Edam edilməsini gözləyən 18 min adam var

Edam edilməsini gözləyən 18 min adam var

Beynəlxalq Əfv Təşkilatı dünyanın edam tablosunu göstərən hesabatı açıqlayıb. SİA-nın məlumatına görə, hesabatda həm sevindirici, həm də təəssüf doğuran məqamlar yer alıb. Belə ki, 2010-cu ilin sonunda dünyada edam cəzasına məhkum edilən 18 min adam olmasına baxmayaraq, 2009-cu illə müqayisədə edam edilənlərin sayı 25 faiz azalıb. Ən çox edam cəzası tətbiq edən ölkə sıralamasında ABŞ dördüncü yerdədir.

İngiltərənin paytaxtı Londonda yerləşən təşkilata görə dünyada ən çox edam cəzası tətbiq olunan ölkə Çindir. Çini İran, Şimali Koreya, Yəmən, ABŞ, Səudiyyə Ərəbistanı və Liviya izləyir. Əfv Təşkilatı edam cəzasının ən çox yoxsullara və milli azlıqlara tətbiq edildiyinə diqqət çəkib. Təşkilata görə dünyada edam cəzasının ləğv edilməsi meyli də müşahidə edilir. Son 10 il ərzində 31 ölkə edam cəzasını ləğv edib. Qabon edan cəzasını qaldıran 139-cu ölkə olub.

2010-cu ildə ümumilikdə 23 ölkədə edam cəzası tətbiq edilib. Keçən il edam edilənlərin sayı 714-dən 527-yə düşüb. Ancaq bu rəqəmlərə Çindəki edamlar daxil deyil. Çindəki edamların sayının bütün ölkələrdəki qeydə alınan saydan daha çox olduğu təxmin edilir.

2009-cu ildə heç kimin edam edilmədiyi Avropada 2010-cu ildə edam geri döndü. Belarusda keçən il iki adam edam edilib.

Narkotik vasitələrlə əlaqədar cinayətlərə görə edam cəzasına məhkum edilənlərin sayında diqqətə çarpan bir artım var. Malayziyada edam edilənlərin yarıya qədəri məhz bu tip cinayətlərlə bağlıdır. Əfv Təşkilatına görə, edam cəzalarının yerinə yetirilməsində elektrik stolu, asma, zəhərli iynə kimi fərqli üsullar istifadə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə