"Paşinyanın gülünc vəziyyətə düşməsi Ermənistanın durumundan xəbər verir" ÖZƏL-MÖVQE

"Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində sanki Azərbaycan cənab Prezidentimizin təqdimatında yenidən təqdim olundu. Azərbaycanın gücü, qüdrəti, diplomatiyası, hər bir mövcudluğu ölkə başçısının bütünlüklə özündə bir Azərbaycan kimi Ermənistan baş naziri Nikol Paşinyanın qarşısında durdu". Bunu SİA-ya millət vəkili İlham Məmmədov deyib.

Deputatın sözlərinə görə, cənab Prezident sanki bir ildırım kimi Paşinyanın təpəsinin ortasından bir yumruq vurdu: "Dünyanın aparıcı Türkiyə, Avropa mətbuatında da dövlət başçımızın bütün çıxışlarına yer ayrılmışdı və orada da Paşinyanın yazıq, niskin vəziyyət aldığı əks olunmuşdu. Debatda cənab Prezident bir çox siyasi məqamları, xüsusilə Dağlıq Qarabağın Azərbaycanın əzəli, əbədi torpağı olmasını qeyd etdi. Bununla belə ölkə başçısı münaqişələrin heç də Dağlıq Qarabağ-Azərbaycan arasında deyil, Ermənistan-Azərbaycan arasında olduğunu xüsusi vurğuladı. Prezident bütün dünyaya bir daha göstərdi ki, bu gün Ermənistanda, Qarabağda döyüşən dedikləri o ordunun 80-90 faizi tamamilə Ermənistan vətəndaşlarından ibarətdir. Ölkə başçısı bir daha dünyaya bəyan etdi ki, millətlərin, xalqların öz müqəddaratını təyinetmə hüququndan istifadə edən Paşinyan, Sarkisyan kimi bu cür sərsəmlər sanki dünyanın özünü aldatmaq istəyirlər. Digər məqam Paşinyanın gülünc hədəfə çevrilməsi səhnəsi idi.

Cənab Prezident orada dedi: “Sual olunur, əgər Dağlıq Qarabağ Ermənistan ərazisidirsə, niyə paytaxtın adı qədim erməni adı ilə adlandırılmayıb. Çünki paytaxtın qədim adı Xankəndidir - Xanın kəndi. Stepanakert, çünki Şaumyanın adı Stepan idi, "kert" ermənicə "şəhər" deməkdir, elə deyilmi? Stepanakert həmin bolşevikin adı ilə adlandırılıb. Bu, bir daha onu sübut edir ki, həmin ərazilərdə heç bir erməni tarixi irsi yoxdur və mənim başladığım məqama gəldikdə bu tarixi məsələ münaqişənin necə həll olunmalı olduğunu başa düşmək üçün mühümdür”. Hesab edirəm ki, Paşinyanın gülünc vəziyyətə düşməsi Ermənistanın hazırki durumundan xəbər verir. Təbii ki, bu bizi qürurlandırdı".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...