"Azərbaycan bütün hallarda öz torpaqlarını işğaldan azad edəcək" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında Ermənistanın baş naziri Nikol Paşinyanla debatı çox vacib idi. Çünki münaqişənin mövcud olduğu uzun illər ərzində ilk dəfə olaraq iki dövlətin lideri beynəlxalq aləmin, dünya mediasının gözü qarşısında diskussiya apardılar". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

"Bu diskussiyada Azərbaycan Prezidentinin Ermənistanın baş nazirindən dəfələrlə üstün olduğu açıq aşkar göründü. Göründü ki, işğalçı kimdir, işğalçının məqsədi nədir, siyasəti nədir və s. Prezident İlham Əliyev bir çox məqamları açdı ki, Dağlıq Qarabağ tarixən Azərbaycana bağlı olub, bu torpağın bizdən qoparılmasına heç vaxt imkan verilməyəcək. Bir vacib məqamı da qeyd etmək istəyirəm. Ermənilər çox deyirdilər ki, guya 1920-ci illərdə sovetlər hakimiyyəti Dağlıq Qarabağı Azərbayacana veriblər və buna görə onlar günahkardır? Prezident İlham Əliyev də Paşinyanın səhvini tutaraq dedi ki, əgər bolşeviklər günahkardırsa, nə üçün onların təmsilçisi olan Stepan Şaumyanın adını daşıyan Stepanakertin adını saxlayırsınız. Yəni burada bir daha ermənilərin ikiüzlülüyü ortaya çıxdı.

Bu debat həm də onu göstərdi ki, danışıqlarda nəticə yoxdur və Ermənistan bundan sonra çalışacaq ki, münaqişə həll olunmasın. Amma Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq. Azərbaycan bütün hallarda öz torpaqlarını işğaldan azad edəcək"-deyə, E.Şahinoğlu fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə