"Axı onlar niyə Ermənistanın bu tərbiyəsizliyinə laqeyd qalırlar?" ÖZƏL-MÖVQE

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb. Görüşdə dövlət başçısı Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasının, bu istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd edib. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində humanitar əsaslarda “hamının hamıya” prinsipi ilə bütün əsir və girovların dəyişdirilməsinin vacibliyini vurğulayıb.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən millət vəkili Elman Məmmədov deyib ki, ölkə başçısının dedikləri həqiqətdir: “Cənab Prezident Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bir çox görüşlər keçirdi. Həmin görüşlərdə ölkə başçımız diqqətə çatdırdı ki, əsir və girovlarımız ümumilikdə heç bir qeyri-şərt olmadan qarşılıqlı dəyişdirilməlidir. Təbii ki, Azərbaycan tərəfi bunu hər dəfə bəyan edib və hər dəfə də bu tələbi qoyur. Amma bu gün Ermənistan faşist ideologiyası ilə yaşayır, işğalçıdır, terrorçudur və cinayətkardır. Bu gün insan hüquqları, əsir və girovların işləri ilə məşğul olan müvafiq beynəlxalq qurumlar vardır. Axı onlar niyə Azərbaycanın bu tələbinə, Ermənistanın bu tərbiyəsizliyinə, işğalçı ölkənin heç bir beynəlxalq hüquqa, qanuna əməl etməməsinə laqeyd qalırlar? Bunun özü ölkə başçısı tərəfindən bir daha onların özlərinə ünvanlanmış mesaj idi ki, siz həmişə insan hüquqlarından, haqlarından danışırsınız, o zaman bu insanların taleyi ilə niyə maraqlanmırsınız, niyə işğalçı, terroçu dövlətə təsir göstərmirsiniz? Onlar əslində bunu başa düşürlər amma başa düşməməzliyə, qanmazlığa vururlar. Azərbaycan Prezidenti Münxen Təhlükəsizlik Konfransında bir daha ölkəmizin mövqeyini bəyan etdi".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...