Azərbaycan Prezidenti 14 ildir ki, hər il Davosa gedir, NİYƏ?

Azərbaycan Prezidenti 14 ildir ki, hər il Davosa gedir, NİYƏ?

AZƏRBAYCAN PREZİDENTİ 14 İLDİR Kİ, HƏR İL DAVOSA GEDİR. NİYƏ?

YAXUD AZƏRBAYCANLILAR DAVOSDA NƏ AXTARIR?

Hər il dünya liderlərinin toplaşdığı, müasir dünya siyasətinin ənənəvi elitar ünsiyyət və dialoq platformalarından biri, dünyanın, coğrafi-hüquqi, həm təbiət-mədəniyyət, həm də maddi-iqtisadi zəngin qovşaqlarından olan banklar ölkəsi İsveçrənin Davos şəhərində Davos İqtisadi Forumu adlı zirvə görüşü keçirilir. Əslində, bu toplantı iqtisadi forum adlansa da əsas mahiyyət etibarilə müasir dünya düzəninin, iqtisadi-texnoloji inkişaf siyasətinin müzakirəsi, proqnozlaşdırılması və bir çox gələcək proseslərin, siyasi-iqtisadi perspektivlərinin razılaşdırılması baxımından çox əhəmiyyətli dialoq vasitəsidir.

Dünyanın siyasi, iqtiadi, elmi-texnoloji elitasının bir araya gəlməsi uzaqgörən, çevik siyasətçilər üçün çox dəyərli və münbit şərait yaradır. Əgər dünyanın aparıcı dövlətlərinin rəhbərləri Davosa gələrək bu tədbirdə iştirak edirlərsə, deməli, bu Forumun siyasi əhəmiyyəti də çox böyükdür. Məsələn, Türkiyə Prezidenti cənab Ərdoğanın İsrail prezidenti ilə dünyada nadir hadisələrdən sayılan iki dövlət başçısının dialoq zamanı dünya ictimaiyyətinin diqqəti önündə protokoldan kənar konfrantasiyasının özü elə bu forumun heç də təkcə iqtisadi forum olmadığının, siyasi əhəmiyyəti böyük olan beynəlxalq tribuna statusunun əyani göstəricisidir.

DAVOS İQTİSADİ FORUMUNUN TARİXİ

Davos İqtisadi Forumu (DİF) isveçrəli professor Klaus Şvebsin təşəbbüsü ilə 1971-ci ildə yaradılıb.

Klaus Şvebs 1971-ci ildə İsveçrənin Davos şəhərində Avropanın aparıcı 450 şirkətinin rəhbərlərini toplayaraq, dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə birinci simpoziumu keçirib. 70-ci illərin ortalarından forumun iclaslarına müxtəlif ölkələrin hakimiyyət nümayəndələri və iş dünyasının liderləri olan sahibkarlar dəvət edilməyə başlandı. 1987-ci ildən etibarən DİF Dünya İqtisadi Forumu adlandırılmağa başlanıb. Davos forumu üçün ənənəvi şəkildə keçirilən illik görüşlər xarakterikdir. DİF-in hər il keçirilməsində əsas məqsəd ‎dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, ‎iqtisadçıları, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir. 1979-cu ildən etibarən DİF-in mütəxəssisləri tərəfindən "dövlətlərin qlobal rəqabətə davamlılığı" adlı məruzə hazırlanılır. Bu məruzələrdə dünyanın 100-dən çox dövləti iki əsas göstərici əsasında - potensial inkişaf və rəqabətə davamlılıq indeksi üzrə qiymətləndirilir.

İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır.

Azərbaycandan ilk dəfə 27-31 yanvar 1995-ci ildə Prezident Heydər Əliyev Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərində işgüzar səfərdə olub. Azərbaycan Respublikasının DİF-də ilk dəfə iştirakı münasibətilə forum çərçivəsində Azərbaycana həsr olunan görüş keçirilib və Heydər Əliyev ölkə haqqında, onun siyasi, iqtisadi və sosial-mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Heydər Əliyev ‎Azərbaycanın karbohidrogen ehtiyatlarla zəngin olduğunu və bu ‎resurslardan dünyanın gələcək inkişafı naminə istənilən ölkə ilə qarşılıqlı maraqlar əsasında ‎istifadə etmək prinsiplərini özündə əks etdirən xarici iqtisadi siyasət xətti tutduğunu bəyan edib.‎ O, bildirib: "Zəngin neft və qaz yataqları, digər təbii sərvətləri olan Azərbaycan müasir dünyanın istifadə etdiyi prinsiplər əsasında xarici investisiyalar, xarici şirkətlərlə əməkdaşlıq üçün, dünya üçün açıqdır".

Prezident Heydər Əliyev 27-30 mart 2000-ci ildə Davosda "Qafqazın və Mərkəzi Asiyanın perspektivləri: İpək yolu və ya böyük oyun" mövzusunda keçirilən sessiyada iştirak edib. Səfər çərçivəsində Heydər Əliyev Dünya İqtisadi Forumunun prezidenti Klaus Şvab ilə görüş keçirib. Klaus Şvab dünyanın bütün ölkələrinin Qafqaza böyük maraq göstərdiyini bildirib, Bakı-Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinə dair imzalanmış sazişin Azərbaycanın bütün dünyada nüfuzunun daha da artmasının əyani nümunəsi kimi dəyərləndirib. Heydər Əliyev DİF ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsinin ölkəmizin iqtisadi qüdrətinin artması üçün geniş imkanlar açacağını bildirib.

Beynəlxalq forum yalnız bir dəfə - 2002-ci ildə ABŞ-dakı 11 sentyabr terror hadisəsinə etiraz əlaməti olaraq Nyu-Yorkda keçirilib. Bu forumda 106 ölkədən 3 min nümayəndə Nyu-Yorka toplaşaraq 11 sentyabr terror ‎hadisələrinə qarşı çıxdıqlarını nümayiş etdiriblər. Forumda Azərbaycan Prezidenti Heydər Əliyev də iştirak edib və öz çıxışında sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində baş vermiş terror aktından son dərəcə narahatlıq duyduğunu bildirib. Heydər Əliyev bütün dünya dövlətlərinin səylərini beynəlxalq terrorizmlə birgə mübarizə üçün birləşdirməyin vacibliyini bildirib. Heydər Əliyev Beynəlxalq terrorizmin qaynaqlarından birinin separatizm olduğunu bildirərək bunu Dağlıq Qarabağın timsalında izah edib: "... Bu ərazidə münaqişə məhz separatçılıq niyyətinə görə başlanmış, sonra Ermənistanla Azərbaycan arasında müharibəyə çevrilmiş və nəticədə Azərbaycan ərazisinin təxminən on altı min kvadrat kilometr hissəsi nəzarətsiz sahəyə çevrilmişdir, daha dəqiq desək, qanunsuz silahlı qüvvələrin nəzarətində qalmışdır. Bu əraziyə dünya birliyi, heç bir beynəlxalq təşkilat nəzarət etmir. Təbii ki, orada çoxlu silah toplanmışdır, orada narkotik maddələrin qanunsuz dövriyyəsi də ola bilər. Deməli, bu, münaqişə törətmək mənbəyidir, terrorizm mənbəyidir..."

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda ilk dəfə 25 yanvar 2007-ci ildə “Güclərin qlobal balansının yerdəyişməsi” devizi ilə keçirilən forumun ilk iclasında “Neft geosiyasətinin artan əhəmiyyəti” mövzusunda çıxış edib. Azərbaycan dövlətinin başçısı ölkədə qlobal enerji layihələrinin həyata keçirildiyini vurğulamaqla bunun bütün dünya üçün əhəmiyyətli olduğunu bildirib. Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolunun günbəgün artdığını qeyd edən dövlət başçısı energetika sahəsində əldə olunan uğurların bütövlükdə region üçün əhəmiyyətini qeyd edib. Səfər çərçivəsində İlham Əliyev Dünya İqtisadi Forumunun icraçı prezidenti Klaus Şvabla görüşüb. Klaus Şvab Azərbaycan Prezidentinin bu mötəbər Forumda iştirakının əhəmiyyətini vurğulayıb, Azərbaycanın enerji sahəsində artan rolu, regional əməkdaşlıqda iştirakını yüksək qiymətləndirib.

Bundan sonraki illərdə Davos İqtisadi Forumunda daim iştirak edən Azərbaycan Prezidenti 2009-cu il 28 yanvar–02 fevral tarixində keçirilən beynəlxalq tədbir çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmilərlə bir çox maraqlı tərəflərlə Azərbaycan və Avropa İttifaqı arasında işbirliyi, bölgədə təhlükəsizliyin təmin olunması, Nabukko layihəsinin gələcəyi, Türkiyə-Ermənistan münasibətləri, Ermənistan ilə Azərbaycan arasında münaqişə, İpək yolu layihəsi çərçivəsində Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi məsələləri müzakirə olunub. İlham Əliyev Davos forumunun “Böyük oyun təkrarlanır”, "Neft-qaz siyasəti - xəritə dəyişikliyi" mövzularındakı iclaslarda da iştirak edib.

Nəhayət, 2020-ci il yanvarın 21-24 tarixlərində Davos İqtisadi Forumunda Azərbaycan Prezidentinin qatıldığı beynəlxalq tədbirdə 3000-dən çox qonaq, o cümlədən, 100-dən artıq dövlət və hökumət başçıları iştirak edərək planetimizin əsas problemlərinin müzakirəsi təşkil olunmuşdur.

Dünyanın siyasi-iqtisadi, mədəni-texnoloji elitasının cəmləşdiyi bu platforma çərçivəsində 14 ildir ki, mütəmadi olaraq iştirak edən Prezident İlham Əliyev 300-dən çox müxtəlif görüşlər keçirmiş və böyük regional və qlobal layihələrin müzakirəsində iştirak etmişdir. Sözsüz ki, Azərbaycanın beynəlxalq iqtisadi layihələrdə birbaşa və bilavasitə iştirakı həm Azərbaycanın iqtisadiyyatının inkişafı, həm də regionun və dünyanın iqtisadi sisteminə töhfələr verilməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan iqtisadiyyatının gələcəyi” mövzusunda məqaləsi yerləşdirilib. Həmin məqalədə dövlət başçısı 2007-ci ildən başlayaraq hər il Davos Forumunda iştirak etdiyini, Azərbaycan iqtisadiyyatının 2007-ci ildən bəri sabit inkişaf yolu keçdiyini, ölkəmizin Avropa ilə Asiya arasında strateji nəqliyyat mərkəzi kimi mövqe tutduğunu və Azərbaycanın Avropaya təbii qaz ixracını əhəmiyyətli dərəcədə artmasına imkan verəcək boru kəmərlərinin inkişafı kimi mühüm əhəmiyyətli məsələlərə toxunub.

Azərbaycanın Davos Forumunun hazırladığı "Qlobal Rəqabətlilik hesabatı"na görə dünyada 144 ölkə arasında 39-cu, MDB məkanında isə 1-ci yerə çıxmasını qeyd etmək mümkündür.

Davosda Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin bununla bağlı imzaladıqları niyyət protokolu ilə ölkəmizlə Forum arasında əlaqələrin yeni səhifəsinin başlanğıcı qoyulub. Çox məhdud sayda ölkələrdə yaradılan belə mərkəzlərin əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir.

Davos İqtisadi Forumunun işində mütəmadi iştirak edən Azərbaycan dövləti bir çox beynəlxalq platformalarda olduğu kimi bu layihədə də iştirakçıdan təşkilatçı dövlət statusu qazanmışdır.

BƏS BU BİZƏ NƏ VERİR?

Biz əvvəllər də dəfələrlə qeyd etdiyimiz kimi, bu, əvvəla, ölkəmizin beynəlxalq nüfuzunun artmasında və dünya çapında tanınması, təbliğ olunması işində bütün nüfuzlu beynəlxalq tribuna və tədbirlərdən istifadə edərək bəhrələnmək istiqamətində növbəti mühüm vasitədir. Belə beynəlxalq tədbirlərin iştirakçısı 3000 nəfərin əhatə etdiyi dünyanın 80% coğrafiyasını təmsil edən elmi, siyasi, biznes dairələridir. Onların diqqətində mədəni, inkişaf etmiş xalq, ölkə və dövlət olaraq dünya düzəninin sorunlarında iştirak hüququ və nüfuzu qazanmaq bizə həm sosial-iqtisadi, mədəni inkişaf və eyni zamanda dövlət müstəqilliyimizin möhkəmlənməsi baxımından çox vacibdir. Adi bir misal, məsələn, Ralli yarışlarında bizim gəlirlərimiz təkcə milyonlarla vəsait qazanc əldə etmək deyil, bu beynəlxalq layihənin təşkilatçılarından biri kimi, yarım milyarddan çox izləyicisi olan bir auditoriya, tribunaya sahib olmaqdan ibarətdir.

Digər tərəfdən, iqtisadi inteqrasiyada önə çıxmaq və təşkilatçılar sırasında yer tutmaq Azərbaycanda demokratik, hüquqi təsisatların inkişaf etmiş dünya standartlarına uyğunlaşdırılmasına həm şərait yaradır, həm də bu standartların praktiki təsdiqini stimullaşdırır.

Dünya iqtisadiyyatına inteqrasiya, alternativlik, rəqabət Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmlənməsi baxımından da çox böyük əhəmiyyət kəsb etməklə yanaşı daxili iqtisadi inkişafa və vətəndaşların sosial rifah halının daha da yaxşılaşmasına və bu standartın da yüksəlməsinə öz müsbət təsirini göstərən vacib amillərdəndir. Sözsüz ki, strateji hədəflər sırasında olan belə perspektiv layihələr, zaman keçdikcə, tədricən nəticələrini göstərir. Necə ki, on illər öncə başlanan layihələrin nəticələri bu gün artıq göz qabağındadır.

Rasim Quliyev,

Resurs Analitik İnformasiya Mərkəzinin rəhbəri

Bütün xəbərlər Facebook səhifəmizdə