"Azərbaycan Prezidenti ilə Paşinyanın görüşü planlaşdırılır" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın görüşü ərəfəsində Ermənistanın Baş naziri Nikol Paşinyanın Serj Sarkisyanın dövründəki sənədi açıqlaması heç də təsadüfi deyil. Ona görə də ola bilər ki, bu görüş mümkün qədər sensassiyalı görüş ola bilər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində razılaşdırılmayan məsələlərin bir çoxu razılaşdırıla bilər". Bunu SİA-ya politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, çox nadir hallarda ATƏT-in Minsk Qrupunun həmsədrləri iki günlük görüş təyin edirlər: "Görünür, İsverçrənin Cenevrə şəhərində baş tutacaq görüş bir neçə raunddan ibarət olacaq. Çünki artıq bir məsələ də aydındır. Təxminən fevralın 20-də Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Almaniyada Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşü planlaşdırılır. Bu mənada həmsədrlər çalışacaqlar ki, XİN rəhbərlərinin görüşündə mümkün qədər bir çox məsələlər razılaşdırılsın. Burada vacib olan bir məsələ var, o da bizim ictimai-siyasi mühit Paşinyanın açıqlamalarını lazımi qədər başa düşmədi. Yəni Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində psixoloji parametr hal-hazırda çox üstündür. Ona görə də XİN rəhbərlərinin görüşü Prezidentimizlə Ermənistanın Baş nazirinin görüşü ərəfəsində çox həssasdır. İnanın ki, Azərbaycanın təbliğatı proseslərin gedişinə təsir edəcək”.

Qeyd edək ki, bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşəcək. Görüş İsverçrənin Cenevrə şəhərində baş tutacaq.

XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizamlanmasını müzakirə edəcəklər. Ötən gün Azərbaycanın XİN rəhbəri Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə