MSK müraciətlərin araşdırılmasına çox ciddi yanaşır - AÇIQLAMA

"Mərkəzi Seçki Komissiyası Dairə Seçki Kommisiyalarına (DSK) iddiaçılar tərəfindən daxil olan müraciətlərin araşdırılmasına çox ciddi yanaşır". Bunu açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.

R.Qasımov bildirib ki, bu baxımdan da MSK DSK nəzdində fəaliyyət göstərən ekspert qruplarının bilik və bacarıqları kifayət qədər yüksəkdir: "Onların bilik və bacarıqlarının artırılması və təkmilləşdirilməsi üçün bir çox təlimlər, seminarlar həyata keçirilir. Ekspert qruplarının əsas əsas hədəfi DSK-lara daxil olmuş müraciətlərin dəqiq, qərəzsiz və obyektiv araşdırılması, rəylərin və məlumatların DSK-lara təqdim edilməsidir. Həmin DSK-ları da bu rəylər əsasında öz yekun qərarını verir. Biz hər zaman çalışırıq ki, prosesdən narazı qalan vətəndaşlarımız olmasın. Yəni seçkilər elə səviyyədə keçsin ki, bütün iştirakçılar bu prosesdən razı qalsın. Amma onu da nəzərə almaq lazımdır ki, seçkiler emosional prosesdir. Seçkidə bir tərəf qalib gəlir, digər tərəf seçicilərin səslərini kifayət qədər toplaya bilmir, məhz bu məqsədlə həmin emosional yükün çıxarılmasını vətəndaşlarımız şikayət etməkdə görür. Bu zaman vətəndaşlarımız həmin şikayətlərin dəqiq, qərəzsiz, obyektiv araşdırıldığını görür və özləri də bu prosesdə iştirak edir və gəlinən nəticədən razı qalırlar".

R.Qasımov vurğulayıb ki, son Bələdiyyə seçkilərində daxil olan şikayətlərə dəqiq, qərəzsiz, obyektiv şəkildə baxılmasına nail olmaq üçün mühim addımlar atılıb: "Məhz bu addımlar nəticəsində də Bələdiyyə seçkilərinin nəticələri ilə əlaqədar təhlillər apararkən biz gördük ki, bizim narazı qalan seçicilərin sayı əvvəlki seçkilərlə müqayisədə demək olar ki, 2 dəfə aşağı düşüb. Biz bu dəfə də çalışırıq ki, DSK-larda müraciətlərə baxılması, düzgün qərarların çıxarılması istiqamətində peşəkarlığını daha da artıraq. Buna görə də biz bu gün bu seminarı təşkil etdik. Qeyd etmək istəyirəm ki, bu seminarlar ölkənin müxtəlif yerlərində həyata keçirilir. Eyni səpkili seminarlar bu gü Naxçıvan, Masallı, Şəki, Gəncə Masallı rayonlarında da həyata keçirilir. Ümid edirik ki, bütün bu seminarların keçirilməsində qarşıya qoyulmuş məqsədə nail olacağıq və bizim ekspert qruplar təkmil biliklərin əldə olunmasına nail olacaqlar".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə