Strasburqda AŞPA-nın qış sessiyası başlayıb

Yanvarın 27-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayıb. SİA xəbər verir ki, sessiyada Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Rafael Hüseynov, Asim Mollazadə, Sabir Hacıyev və Naqif Həmzəyev daxildir.

Sessiyada əvvəlcə AŞPA-nın yeni prezidenti seçiləcək. Qurumun prezidentliyinə bir namizəd var və o, Belçikadan olan deputat Hendrik Daemsdir.

Qış sessiyası çərçivəsində Moldova və Gürcüstanın prezidentlərinin, eləcə də Gürcüstanın Xarici İşlər nazirinin, Avropa Şurası Nazirlər Komitəsinin sədrinin və baş katibinin çıxışları gözlənilir.

Sessiyada “Liviya və Orta Şərqdə son inkişaflar: Avropa üçün hansı nəticələr?” və “Miqrasiya və Brexit-in nəticələri” mövzuları, eləcə də qurumun Nizamnaməsindəki öhdəliyin üzv dövlətlər tərəfindən ciddi pozduğu hallarda Nazirlər Kabineti və Assambleya arasında birgə əlavə proseduralarla bağlı olacaq.

Parlamentarilər media azadlığı və jurnalistlərin təhlükəsizliyinə təhdidlərə, eləcə də iş yerlərində dini azadlığın müdafiəsinə dair müzakirələr aparacaqlar.

Assambleyada miqrant alveri, qaçqın və miqrant uşaqların oğurlanması, orqan transplantasiyası və alveri kimi mövzular ətrafında birgə debatlar təşkil ediləcək.

Azərbaycan deputatları müzakirələrdə çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

Sessiya çərçivəsində yanvarın 28-də Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçiriləcək.

Qeyd edək ki, sessiya yanvarın 31-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə