ASAİF rəhbəri: “Azərbaycanı xaricdə təmsil etməliyik və nüfuzunu aşağı salmamalıyıq”

ASAİF rəhbəri: “Azərbaycanı xaricdə təmsil etməliyik və nüfuzunu aşağı salmamalıyıq”

Azərbaycanı xaricdə təmsil etməliyik və nüfuzunu aşağı salmamalıyıq. Bu sözləri SİA-ya açıqlamasında "Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu"nun rəhbəri Əkbərov Orxan deyib. O, qeyd edib ki, fikirlər fərqli olsa da hər bir şey qanun çərçivəsində olmalıdır. Piket və ya toplaşma qanuni şəkilədə olmalıdır: "Sadəcə olaraq qanuni şəkildə buna icazə verilməyibsə, bunu reallaşdırmaq müsbət hal deyil. Çünki belə hallar çaxnaşma yaradır. Hər bir insanın sərbəst toplaşmaq hüququ var və bunun üçün hakimiyyət tərəfindən ayrılan müəyyən yerlər var".

 

Bəzi sosial şəbəkələrdə xaricdə yaşayan gənclərin ölkə daxilində nümayişlərə çağırışlar etməsinə gəlincə forumun rəhbəri: " Bir zamanlar radikal müxalifətçi olan bir gənc bizim məhz Brusseldə Avropa Şurasının qabağında "STOP Armenina Aqression" aksiyanın bir fotosunu vurub və müxalifət nümayəndələrinə belə bir söz yazıb: Fontanlar meydanında aksiya keçirmək əvəzinə Avropa Şurası və ya Avropa Parlamenti qarşısında aksiya keçirməyin Azərbaycanı təmsil etməkdə çox böyük təsiri ola bilər. Amma fikirlər fərqlidir. Bütün fikirlərə hörmət edirik. Bizim təşkilatımız iqtidar müxalifət ayırmır. Əgər insanın fikri Azərbaycanın inkişafıdırsa, bu yöndə konstruktiv mövqe tutubsa, bu yalnız bizim yaxşılığımızadır".

 

Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) Bakıdakı qərargahının açılışı ilə bağlı danışan forumun rəhbəri vurğulayıb ki, təşkilatın əsas məqsədi xaricdə təhsil alan, həmçinin məzun olmuş azərbaycanlı gənclərin məqsədyönlü fəaliyyətini təşkil etmək, Azərbaycanın xaricdə təbliği sahəsində onlara köməklik göstərmək və bunun üçün münbit şərait yaratmaq, təcrübə mübadiləsi üçün uyğun platformalar təşkil etmək olduğunu deyib. ASAİF-in 2010-cu il sentyabrın 15-də təsis olunduğunu deyən O. Əkbərovun sözlərinə görə, ötən müddət ərzində təşkilat bir neçə böyük layihə həyata keçirib. Onlardan ən böyüyü bir ay əvvəl keçirilən Strasburq Forumudur. Bu forumda 25-dən artıq ölkə, 250 gənc iştirak edib: "Əsas məqsədimiz ondan ibarətdir ki, gənclərimiz xaricdə təhsil alarkən özlərini yalqız hiss etməsinlər. Azərbaycan dövlətinin potensialı ilə xaricdə təhsil alan gənclərin gücünü birləşdirib ölkəni xaricdə daha yaxşı təmsil etmək istəyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə