"Azərbaycan balanslaşdırılmış siyasət aparır" ÖZƏL-MÖVQE

“Çoxqütblü əslində dünyada olan müxtəlif güclərin bir-biri ilə münasibətlərinin tənzimlənməsinə imkanlar yaradır. Bu da hər hansı bir super gücün diqtəsi və yaxud da diqtə etmək ehtimalını minimuma endirir”. Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibəsini şərh edərkən deyib.

“Bir sözlə, müxtəlif güclər (qlobal, regional və s.) var. Onların bir-biri ilə olan münasibətləri dünya siyasətində balanslı siyasət aparmağa imkan yaradır. Bununla belə digər daha kiçik oyunçular müxtəlif güclərlə münasibətlərini quraraq öz yaxın və gələcək perspektivlərini müəyyən edirlər. Azərbaycan məhz belə ölkələrdən biridir. Azərbaycan ABŞ, Rusiya, Çin, Avropa İttifaqı ilə, eyni zamanda regional oyunçular olan Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Pakistanla balanslaşdırılmış siyasət aparır. Onlar regional güclər sayılırlar. Biz bu ölkələrlə də məhsuldar siyasət aparırıq. Bu gün Azərbaycan müstəqil siyasət aparır. Dünya siyasi sistemində balanslaşdırılmış siyasət imkan yaradır ki, biz öz məqsədlərimizə nail ola bilək, eyni zamanda digər ölkələrlə də münasibətlərimizi quraq. Yəni onlarla hansısa maraqlar çərçivəsində münaqişə yaşamayaq”-deyə, politoloq fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə