Azərbaycan dövləti Avropa qurumları qarşısında nəyi sübuta yetirdi? ANALITIKA

Azərbaycan dövləti Avropa qurumları qarşısında nəyi sübuta yetirdi? ANALITIKA

Parlament seçkiləri: reallaşdırılan islahatlar fonunda gerçək demokratiya dərsi!

ATƏT DTİHB, ATƏT PA və AŞ PA kimi qurumların seçki müşahidə missiyalarının 9 fevral 2020-ci ildə keçirilmiş parlament seçkiləri ilə bağlı hazırladıqları rəy və hesabatlarındakı müsbət məqamları etiraf etmələri artıq bu qurumların daha əvvəllər nümayiş etdikləri qərəzlərdən əl çəkmələrinin göstəricisidir. Belə ki, ölkəmizdə daha əvvəllər keçirilən seçkilərdən sonra xüsusilə ATƏT DTİHB-nin müşahidə missiyası öz rəylərini, hesabatlarını əsasən neqativ tonda ictimailəşdirərək, müəyyən dairələrin sifarişlərini həyata keçirirdi.

Hazırkı məqamda isə, parlament seçkilərində bir sıra demokratik və şəffaflıq reallıqlarının etiraf edilməsi bu qurumların konstruktiv yöndə fəaliyyət göstərmək istəklərini, Azərbaycan dövləti ilə davamlı, etimadlı əməkdaşlığa meylliliklərini də göstərir. Söz yox ki, Azərbaycan dövləti də qərəz və böhtan yaymayan, müxtəlif yanlı mövqeli qrupların maraqlarını ifaə etməyən təşkilatlarla konstruktivlik yönündə fəaliyyətə yaşıl işıq yandırıb.

Kimlər növbəti dəfə ATƏT DTİHB və s. qurumların seçkilərə münasibətlərində ənənəsinə sadiq qalacağını düşünürdülər?

Beləliklə, artıq seçkilərin nəticələri ilə bağlı baş tutan mətbuat konfransının aqressiyadan, qərəz və böhtandan uzaq şəraitdə keçməsi qarşıdakı zamanlarda münbit əməkdaşlıq proqnozunu önə sürməkdədir. Lakin o da sirr deyil ki, bir sıra müxallifətyönlü adamlar, destruktivliyə, anti-Azərbaycan fəaliyyətinə malik olan fərdlər bunu gözləmirdilər. Onlar növbəti dəfə ATƏT DTİHB və s. qurumların seçkilərə münasibətlərində ənənəsinə sadiq qalacağını düşünürdülər. Amma necə deyərlər, sən saydığını say, gör fələk nə sayacaq...

Yeri gəlmişkən, hətta seçkilərdə iştirak etməyən, guya ki, “boykotçu” olduqlarını nümayiş etdirməklə əslində burunlarından o tərəfi görə bilməyən şəxslər də əməlli-başlı məyusluğa düçar olublar. Bəlkə də, həmin tədbirdən sonra AXCP sədri Əli Kərimlinin gözünə yuxu da getmir, “Milli Şura”nın sədri Cəmi Həsənli isə, ümumiyyətlə, ortalıqlarda görünmür. Bütün bunlar onların gözləmədikləri məqamlardır ki, indi həmin məqamlar siyasi zopa qismində başlarına dəyməkdədir.

Hansı avropalılar və nəyə görə Xədicə İsmayılovanın “ağzından vurdular”?

Daha bir nüans isə, özünü gah “hüquq müdafiəçisi”, gah da “araşdırmaçı jurnalist” kimi müxtəlif xarici siyasi instansiyalara zorla sırıyan Xədicə İsmayılova bağlıdır. Misal üçün, özünü “ağıllı” hesab edən bu siyasi dəllal seçkiyə həsr olunmuş tədbirdə tamamilə mənasız, qeyri-müvafiq, mövzuya aid olmayan məsələ qaldırmağa cəhd göstərib. Bu cəhdin adı isə, dövlətin, xalqın marağına qarşı çıxmaqdır. Daha dəqiqi isə, erməni dəyirmanına su tökmək!

Bəs məsələ nədir? Məsələ budur ki, X.İsmayılova AŞ PA-da Azərbaycan nümayəndə heyətinə səlahiyyətin verilməməsi məsələsinini, ümumiyyətlə, Azərbaycanın bu qurumda təcrid olunması tələbini (!?) irəli sürüb. Məhz buradan bir daha belə bir məntiq çıxır ki, X.İsmayılova bilavasitə erməni aşnalarının qarşısında götürdüyü öhdəliyi həyata keçirməyə çalışıb, yəni sifariş həyata keçirib. Çünki Azərbaycan nümayəndə heyətinin AŞ PA-dakı mövcudluğu orada Ermənistan deputatlarının və ermənipərəst deputatların ağızlarının yummasında mühüm rol oynayır. Ermənistanın işğalçılıq siyasəti, təcavüzkar ölkə olması ilə bağlı məsələləri davamlı olaraq Azərbaycan nümayəndə heyəti qaldırır və haqqın-ədalətin bərpasının vacibliyini önə sürür. Bu zaman bir daha sübut olunur ki, əslində X.İsmayıl həmin erməni dəyirmanına su tökən tələbi ilə birbaşa erməni maraqlarına xidmət edir, düşmənin mövqeyini müdafiə edir. Hətta ona cavab olaraq, qatı anti-azərbaycançı Frank Şvabe həmin məsələyə skeptik yanaşdığını, xüsusilə, AŞPA-da Rusiya nümayəndə heyəti ilə yaşananlardan sonra onun daha da mürəkkəb olduğunu bildirdi. Bu isə, əslində X.İsmayılın bir heç olduğunu, onun yalnız sosial şəbəkələrdə yaşadığını sibatladı. Virtual aləmdə isə nəyəsə nail olmaq elə də inandırıcı görünmür.

Maraqlısı da budur ki, yalnız Şvabe deyil, eləcə də digər xarici missiya təmsilçiləri də X.İsmayılın yersiz, uğursuz tələbini dinlədikdən sonra, sözün əsl mənasında bir əski parçası kimi ayaqqabılarına silib, bir kənara atııblar. Buna isə rüsvayçılıq deyilir. Misal üçün, ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Artur Gerasimov vurğulayıb ki, legitimlik məsələsini yalnız Azərbaycan xalqı müəyyən edir. Yaxud, ATƏT DTİHB-in müşahidə missiyasının rəhbəri Piter Teyler isə məsələnin onların mandatına aid olmadığını bildirib.

Xədicə İsmayılovanın yapışdığı sonuncu saman çöpü də belə qırıldı...

Beləliklə də, X.İsmayılın “ağıllı” görkəmi nəticə etibarı ilə ağılsızlıq və gərəksizliklə əvəzlənmiş oldu. Bu, həm də onun yapışdığı saman çöpünün qırılması mənasını da daşıyan reallıqdır!

Nəticədə isə belə bir məntiq ortaya çıxır. Belə ki, missiyanın bəyanatı və mətbuat konfransı ilə bağlı ümumiləşdirilmiş qənaətləri belə deməyə əsas verir ki, ATƏT DTİHB-nun bu dəfəki dəyərləndirməsində prosedur-təşkilati, metodoloji yanaşma üstünlük təşkil edib. İddia edilən çatışmazlıqlar, nöqsanlar və s. hallar isə, prosedur və təşkilati nöqteyi-nəzərdən qiymətləndirilir, eyni zamanda seçkinin uğurlu nəticələrinə heç bir təsir göstərmir. O cümlədən, sadalanan çatışmazlıqlar yerli, yaxud məhəlli xarakter daşıyır ki, bu xarakteri bütövlükdə Azərbaycan dövlətinin ayağına yazmaq bu qurumların nüfuzlarının daha da aşağı düşməsinə səbəb ola bilərdi. Hər halda, həmin qurumlar da bunu dərk ediblər.

ATƏT DTİHB və s. əvvəli ənənələrindən imtina edirlər – niyə..?

Başqa tərəfdən, əgər bu gün Azərbaycanda islahatlar fonunda keçirilən parlament seçkilərinə sərt tənqidlər yağdırılırsa belə, unudulmur ki, tənqidlər müqayisələndirilə də bilər. Məsələn, Qərbi Avropa ölkələrindəki seçkilərdə baş verən müxtəlif çoxsaylı neqativlikləri, ciddi nöqsanları faktlar şəklində ictimailəşdirmək olar. Təbii ki, ATƏT DTİHB bunu da yaxşı bilir və reallıqdan çıxış edərək, daha əvvəli ənənələrindən imtina edir, Azərbaycanda baş tutmuş şəffaf, demokratik seçkiləri təhlil edərkən, daha çox müsbət məqamları ictimailəşdirir. Radikal, destruktiv müxalifət isə bunu gözləmirdi, gözləmədiyi üçün də yuxarıdakı kimi, yağlı siyasi zopasını yebib, məyus və rüsvay oldu.

Belə ki, Azərbaycan dövlətinin gerçəkləşdirdiyi siyasi-iqtisadi, sosial islahatlar öz uğurlu nəticəsini bu sahədə də göstərdi. Məhz bu yanaşmadan da çıxış edərsək, qənaətə gələ bilərik ki, dövlətimizə qarşı atılan xoşməramlı addım daim müsbət qarşılanır və Azərbaycan hakimiyyətinin də beynəlxalq ictimaiyyətdən gizlədəcəyi, çəkinəcəyi heç nəyi yoxdur. Əksinə, təqdim edəcəyi demopkratiya etalonu mövcuddur ki, bunun da çərçivəsində istənilən beynəlxalq təşkilatla konstruktiv əsasda əməkdaşlığa hazırdır. Bir sözlə, bütün bunlar Azərbaycan iqtidarının qalibiyyəti, daim onun yanında olan Azərbaycan xalqının zəfəridir ki, son parlament seçkiləri də həmin məqamı özündə kifayət qədər ehtiva etdi.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə