Bir bezin qıraqları...

Yaxud AŞPA gəldi, "əzabkeş" radikallar daha da "məzlumlaşdı"

Dağıdıcı müxalifət "liderləri"nin xaraktersizlikləri onların özlərini xarici təşkilatlar qarşısında "erməni xəstəliyi simptomu" kimi tanınan "əzabkeş" və "məzlum" kimi tanıtmaları bu dəfə də sübuta yetdi. Əslində, AŞPA-nın seçki missiyasının Bakiya səfəri zamanı müxalifət təmsilçiləri ilə görüş keçirmələrində təəccüblü heç nə yoxdur. Yəni xüsusilə, seçkiöncəsi belə görüşlərin keçirilməsi demokratik mühitin tərkib hissəsi kimi anlaşılmalıdır.

Seçkiyə gedən müxalifətçilərlə yanaşı, seçkiyə getməyən müxalifətçilərin, yəni öz təbirlərincə "boykot taktikası" tətbiq edib, belə bir əhəmiyyətli prosesdə iştirak etməkdən boyun qaçıran, əslində isə zəifliklərini etiraf edən fərdlərin ətəklərini başlarına çəkərək, sözün əsl mənasında ağlaşma qurmaları həqiqətən də ictimai rəydə onlara qarşı istehza baxışlarını daha da gücləndirdi.

Xüsusilə də, AŞPA-nın "siyasi məhbus" oyunbazlığından oyunbaz və erməni xislətli dağıdıcı müxalifət istifadə edərək, bu görüşdə, məhz dövlətçilik maraqlarına qarşı sifarişli siyasət həyata keçirən partiyalar və qurumların iştirak etməsi də təəccübli deyildi. Belə ki, Müsavat partiyasının başqanı, namizədliyi qeydə alınsa da, hələ də narazılıq edən, öz partiyasının qurultayında saxtakarlıq yolları ilə başqanlıq kürsüsünü ələ keçirən Arif Hacılı, "boykotçuluq" və siyasi həyasızlıq nümunəsinin bariz təcəssümçüsü, AXCP sədri Əli Kərimli, həbsdən azadlığa çıxar-çıxmaz Qərbin anti-Azərbaycan dairələrinə minnətdarlıq edən və özünə "Haqq-Ədalət Partiyası" adlı təşkilat yaradan Əli İnsanov, "ReAl" partiyasının hərdəmxəyal sədri İlqar Məmmədov və əlbəttə ki, destruktiv düşərgənin "primadonnası", minsifətli "Milli Şura"nın koordinasiya mərkəzinin üzvü Gültəkin Hacıbəyli! Məqsəd bəlli, ancaq nəticə də bəlli. Bir bezin qırağı olanların dərdi beynəlxalq təşkilatlarda Azərbaycan haqqında mənfi rəy yaratmaq, "seçkilər saxtakarlıqla keçirilir" deməklə hay-həşir salmaq.

Əli Əhmədov: "Əli İnsanov Azərbaycanın bugünkü reallıqlarını çox yaramaz formada təhrif edir"

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov seçkilər ərəfəsi Azərbaycan iqtidarı əleyhinə əsassız bəyanatlar səsləndirən Əli İnsanovun erməni lobbisinin dəstəyinə arxalanmaq məqsədilə onların müdafiəçisi kimi çıxış etməyə başladığını bildirib: "Əli İnsanov Azərbaycanın bugünkü reallıqlarını çox yaramaz formada təhrif edir. Guya Azərbaycanda insan hüquqları pozulur, əhali çətinliklər içərisində yaşayır. Əli İnsanov Bakının timsalında Azərbaycanda nə qədər möhtəşəm dəyişikliklərin baş verdiyinin şahidi ola-ola bütün bu gerçəkliklərə göz yumur. Bu isə onun məkrli niyyətindən xəbər verir... Müxalifət itirdiyi mövqelərini yanlış yolla bərpa etməyə çalışır. Bu da söyüş, təhqir, böhtan kampaniyasıdır. Bu isə istənilən halda başucalığı gətirmir. Eyni zamanda bu kampaniya onların tərəfdarlarının sayını da azaldır... Təhqir və böhtanla hakimiyyət uğrunda mübarizə aparmaq mümkün deyil. Əgər hakimiyyət uğrunda mübarizə aparırsansa, düzgün olmalı, insan hüquqlarına hörmətlə yanaşmalısan. Böhtanla imic formalaşdırmaq mümkün deyil".

AŞPA-nın dəlilsiz, sübutsuz "siyasi məhbus" oyunbazlığı

Dağıdıcı müxalifət seçkiərəfəsi AŞPA-nın məlum qərəzli "qətnaməsindən" istifadə edərək, Azərbaycan haqqında tənqidlər səsləndirir. Maraqlıdır, görəsən AŞPA-nın seçki missiyası seçkiləri "boykot" edən Ə.Kərimliyə, G.Hacıbəyliyə sual edibmi ki, onların və yandaşlarının bu addımları mövcud situasiyaya heç bir təsir göstərə bilməz? Yaxud anlada bilibmi ki, həmin "taktika" əslində onların zəifliklərinin, uğursuzluqlarının məntiqi sübutudur? İnanırıq ki, onlara belə bir sual verilməyib, əksinə, Azərbaycanın demokratik seçki mühitinə qarşı əsassız, məntiqsiz, sübutsuz, dəlilsiz "kompromatlar" toplanılıb ki, sonradan, yəni seçkidən sonra dərhal digər bir Avropa qurumu - ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu həmin "kompromatları" qərəzlə xalqın üzünə oxusun. Amma bütün bunlar əbəsdir. Çünki xalq kimin-kim olduğunu çoxdan bilir, bundan sonra da biləcək.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə