Gözəl və inkişaf edən diyarın adı Naxçıvandır

Prezident İlham Əliyev: «Naxçıvanın uğurlu inkişafı Azərbaycanın uğurlu inkişafı deməkdir. Bizim müstəqilliyimizin möhkəmləndirilməsi deməkdir. Burada gedən işlər məni çox sevindirir»

Ölkəmizdə aparılan məqsədyönlü uğurlu siyasətin nəticəsi olaraq, respublikamız dünyanın sürətli inkişaf yolunda irəliləyən, özünəməxsus milli inkişaf modelini yaradan dövlətlərindən biri kimi tanınır. 2019-cu ilin əvvəlindən başlayan sosial-iqtisadi islahatlar, kadr sahəsində yeniliklər Azərbaycanın uzunmüddətli perspektivə və dinamik sosial-iqtisadi inkişafın davamlılığına yeni imkanlar yaradıb. Bu uğurlar və nailiyyətlər prosesində qədim və əsrarəngiz diyarımız olan Naxçıvan Muxtar Respublikası xüsusi rolu ilə seçilir. Muxtar respublikada quruculuq-abadlıq işləri, yeni iş yerlərinin yaradılması, əhalinin sosial-iqtisadi durumunun yaxşılaşdırlması istiqamətində genişmiqyaslı işlər görülür və islahatlar həyata keçirilir. Əldə olunun nailiyyətlər isə, heç də səbəbsiz deyil. Ulu Öndərimiz Heydər Əliyevin mükəmməl idarəçilik fenomeni, düşünülmüş sosial-iqtisadi siyasəti, bu gün də muxtar respuvlikada davam etdirilməkdədir. Bu, inkaredilməz faktdır ki, Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına, o cümlədən, yağı düşmən olan Erməinistanla üz-üzə olan Naxçıvanın tənəzzüldən tərəqqiyə və inkişfa çıxmasına gətirib çıxardı. Həm də, qətiyyətlə onu qeyd etmək olar ki, əgər Ulu Öndər Heydər Əiyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada Ali Məclisin Sədri seçilməsinə razılıq verib, idarəçiliyi öz əlinə almasa idi bu gün işğal olunmuş ərazilərimizin siyahısında Naxçıvan da olardı. Eyni zamanda, Dahi Öndərimiz Heydər Əiyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri olması və Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilməsi Ulu Öndərimizin o zaman çətin və ağır durumda olan Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak etməsinə imkanlar yaratmış oldu. Ulu Öndərimiz Heydər Əliyev tarixi çıxışlarının birin də demişdir: «Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq, bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm». Tarixi faktlar və mövcud reallıqlar təsdiq edir ki, Ulu Öndərimiz Heydər Əliyev üzərinə götürdüyü çətin problemlərin layincə həllinə nail ola bildi.

Ulu Öndər özünə Naxçıvan boyda abidə ucaltdı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Dahi Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü barədə deyib: «Tale Ulu Öndəri bu regiona göndərməklə Naxçıvanı işğal olunmaq, əhalisini isə qaçqın ömrü yaşamaq təhlükəsindən hifz etdi. Azərbaycanın bu qədim torpağını xilas edən Ulu Öndər özünə Naxçıvan boyda abidə ucaltdı. Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı».
Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə də, mütəmadi olaraq, Naxçıvana səfərlər edir, görülən işlərlə, orada müşahidə olunan böyük inkişafla yerində tanış olurdu. Ulu Öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Bu gün Naxçıvandakı yüksək inkişaf, görülən abadlıq və quruculuq işləri, məhz bu siyasətin nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarixi çıxışlarının birində Naxçıvanda gedən genişmiqyaslı quruculuq-abadlıq işlərini, əhalinin sosial rifah halının yaxşılaşmasını, həm də, Azərbaycanın inkişafı olduğunu bildirib: «Naxçıvanın uğurlu inkişafı Azərbaycanın uğurlu inkişafı deməkdir. Bizim müstəqilliyimizin möhkəmləndirilməsi deməkdir. Burada gedən işlər məni çox sevindirir. Mən əminəm ki, bu gözəl ənənələr gələcək illərdə də davam etdiriləcək və Naxçıvan Muxtar Respublikası həm iqtisadi inkişaf sürətinə görə, həm də infrastruktur layihələrinin səviyyəsinə görə, nəinki bu regionda, hətta dünya miqyasında qabaqcıl yerlərdə olacaqdır».

Muxtar respublikada 2019-cu ilin yanvar-avqust aylarında 1 milyard 803 milyon 670 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur

Qarşıya qoyulan bütün vəzifələrin uğurla icra olunması, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi, mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması Naxçıvan Muxtar Respublikasının sürətlə inkişafını reallığa çevirib. Naxçıvan Muxtar Respublikada iqtisadi islahatlar ardıcıl həyata keçirilir, torpaq islahatı başa çatdırılıb, azad sahibkarlığın, xüsusi mülkiyyətin və kiçik biznesin inkişafı üçün geniş imkanlar yaradılıb. 2019-cu ilin iqtisadi göstəricilərinə əsasən, demək olar ki, iqtisadi inkişafın əsas göstəricisi sayılan ümumi daxili məhsulun həcmi 2004-cü illə müqayisədə 12 dəfə artaraq, 2 milyard 773 milyon 20 min manatdan çox olmuşdur. Ümumi daxili məhsulda maddi istehsal sektorunun xüsusi çəkisinin 65 faizə yaxın olması isə sabit iqtisadi artımın daha bir göstəricisidir. Muxtar respublikada 2019-cu ilin yanvar-avqust aylarında 1 milyard 803 milyon 670 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. Bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq, 3945 manat olmuşdur. Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 742 milyon 932 min 800 manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.
Vəsait qoyuluşları çərçivəsində 2019-cu ilin yanvar-avqust aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 654 milyon 443 min 600 manat vəsait yönəldilmişdir. Bu da, bir il öncəki göstəricidən 1,3 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 631 milyon 634 min 500 manatı və ya 96,5 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür. Bəhs olunan dövrdə 309 milyon 144 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz çoxdur. Bu dövr ərzində, diri çəkidə ət istehsalı 14518,9 ton, süd istehsalı 68143,1 ton olmuşdur. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,9 faiz, süd istehsalı isə 1,5 faiz artmışdır. 2019-cu ilin yanvar-avqust aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 35 milyon 522 min manat olmuşdur ki, bu da, 2018-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 3,2 faiz çoxdur. Bu dövr ərzində, mobil rabitə xidmətinin dəyəri 28 milyon 898 min 100 manat təşkil etmiş və bir il öncəyə nisbətdə, 2,1 faiz artmışdır. Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları, davamlı olaraq yaxşılaşdırılmış, 2019-cu ilin yanvar-avqust aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 77 milyon 641 min 400 manat məbləğində kreditlər verilmişdir ki, bu da, bir il öncəki göstəricidən 2,2 dəfə çoxdur. Verilmiş kreditlərin 9 milyon 781 min 800 manatı və yaxud 12,6 faizi qısamüddətli, 67 milyon 859 min 600 manatı və yaxud 87,4 faizi uzunmüddətli kreditlər olmuşdur. Sahibkarlıq fəaliyyətinin, davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində, muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir. Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir. 1 sentyabr 2019-cu il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 82781-ə çatmışdır ki, bunun da, 73167-si və ya 88,4 faizi aktiv hesablardır. 2019-cu ilin yanvar-avqust aylarında açılmış 18163 bank hesabının 17995-i aktiv hesablar olmuşdur. Muxtar respublikada quraşdırılmış POST-terminalların sayı 1 sentyabr 2019-cu il tarixə 1276-ya çatmışdır. Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2019-cu ilin yanvar-avqust aylarında 325 milyon 495 min ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq, 285 milyon 764 min 900 ABŞ dolları təşkil etmiş, 246 milyon 34 min 800 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır. 2019-cu ilin yanvar-iyul aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 454,5 manat təşkil etmişdir ki, bu da, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz çoxdur. Bu günlər Ordubad rayonunun Vənənd kəndində yeni sosial obyektlərin istifadəyə verilməsi mərasimdə iştirak edərkən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov bildirib ki, bu gün ölkəmizin ümumi inkişafının tərkib hissəsi kimi muxtar respublikamızda da quruculuq işləri aparılır, kəndlər abadlaşır, yollar çəkilir, yeni məktəblər tikilir, su-kanalizasiya sistemləri qurulur. İnsanların rahat yaşaması, təsərrüfatların inkişafı, əhalinin məskunlaşması üçün dövlət tərəfindən lazımi tədbirlər görülür: «Həyata keçirilən tədbirlər Vənənd kəndinin timsalında aydın görünür. Bu gün Azərbaycanda əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan sabitlik, inkişaf və dövlət-xalq birliyi mövcuddur. Ölkə Prezidenti tərəfindən həyata keçirilən tədbirlərin nəticəsidir ki, sabitlik və inkişaf Azərbaycanın həyat tərzinə çevrilib. Muxtar respublikada da inkişaf təmin olunmuşdur».

Naxçıvan abadlaşır, gözəlləşir və əhalinin yaşayış durumu daha da yaxşılaşır

Haqlı olaraq tarixçi-alimlər 5 min illik tarixə malik Naxçıvanı sivilizasiyanın beşiyi adlandırırlar. Bu diyarda qədim türbə və tikililər, daş kitabələr və abidələr mövcuddur ki, bu da, özündə sivilizasiyanın ilkin mərhələlərini əks etdirir. Həm yazılı mənbələr, həm də burada aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri, bu gün də qorunub-saxlanılan neçə-neçə abidə, bir daha sübut edir ki, bu diyarda şəhər mədəniyyətinin tarixi 5 min ilə yaxındır. Naxçıvanda dünya memarlıq məktəbinin şah əsəri olan qiymətli tarixi tikililər qorunaraq və əsaslı surətdə bərpa olunaraq, gələcək nəsillərə ötürülür. Məhz Naxçıvanın bugünkü və tarixi uğurlarlarına əsaslanan Prezident İlham Əliyev bildirib ki, gözəl təbiəti, iqlimi, havası, mənzərəsi, binaları və ən önəmlisi, gözəl insanları olan gözəl məkanın adı Naxçıvandır. Prezidenti İlham Əliyevin Naxçıvana səfəri zamanı əhali ilə görüşündə bildirib ki, Naxçıvan şəhəri, bütün şəhərlər abadlaşır, gözəlləşir, çox böyük quruculuq və yaşıllaşdırma işləri aparılır: «Son illər ərzində, muxtar respublikada böyük abadlıq-quruculuq işləri görülmüşdür. Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır». Ölkə Prezidenti uğurların qazanılmasında muxtar respublika rəhbərliyinin fəaliyyətini xüsusi vurğulamışdır: «Mən Naxçıvanın rəhbəri Vasif Talıbovun fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Onun fəaliyyəti nəticəsində, burada bu işlər görülür və o da sizə arxalanır. Öz fəaliyyəti ilə Ulu Öndər Heydər Əliyevin tutduğu yolu Naxçıvanda davam etdirir. Bu, çox böyük nailiyyətdir». Heç də təsadüfi deyil ki, bu günlərdə Naxçıvan Muxtar respublikasının Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə dövlət quruculuğu işlərində xidmətlərinə görə, «Şərəf» ordeninə layiq görülüb. Şübhəsiz ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov 2020-ci ildə də bu şərəfli yolu böyük uğurla və əzmlə davam etdirəcək.
Azərbaycanın hər bir bölgəsi olduğu kimi, Naxçıvan Muxtar Respublikası da bundan sonra da inkişaf dinamikasını davam etdirəcək. Çünki Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət və Onun ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyevin dönməz və dəyişməz, xalqa, dövlətə xeyirli, gərəkli siyasəti bunu özündə ehtiva edir.

Eldar İbrahimov,
Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, professor

Bütün xəbərlər Facebook səhifəmizdə