Danışıqlar nəticəsiz qalsa, müharibə ehtimalı artır və Azərbaycanın buna hüququ var
Məlum olduğu kimi, yanvarın 30-da Cenevrədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında danışıqların növbəti mərhələsi keçirilib. Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqların ilk mərhələsi 7 saat davam edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizamlanması müzakirə edilib.
Bu görüşlərlə bağlı siyasətçilər, politoloqlar, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər və analitiklər bununla bağlı müxtəlif məzmunlu ehtimallar irəli sürürlər. Məqalə müəlliflərini daha çox nazirlərin cəmiyyətlərin sülhə hazırlanmasından bəhs etmələri maraqlandırır. Bunu Azərbaycanın Xarici İşlər Nazirliyi verdiyi açıqlamada da qeyd edib. Ancaq Ermənistan mətbuatında həmin mövzu ilə bağlı dərc edilən məlumatların qısa təhlili göstərir ki, burada hər şey göründüyü kimi deyil. Ermənistan tərəf real vəziyyəti təhrif edən fikirlər ifadə edir. Onlar "sülhə hazırlıq" məsələsini cəmiyyətə özlərinin təsəvvür etdikləri kimi təqdim etməyə çalışırlar.
Bu, bir tarixi həqiqətdir ki, bütün müharibələrin sonu sülhlə nəticələnir. Artıq 30 ilə yaxındır ki, ipə-sapa yatmayan ermənilərə bu adi həqiqəti qəbul etdirmək mümkün olmur. Onlar xarici havadarlarının köməyi ilə müharibədə əldə etdikləri müvəqqəti üstünlüyü özlərinin "əbədi qələbəsi" kimi təqdim etməkdən xilas ola bilməyiblər. Hətta onlar utanmadan aprel döyüşlərində erməni ordusunun və xalqının "qəhrəmanlığı"ndan bəhs edirlər.
Qabil Hüseynli: "Ermənistan hökumətinin sülh danışıqlarından başqa çıxış yolu yoxdur"
Politoloq Qabil Hüseynlinin fikrincə, baş nazir Nikol Paşinyan nə qədər absurd fikirlər səsləndirsə də, birbaşa təmaslardan imtina edə bilməz: "Paşinyanın sərsəm ifadələri və qərəzli mövqeyi danışıqlar prosesinə ciddi zərbə vurur. İrəvan sülhün tərəfində olmadığını dəfələrlə
isbatlayıb. Amma məsələ ondadır ki, düşmən hərbi əməliyyatların başlanmasını da arzulamır. Çünki Ermənistan müharibənin başlayacağı təqdirdə, fəlakətə düçar olacağının fərqindədir. Paşinyanın qaçacaq yeri yoxdur. Sabiq prezidentlər Serj Sarksiyan və Robert Koçaryan Azərbaycan torpaqlarının işğalında rol oynamış şəxslər kimi bu təhlükəli mirası Paşinyana ötürüb gediblər. Lakin artıq sabiqlər də anlayırlar ki, dövr dəyişib, şərtlər əvvəlki kimi deyil, yeni beynəlxalq anlayış formalaşıb. Pis-yaxşı proseslərə nəzarət edilir. Müəyyən mənada, işğalçı Ermənistana təzyiqlər də göstərilir. Bütün dövlətlər və nüfuzlu qurumlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Avropa İttifaqının qərarına görə, postsovet məkanındakı bütün münaqişələrə yanaşmalar, ərazi bütövlüyü çərçivəsində olmalıdır. O baxımdan, Paşinyan uzun müddət özünü "dəlioğlanlığa" qoyub, real faktlardan qaça bilməz. İrəvan hökuməti, əvvəl-axır danışıqlar masasına oturmalı və ona diktə ediləni qəbul etməlidir. Bunun əksi savaşdır".
Politoloq onu da vurğulayıb ki, xarici illər nazirlərinin görüşlərindən öncə Fransa prezidenti Emmanuel Makron yanvarın 29-da Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilib, hər iki tərəf əlaqələrin inkişafından məmnun olduqlarını bildirib, iqtisadi sahədə əməkdaşlığın genişləndiyi vurğulanıb. Eyni zamanda, dövlət başçıları Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri də müzakirə ediblər. Prezident İlham Əliyev münaqişənin nizama salınması ilə bağlı Azərbaycanın mövqeyini bir daha Fransa prezidentinə çatdırıb. Politoloq onu da söyləyib ki, dövlət başçısı telefon danışığı zamanı, həmçinin, regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıb.
Rasim Musabəyov: "Rusiya Ermənistanın baş nazirinin başına ağıl qoysun ki, İrəvan Moskvanın siyasətinə maneələr yaratmasın"
Politoloq Rasim Musabəyov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə keçirilən və 7 saat çəkən Azərbaycan-Ermənistan XİN başçılarının danışıqlarından elə bir gözləntilərin olmadığını bildirib: "Nə həmsədrlər, nə xarici işlər nazirləri Dağlıq Qarabağın həllindən danışırlar. Bu görüşlər mənasızdır. Xarici işlər nazirləri, sadəcə, 7 saat vaxt itiriblər. Bu ilin fevral ayında Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında iştirak edəcəklər. Konfrans çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə N.Paşinyan arasında görüşün təşkil olunması istisna olunmur. Hər halda, bu danışıqlar işğalçı ölkənin baş nazirinin sərsəm yoldan çəkinməsinə və düz yola gəlməsinə gətirib çıxarar. Əks halda, başı ikinci dəfə aprel hadisəsi ilə üzləşəcək".
R.Musabəyov həmin ərəfədə Fransa Prezidenti Emmanuel Makron ölkəmizin başçısı İlham Əliyevə telefonla zəng etməsi ilə bağlı məsələy aydınlıq gətirən politolq bildirib ki, bu, o deməkdir ki, münaqişəni sülh yolu ilə irəli aparmaq üçün müəyyən səylər göstərilir. Ancaq bunun nəticə verib-verməyəcəyini indidən demək çətindir. Hər halda, bir daha vurğulayıram ki, Paşinyan sərsəm bəyanatlarından əl çəkib, ciddi danışıqlara başlamalıdır: "Amma bunun nəticə verib- verməyəcəyini öncədən demək çətindir. Bir onu deyə bilərəm ki, danışıqların perspektivi olmadıqca gərginlik artacaq və vəziyyəti nəzarətdə saxlamaq çətinləşəcək. Bu qədər, deyəcəyim başqa bir söz yoxdur".
Azərbaycan öz ərazi bütövlüyünü mütləq bərpa edəcək
Bu gün, həqiqətən də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin bir nömrəli problemidir. Məhz bu səbəbdən, rəsmi Bakı bütün səylərini, məhz bu problemin danışıqlar yolu ilə həllinə yönəldib. Əlbəttə ki, görülən işlər öz məntiqi nəticəsini verir və bu gün Azərbaycan Ordusu regionun ən güclü və ən yaxşı təchiz olunmuş ordusudur. Azərbaycan Ordusu qarşıya qoyulan istənilən vəzifəni icra etmək qüdrət və imkanına sahibdir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev keçirilən görüşlərdə dəfələrlə vurğulayıb ki, bizim mövqelərimiz möhkəmdir, güclüdür və təmas xəttində Azərbaycan Ordusu tam üstünlüyü əldə edib: "Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə, ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Biz bundan sonra da öz döyüş potensialımızı artıracağıq. Hazırda Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Son vaxtlar əldə etdiyimiz silah və texnika, deməyə əsas verir ki, biz istənilən vəzifəni biz icra edə bilərik".
Biz hər iki varianta hazırıq
Belə bir aksioma var ki, qələbələr yalnız ordular hesabına qazanılmır. Müharibənin taleyini həm də güclü iqtisadiyyat və ölkənin diplomatik gedişləri həll edir. Bu yöndə ardıcıllıqla həyata keçirilən tədbirlər isə effektiv nəticəyə gedən yolda mühüm əhəmiyyətə malikdir. Prezident, Ali Baş Komanda İlham Əliyev də qeyd olunan görüşdə bu məqama diqqət çəkərək, vurğulayıb ki, münaqişənin həlli yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür: "Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Tarixi, əzəli Azərbaycan torpağıdır. Beynəlxalq hüquq normaları bizim mövqeyimizi dəstəkləyir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Biz heç vaxt Azərbaycan torpağında ikinci qondarma "erməni dövləti"nin yaradılmasına imkan verməyəcəyik, öz ərazi bütövlüyümüzü bərpa edəcəyik: ya sülh yolu ilə, ya hərbi yolla. Biz hər iki varianta hazırıq".
Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, beynəlxalq hüquq bəzi hallarda işləmir. Beynəlxalq hüquq normaları pozulur və dünya ictimaiyyəti buna biganə qalır. Amma bununla yanaşı, münaqişənin uzun müddətdir həllinə nail olunmamasının başlıca səbəbi Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe ilə izah olunmalıdır. Ermənistan özünü qeyri-səmimi aparır, danışıqlar prosesini uzadır, həlledici mərhələlərdə müxtəlif bəhanələrlə danışıqlardan geri çəkilib. İrəvandakı kriminal rejim beynəlxalq hüquq normalarını tanımır, işğalçılıq siyasətini bu gün də davam etdirir. Onlar danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən təklif edilmiş variantlara guya öz razılıqlarını verirlər amma, eyni zamanda, Laçında qanunsuz məskunlaşdırma siyasəti aparırlar. Bu, onu göstərir ki, ermənilərin siyasəti qeyri-səmimidir və onlar beynəlxalq ictimaiyyəti aldatmaqda davam edirlər. Ona görə də, sərbəst siyasət aparmağı bacarmayan baş nazir Nikol Paşinyan "nala-mıxa" döyə-döyə qalıb. Əvvəllər "boş qalmış Azərbaycan torpaqları bizə lazım deyil" deyən Paşinyan indi işğal müddətini uzatmağa çalışır. Ermənistanın müdafiə naziri David Tonoyanın sərsəm bəyanatları da bundan qaynaqlanır. Bir tərəfdən "sülhə hazırıq" deyən Ermənistan rəhbərliyində təmsil olunan bu adam o biri tərəfdən "müharibə yeni Azərbaycan ərazilərini işğalıdır" kimi sarsaq bəyanatlar verir. Lakin sona qədər belə davam edə bilməz. Çünki Azərbaycan tərəfinin danışıqlarda ortaya qoyacağı dəlillər kifayət
qədərdir. Azərbaycan bu gün çoxpilləli müdafiə sisteminə və çoxgedişli hücum taktikasına sahibdir. Ermənistanın isə beynəlxalq hüquqi normalar çərçivəsində ortaya qoya biləcəyi hansısa bir dəlili yoxdur. Ermənistan diplomatiyası dalana dirənib. Bütün hallarda Azərbaycan cəmiyyətinə, beynəlxalq ictimaiyyətə, o cümlədən, Ermənistana və ermənilərin özlərinə bəllidir ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin ərazi bütövlüyünə xələl gətirəcək hansısa sənədin qəbuluna imkan verməyəcək. Rəsmi Bakının əlində əsas tutduğu yeganə prinsip var - Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır və Dağlıq Qarabağ üzərində suverenliyi təmin edilməlidir. Ali Baş Komandanın da bütün dünya ictimaiyyətinin diqqətinə çatdırdığı mövqeyi belədir ki, bu məsələ ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, bunun əsasında həll olunmalıdır: "Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil".
Bəli, bir çıxış yolu var - Azərbaycan torpaqlarını öz xoşluqları ilə boşaltmaq. Əks-təqdirdə Azərbaycan özü bunu etməyə məcbur olacaq.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB