Münxendə baş verənlər DQ münaqişəsinin həllinə necə təsir edəcək? ŞƏRH-ÖZƏL

"Hazırda ölkəmiz dünyada həm enerji resursları, həm geosiyasi baxımından mühüm rola malikdir. Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı da həyata keçirdiyi görüşlər bu istiqamətdə Azərbaycan üçün əhəmiyyətlidir”. Bu fikirləri SİA-ya açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

O bildirib ki, Azərbaycan dövlətinin, ölkə başçısının həyata keçirdiyi siyasətin əsasını ölkə reallıqlarını, həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla bağlıdır: “Azərbaycanın bu istiqamətdə iqtisadi əlaqələrini genişləndirməsi, siyasi münasibətlərini sıxlaşdırması nəticəsində dünyada artan rolu Qərb ölkələrinin də diqqətindən yayınmır”.

Ölkə başçısının Münxen Təhlükəsizlik Konfransında iştirakı və orada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrdə çıxışına toxunan F. Sadıqov söyləyib ki, Münxendə baş verənlər problemin həlli ilə bağlı ciddi diplomatik addımdır: “Prezident İlham Əliyev fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağlı bağlı aparılan müzakirələrdə etdiyi çıxışı ilə zərbəni təkcə Paşinyana deyil, Ermənistana qarşı yönəltdi. Artıq Ermənistanın bir sıra siyasətçiləri, ekspertləri, mədəniyyət xadimləri Paşinyana qarşı çıxış edirlər. Bu da Ermənistan baş nazirinin reytinqinin daha da aşağı düşdüyünü göstərir. Ermənistan cəmiyyəti artıq anlayır ki, onlara rəhbərlik edən şəxs zəif və siyasətdən uzaq bir şəxsdir”.

Politoloq qeyd edib ki, Ermənistan baş nazirinin debatdakı bir sıra bəyənatları ölkəsi üçün çox böyük zərbə idi: “ Onun xüsusilə də Azərbaycan topaqlarında erməni qoşunlarının olmaması ilə bağlı fikirlərinə Azərbaycan Prezidenti tərəfindən Paşinyanın oğlunun həmin torpaqlarda xidmət etməsi faktını ortaya qoyması Ermənistanda xoş qarşılana bilməzdi. Bütün bunlar əlbəttə ki, Azərbaycan diplomatiyasının xeyrinədir”.

Ekspert vurğulayıb ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini Avropa ölkələrinin yüklsək səviyyəli rəsmiləri də qəbul edir: “Belə olan halda, hesab edirəm ki, Münxen debatından sonra Azərbaycan münasibət daha da müsbət olacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...