Xocalı soyqırımı beynəlxalq ictimaiyyətə necə tanıdılır? ŞƏRH - ÖZƏL

“Xocalı soyqırımı Azərbaycanın qan yaddaşı, XX əsrin ən böyük faciəsidir. Artıq dünya ictimaiyyəti də məlumatlanır ki, Xocalıda Ermənistan separatçı rejimi tərəfindən istər uşaqlar, istər qadınlar, istərsə də yaşlılara heç bir fərq qoyulmadan ümumilikdə azərbaycanlılara qarşı soyqırım həyata keçirilib. Təbi ki, bütün bunlar soyqrımının beynəlxalq səviyyədə tanıdılması nəticəsində əldə olunub”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O bildirib ki, dünya ictimaiyyətinin soyqırımla bağlı məlumatlanması üçün Azərbaycan dövləti tərəfindən xeyli işlər görülür: “Həm Ulu Öndər Heydər Əliyevin hakimiyyəti, həm də bu gün Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə mühüm addımlar atılır. Azərbaycan prezidenti artıq neçə illərdir ki, beynəlxalq tədbirlərdə dünya ictimaiyyətinə Xocalı soyqırımı ilə bağlı faktlara söykənən məlumatlar verir. Prezident İlham Əliyev son Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla debatında da Xocalı soyqırımının Ermənistan separatçı rejim tərəfindən törədildiyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı”.

Soyqırım hadisəsinin dünyada tanınmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın xüsusi xidmətlərinin olduğunu deyən C. Osmanov söyləyib ki, bununla yanaşı Fond tərəfindən faciə ilə bağlı müxtəlif dillərdə kitablar, broşürlar və digər materiallar nəşr edilərək beynəlxalq ictimaiyyətə çatdırılır: “Bildiyiniz kimi, 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası keçirilir. Görülən işlər nəticəsində biz hər il daha çox dünya ictimaiyyətinin faciə haqqında məlumatlandığının şahidi oluruq. Artıq dünyanın bir sıra aparıcı dövlətlərinin parlamentləri, ABŞ-ın bir neçə ştatı, Avropanın aparıcı ölkələri Xocalı soyqırımını tanıyır”.

Deputat qeyd edib ki, faciənin tanıdılması istiqamətində görülən işlər bundan sonra da davam etməlidir: “Dünya ictimaiyyəti yetkinliklə bu faciəni tanıyana kimi başladığımız işi davam etdirməliyik. Məhz bu məqsədlə də hər il Xocalı soyqırımı ilə bağlı beynəlxalq tədbirlərin sayı daha da artır. Bu işlər təkcə dövlət səviyyəsində həyata keçirilməməli, hər kəsin təşəbbüsü olmalıdır. Hər bir azərbaycanlı, ölkə vətəndaşları faciənin dünyada tanıdılmasına çalışmalı, bu işdə yardımçı olmalıdır. Diasporla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdə fəaliyyətində fəallıq görünür. Amma işlər bununla bitmir. Xaricdə yaşayan həmyerlilərimiz, xüsusilə də diaspor təşkilatları daha da fəal olmalıdırlar. Çünki, xaricdə yaşayanları faciə ilə bağlı məlumatlanmasında onlar bizə daha çox kömək edə bilərlər. Hesab edirəm ki, onlar da bu işdə fəallıq nümayiş etdirir, üzərilərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırlar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə