Prezidentin Münhendə həmsədr ölkələrə mesajı! - AÇIQLAMA

"Münhen Təhlükəsizlik Konfransında Azərbaycan və Ermənistan liderlərinin debatı olduqca maraqlı və lazımlı idi. Çünki münaqişənin tənzimlənməsində tərəflərin baxış bucağı istər dünya ictimaiyyəti, istər qlobal oyunçulara, istərsə də iki ölkənin ictimaiyyətinə məlum olmalıdır".

Bunu SİA-ya açıqlamasında siyasi ekspert Zaur Məmmədov Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Xarici İşlər naziri Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransı çərçivəsindəki debatını şərh edərkən deyib.

O bildirib ki, bu kimi debatlar tərəflər arasında fikir baxışını müqayisə etmək, onların münaqişənin nizamlanmasına nə qədər yaxın olub-olmamasını bilməyə imkan yaradır:

"Prezident İlham Əliyev Azərbaycan tərəfinin mövqeyini konkret olaraq ortaya qoydu. Tarixli misallarla Azərbaycanın Dağlıq Qarabağın əsas sahibi olduğunu bildirməsi, ermənilərin işğalçı siyasətinə vurğu etməsi kifayət qədər uğurlu alındı. Ermənistanın baş naziri qarşılıqlı olaraq demək olar ki, heç bir tutarlı cavab verə bilmədi. Öz tarixləri və Dağlıq Qarabağın tarixi ilə bağlı cəfəngiyat və yalnış məlumatlar verməsi, təkcə Azərbaycanda və dünyada yox, erməni ictimaiyyətinin özündə də iztehza ilə qarşılandı".

Zaur Məmmədov Nikol Paşinyanın debatda səsləndirdiyi fikirlərdən sonra Ermənistanın açıq-aşkar "status-kvo"nu davam etdirməsi, münaqişənin nizamlanmasına mane olması aydın şəkildə bu illər ərzində özünü biruzə verib. İstər Koçaryan, istər Sarkisyan, istərsə də Paşinyan özlərini liberal, demokratik, azad fikirli və humanist kimi qələmə verməyə çalışsalar da bu belə deyil. Paşinyan Münhendəki çıxışı zamanı humanist düşüncə tərzindən və Qərb dəyərlərindən nə qədər uzaq olduğunu bir daha göstərdi. Qərbin özünün ayrı-ayrı beynəlxalq təşkilatları, ayrı-ayrı dövlətlərinin liderləri bilavasitə görmüş oldular ki, Nikol Paşinyan və Ermənistan həm işğalçı, həm də aqresiv tərəfdirlər. Lakin beynəlxalq proseslərdə və nizamnamələrdə təəssüf ki, ikili standartlar davam etməkdədir. BMT Təhlükəsizlik Şurasının üzvləri, hansı ki, onlardan üçü ATƏT-in həmsədr ölkələridirlər, onlar münaqişənin nizamlanmasında maraqlı deyillər. Prezident də Münhendə konkret olaraq həmsədr ölkələrinə mesaj göndərdi ki, onlar işğalçı Ermənistana təzyiq göstərməlidirlər. Onların münaqişə ilə bağlı qarşıdakı əsas vəzifəsi bu olmalıdır"

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...