Elşən Manafov: “Azərbaycan korrupsiyaya qarşı mübarizənin gedişində Sinqapur modelinə müraciət etsə daha önəmli olar” - MÜSAHİBƏ

Elşən Manafov: “Azərbaycan korrupsiyaya qarşı mübarizənin gedişində Sinqapur modelinə müraciət etsə daha önəmli olar” - MÜSAHİBƏ

Demokrat Sol Partiyasının sədri Elşən Manafovun SİA-ya müsahibəsi

- Bildiyiniz kimi, dövlət başçısı ölkəmizdə korrupsiya və rüşvətxorluqla mübarizəyə dair tapşırıqlarını verib. Bundan sonra görüləcək işləri necə qiymətləndirirsiniz?

- Əlbəttə, korrupsiya ictimai bəladır. Bu ictimai bəlaya qarşı mübarizə təkcə dövlətin, onun müvafiq strukturlarının deyil, bütövlükdə vətəndaş cəmiyyəti institutlarının koordinasiya edilməsini özündə ehtiva etməlidir. Qeyd etmək lazımdır ki, korrupsiyaya qarşı mübarizə təkcə bugün başlamayıb. Hələ zamanında Azərbaycan parlamenti tərəfindən Korrupsiyaya qarşı Mübarizə haqqında Qanun qəbul edilib. Bu qanunun tələblərindən irəli gələrək son bir neçə ildə Azərbaycan hakimiyyəti mütəmadi olaraq tədbirlər həyata keçirib, müəyyən islahatlar aparıb. Amma görünür ki, korrupsiyaya qarşı aparılan mübarizə ölkə prezidentini qane etmədiyindən bu problemin mahiyyət etibarı ilə yeni bir mərhələyə keçirilməsinə ciddi zərurət yaranıb. Korrupsiyaya qarşı mübarizənin gedişində istər Qərb, istərsə də Asiya dövlətlərinin zaman-zaman müraciət etdiyi müəyyən maddələr mövcuddur. Təbii ki, Azərbaycan dövlətçiliyi bu mənada korrupsiyaya qarşı mübarizənin gedişində hansı maddələrə önəm verilməsi ilə bağlı məsələlərə ciddi aydınlıq gətirilməlidir. Çünki Asiya modelinə müraciətlər ötən əsrin 60-ci illərində Sinqapurun korrupsiyaya qarşı tətbiq etdiyi modeldən və onun müəyyən etdiyi prinsiplərdən gedir. Təbii ki, korrupsiyaya qarşı mübarizənin gedişində keçən əsrin 50-ci illərindən başlayaraq Qərb dövlətlərinin də müraciət etdiyi bir model olub. Azərbaycanda hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması istiqamətində addımların atılması ilə bağlı müəyyən amilləri nəzərə alsaq, güman edirəm ki, Azərbaycan korrupsiyaya qarşı mübarizənin gedişində Sinqapur modelinə müraciət etsə daha önəmli olar. Bu model ilk növbədə məhkəmə hakimiyyətinin gerçək müstəqilliyini təmin edə biləcək ciddi islahatların keçirilə bilməsini özündə ehtiva edir. Dövlət büdcəsindən maliyyələşən məmurların əmək haqlarının günün tələbləri səviyyəsində müəyyən edilməsi ilə bağlı məsələlərə aydınlıq gətirilməlidir. Bu mənada hələlik Azərbaycanda korrupsiyaya qarşı mübarizənin gedişində prezidenti qane etməyən müəyyən məqamlar var. Bu gün ayrı-ayrı nazirliklərin, dövlət komitələrinin müvafiq strukturlarında müəyyən vəzifələr tutan məmurları vəzifədən kənarlaşdırmaqla korrupsiyaya qarşı mübarizənin gedişində ciddi uğurlar əldə etmək mümkün deyil. Korrupsiyaya qarşı mübarizə ilk növbədə dövlət büdcəsindən xərclənən şəffaflıqla bağlı məsələləri özündə ehtiva etməlidir. Əgər bu mübarizənin gedişində qanunvericiliyi ciddi şəkildə pozmuş məmurlar məsuliyyətə cəlb olunaraq kənarlaşdırılarsa, bu, cəmiyyətin özündə də prezidentin başlamış olduğu mübarizəyə etimadın artmasına kifayət qədər şərait yarada bilər. Korrupsiyaya qarşı mübarizə təkcə rüşvətxorluğa qarşı mübarizəni özündə ehtiva etmir. Bu məsələdə daha ciddi islahatların aparılmasına ehtiyac var. İslahatlar isə ilk növbədə siyasi sistemin təkmilləşdirilməsini, dövlət idarəçilik sahəsində qanunların yeni bir müstəvi üzərinə gətirilməsini, parlamentin icra strukturlarının fəaliyyəti üzərinə nəzarət mexanizmlərinin gücləndirilməsini, ümumiyyətlə, cəmiyyətin hakimiyyətin həyata keçirdiyi siyasətə ictimai nəzarət mexanizmlərinin işlək vəziyyətə gətirilməsini özündə ehtiva etməlidir. Bu problemlərin gedişində müəyyən uğurlara imza ata biləcəyimiz təqdirdə korrupsiyaya qarşı mübarizənin gedişində də uğurlardan danışmaq olar.

- Müxalifət tərəfindən təşkil olunan aksiyalara daha çox tələblərin və gənclərin cəlb olunmasında məqsəd nədir və bununla müxalifət nəyə əl atmaq istəyir?

- Gənclər hər bir cəmiyyətin daha fəal, həssas, emosional təbəqəsidir. Azərbaycan müxalifətinin çox ciddi problemləri var. Bu problemlər ənənəvi müxalifətin avanqardı rolunda çıxış edən məlum partiyaların siyasi liderləri ilə bağlı problemlərdir. Hər halda Azərbaycan cəmiyyətinin, ictimaiyyətinin yaddaşından hakimiyyətin 1992-93-cü ildə həyata keçirdiyi siyasi, iqtisadi kurs yaddan çıxmayıb. O zaman istər dövlət quruculuğunda, istər kadrların seçilib yerləşdirilməsində, istər erməni təcavüzünüə qarşı mübarizənin aparılmasında, istərsə də insan hüquq və azadlıqları sahəsində çox ciddi problemlər vardı. Bu müxalifət özü etiraf edir ki, o zaman Azərbaycanın başı üzərini almış olan real təhlükə nəticəsində onlar ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət etməli oldular. Məhz onun həmin dövrdə hadisələrə hüquq konteksində müdaxiləsi nəticəsində ölkədə yaranan və dərinləşməkdə olan siyasi böhranın qarşısı alındı. 1995-ci ildən sonra ölkə müəyyən sosial, iqtisadi, siyasi islahatlar kursuna üz tutdu. Əslində bu və ya digər mənada sabitlik təmin olunmuş oldu. Müxalifətin də problemi onun fəaliyyətinə yeni ab-havanın gətirilməməsi ilə bağlıdır. Gəncliyi hakimiyyətə qarşı cəlb etməklə müxalifət bu və ya digər mənada ictimai rəyə təsir imkanlarını artırmaq, gənclərin aktiv hissəsini öz tərəfinə çəkmək istəyir. Amma etiraf etmək lazımdır ki, gənclikdə yekcins deyil. Azərbaycanda gənclik müxətlif siyasi dəyərlərin, ictimai baxışların daşıyıcısı ola bilər. Müxalifət bu aksiyaları Azərbaycanın erməni təcavüzünə qarşı mübarizə apardığı bir dövrdə təşkil edir. Yaxşı olardı ki, bu aksiyalardan əvvəl müxalifət və hakimiyyət arasında ölkədə cəmiyyətin demokratikləşməsi, insan hüquq və azadlıqları da mövcud problemlərin həlli istiqamətində müəyyən prinsipal razılıqlar əldə olunsun. Mən Azərbaycan hakimiyyətinin çağırışı ilə hakimiyyətin müxalifətlə dialoqa razı olması ilə bağlı müəyyən amilləri nəzərdə tuturam. Dialoqun baş tutacağı təqdirdə ölkədə həm siyasi sistemin təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atıla bilər. Mənə belə gəlir ki, müxalifətlə hakimiyyətin dialoqunun baş tutacağı təqdirdə korrupsiyaya qarşı mübarizənin gedişində də müəyyən prinsipial razılıqlar əldə edilə bilər. Müxalifətin də korrupsiya ilə mübarizə ilə bağlı özünün məqbul hesab etdiyi müəyyən konsepsiyaları var. Təbii ki, müxalifət də özünün ölkə qanunvericiliyində təsbit olunmuş hüquqlarından istifadə edərək bu konsepsiyaların cəmiyyətə təqdimetmə hüququna malik olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə