyyətli rola malikdir. Məsələ burasındadır ki, ölkəmiz enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir. Deməli, Azərbaycanla Avropa Birliyi arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İtaliyanın payına düşür. Bu həm də o deməkdir ki, Azərbaycanla Avropa Birliyi arasındakı ticarət dövriyyəsində İtaliya bir vasitəçi dövlətdir və elə bu mənada da İtaliya ilə əməkdaşlıq, əlaqələrin daim yaxşılaşdırılması ölkəmizin maraqlarına uyğundur.

İtaliyanın özünün də xam neft ixrac etdiyi bəllidir və bu baxımdan ölkələrimiz arasındakı ticarət dövriyyəsinin daha da artacağı artıq günün reallığıdır. Digər tərəfdən, Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycanın İtaliya bazarına mavi qaz nəql edəcəyi də öz aktuallığını qoruyub saxlayır. Beləki, TAP layihəsi vasitəsilə Azərbaycanın Avropaya geniş həcmdə qaz nəql edəcəyi maraq dairəsindən və diqqət mərkəzindən kənarda qala bilməz. Azərbaycandan Avropaya birinci mərhələdə 10 milyard kubmetr, ikinci mərhələdə isə 20 milyard kubmetr mavi qaz nəql ediləcək ki, bu çox böyük həcmdən və xeyli miqdarda büdcə gəlirlərindən xəbər verir. Məsələ burasındadır ki, nəql ediləcək mavi qazın əhəmiyyətli hissəsi məhz İtaliya bazarına ixrac ediləcək və bu da təbii ki, İtaliya ilə Azərbaycan arasındakı iqtisadi münasibətlərin növbəti dövrdə də inkişaf edəcəyi anlamına gəlir.

Ölkə başçısının İtaliya səfəri təkcə enerji məhsullarının ixracı, nəqli baxımından deyil, həm də ölkələrimiz arasındakı münasibətlərin inkişafı, strateji əməkdaşlığın daha da güclənməsi baxımından da təqdirəlayiqdir. Heç şübhəsiz ki, Azərbaycanda aparılan islahatlar, Azərbaycanın iqtisadi potensialı İtaliya üçün də, oradakı iş adamları, sərmayəçilər üçün də maraqlıdır. Bu maraq nəticə etibarı ilə İtaliyadan Azərbaycana xarici investisiyanın cəlb edilməsi deməkdir. Yəni, ölkəmizin kapital qoyuluşu, sərmayə yatırılması üçün münbit yer olduğunu görən, bunun fərqində olan italiyalı sərmayəçilərdən, iş adamlarından vəsait cəlb ediləcəyi tam məntiqi gözləntilərdir. Bu baxımdan cəsarətlə deyə bilərik ki, Azərbaycan Prezidentinin İtaliyaya səfərindən sonra Azərbaycanla İtaliya arasında qeyri-neft sektorunda da əməkdaşlığın güclənməsinin hamımız şahidi olacağıq. Bir sözlə, ölkə başçımızın bu səfəri iki ölkə arasında enerji sektorunda strateji əməkdaşlıqla yanaşı eyni zamanda qeyri-neft sektorunda əməkdaşlığın gücləndirilməsi üçün də güclü zəmin yaradır.

Bununla yanaşı onu da nəzərə almaq lazımdır ki, əlaqələrin genişləndirilməsi, daha da yaxşılaşdırılması Azərbaycan sahibkarları üçün də maraqlıdır. Daha dəqiq desək, ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsi, inkişafı, strateji əməkdaşlığın artması ölkəmizdən olan sahibkarların İtaliya bazarlarına çıxışına imkanlar açır. Bu imkanlar Azərbaycan sahibkarlarının İtaliya bazarına daha çox qeyri-neft məhsulları ixrac etməsi deməkdir ki, bu da sonda ticarət dövriyyəsinin daha da artması anlamına gəlir.

Sadalananları nəzərə aldıqda görürük ki, Azərbaycan Prezidentinin İtaliyaya səfəri ölkələrimiz arasındakı əməkdaşlıqda yeni bir mərhələnin başlandığını proqnozlaşdırır. Hazırda ölkələrimiz bu yeni mərhələnin astanasındadır və heç şübhəsiz ki, yaxın gələcəkdə Azərbaycan qeyri-neft sektoruna cəlb edilən investisiyaların strukturunda İtaliya sərmayəsinin payını artıra biləcək. Bu eyni zamanda Azərbaycanın qeyri-neft məhsullarının ixracatı baxımından İtaliyanın cəlbedici bazarlardan birinə çevriləcəyi anonsunu da verir və məhz bu baxımdan deyə bilərik ki, ölkə başçımızın son səfəri, İtaliyaya rəsmi səfəri İtaliya Azərbaycan münasibətlərinin yeni mərhələsinə start verdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə