“Müxalifət özünü rüsvay etməklə məşğuldur” RƏY-ÖZƏL

"İstənilən halda icazəsiz kütləvi aksiya qanunsuzluqdur və qanuna riayət etmək hər bir vətəndaşın borcudur". Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib.

Onun sözlərinə görə, bu kütləvi aksiyanın hansı problemə, hansı mövzuya həsr olunmasına baxmayaraq o, qanunun tələblərinə əməl edilməklə keçirilməlidir: "Özünü müxalifət adlandırıb, demokratiyadan ağız dolusu danışan bir qrup ünsürlər isə demokratiyanın ən ali prinsipi olan qanunlara sözsüz əməl olunmasını özlərinə sərf edən məqamlarda asanlıqla arxa plana atırlar. Qaldı məhz MSK qarşısında aksiya keçirmək istəklərinə, bu da çox ciddi maraq doğurur. “Boykot” etmək adı ilə seçkilərdə iştiraka özündə güc tapmayan siyasət oyunbazlarının məhz seçki ilə bağlı aksiya keçirmək istəmələri özü, özlüyündə gülüncdür. Sən seçkilərdə iştirak etməmisənsə, müşahidələrin olmayıbsa (İştirakdan imtina edibsə, deməli müşahidəçiləri də olmayıb), nəyə əsasən seçkilərdən narazılıq bildirmək və aksiya keçirmək istəyirsən? Bilirsiniz, bütün bunlar anormallıqdır və müxaliflərimizin belə anormallıqlarına artıq alışmışıq. Mənə qəribə gəlir, ölkə başçısı seçkilərdə baş verən hər bir qanun pozuntusunun ciddi araşdırılması və bütün günahkarların cəzalandırılması ilə bağlı tapşırıq verdiyi, MSK-nın da bu tapşırıqla bağlı konkret faktlara əsasən qətiyyətli addımlar atdığı halda, bunlar MSK-dan nəyi tələb edəcəklər? Bu, sadəcə “mən də varam” deməkdən, özünü ağalarının gözünə dürtmək istəyindən başqa bir şey deyil. Gözləmək olardı ki, bütün dünyanı mat qoyan Münxendəki Azərbaycan və Ermənistan liderlərinin panel debatında Azərbaycan Prezidentinin möhtəşəm diplomatik uğuru barədə danışacaqlar. Ancaq hardan? Bunlar indiki iqtidarın istənilən uğurundan, o hətta milli və dövlətçilik mənafeləri ilə bağlı olsa belə, pəjmürdə olurlar. Çünki hər bir uğur iqtidara xalqın inamının daha da artmasına səbəb olur ki, bu da, məşhur kəlamla desək, onların “məsləklərinə muğayır deyil”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...