Vanetsyan hansı sirrə malikdir ki, Paşinyan ondan qorxur? ANALİTİKA

Ermənistanın sabiq MTX direktoruna qarşı siyasi təqiblərə başlanılıb, lakin...

Məlum olduğu kimi, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq direkktoru Artur Vanetsyana qarşı hakimiyyət tərəfindən kampaniyaya start verilib. Xüsusilə, Paşinyanlar ailəsinə yaxınlığı ilə seçilən KİV-lərdə müxtəlif yazı və məqalələr dərc edilir və zamanında ailəvi dostluq edən tərəflər indi aşkar düşmənlərə çevriliblər. Məhz bu baxımdan, Nikol Paşinyanın böyük qızı Mariyam Paşinyan vaxtilə atasının baş redaktoru olduğu mətbi orqanda – “Haykakan Jamanak” qəzetində eks MTX direktoru haqqında məqalə ilə çıxışb edib. O iddia irəli sürüb ki, Vanetsyan onun atasına qarşı inqilab hazırlayır və həmin məsələdə ona kriminal avtoritetlər, habelə Serj Sarkisyan və Robert Koçaryana yaxın adamlar yardımlar göstərirlər.

Vanetsyan hansı gizli və təhlükəli məlumata malikdir ki, Paşinyan və onun ailəsi “profilaktik” fəaliyyətləri ilə bu məsələ üzərində işləyirlər?

Bu arada, Ermənistanın tert.am saytında sözügedən məsələ ilə bağlı analitik yazı verilib və həmin yazının başlığında belə bir sual qoyulub: Vanetsyan hansı gizli, ya da təhlükəli məlumata malikdir ki, Nikol Paşinyan və onun ailəsi “profilaktik” fəaliyyətləri ilə bu məsələ üzərində işləyirlər?

Bu məsələdən həm də belə bir nəticəyə gəlmək olar ki, əslində erməni baş nazir həqiqətən də ciddi təlaş içindədir, çünki vaxtilə etibar və ailəvi dostluq etdiyi şəxs indi onun düşməninə çevrilməklə “hayla gələn, vayla gedər” prinsipini reallaşdırıb, onun kürsüsünü laxlada da bilər.

Vanetsyan Paşinyana məsləhət görüb ki, danışmamışdan öncə düşünsün

Digər tərəfdən, erməni saytı xatırlatma edib və yazıb ki, bir neçə ay əvvəl ABŞ-da səfərdə olarkən, Nikol Paşinyan Artur Vanetsyanın bəyanatlarını qiyamçılıq adlandırıb, hətta zabit şərəfinə xəyanət etdiyini bildirib. Lakin Vanetsyan da cavabsız qalmayıb və Paşinyana məsləhət görüb ki, danışmamışdan öncə düşünsün, çünki o, bir sıra məsələlərdə mötərizələri aça, onu ifşa edə bilər. Tert.am yazır: “Çox yəqin ki, N.Paşinyannın təşəbbüsü, eləcə də destruktivliyi nəticəsində yaranan antivanetsyan partlamaları qara piar olmaqla yanaşı, sübut edir ki, Vanetsyan indinin özündə də Paşinyanlar ailəsi üçün ciddi narahatlıq mənbəyidir. Bu, mübaliğəsiz şəkildə onu da sübut edir ki, Paşinyanın təlaş keçirməsi üçün dərin səbəblər də mövcuddur”.

Tert.am: “Bu mif hələ də Paşinyanı və ailəsini təm-təraqlı hökumət iqamətgahında saxlayır və həyatdan zövq almalarına kömək edir”

Yazıda o da iddia olunur ki, sabiq MTX direktoru inqilabın “çirkli mələfəsi” haqqında kifayət qədər məlumatlıdır və kursdadır. O, həmçinin Paşinyan üçün müasirlik reallığında da əsas fiqura çevrilib. SİTAT: “Əgər Vanetsyan fəal siyasətə daxil olacaqsa və bu istisna olunmur, onda Paşinyan praktiki olaraq keçilməz səddlə toqquşmalı olacaq. Bu isə onun hakimiyyətinin ümidləri doğrulmayan ictimai rəy qarşısındakı daha bir uğursuzluğu olacaq. Yəni vanetsyan Paşinyan üçün siyasi mənada ciddi sınaqdır, onun neytrallaşdırılması üçün isə, preventiv ölçülərin götürülməsi qərarı verilib, nəticədə ictimai rəyə “xalq düşməni” obrazında təqdim olunub. Nikol Paşinyan bir şeydən qorxur – süquta uğramaqdan. Onda olan və elə də uzağa getməyən insanlıq keyfiyyətlərinə, istedada baxanda, yalnız bir uğur görünür. O, kütlə ilə manipulyasiya edə bilir və bu məsələdə kütlənin çox az hissəsini inandırmağı bacarıb ki, təmizdir, günahlardan da uzaqdır və s. Məhz bu mif hələ də Paşinyanı və ailəsini təm-təraqlı hökumət iqamətgahında saxlayır və həyatdan zövq almalarına kömək edir.”

Təkcə Vanetsyanın susqunluğu ölkənin birinci şəxsinin qəlbinin dərinliklərində elə böyük qorxu yaradır ki...

Yazıda o da bildirilir ki, Vanetsyanın bütün məsələlərdən xəbərdar olması həm də belə bir təəssürat oyadır ki, əgər sabiq MTX direktoru danışsa, gizli qrifləri sındırsa, eləcə də nəyə görə vəzifəsindən getməsinin səbəbləri açıqlasa, bu zaman Paşinyanın qumdan tikdiyi qəsr bir dəqiqənin işində yox olar.

“Ancaq Paşinyan aşkar şəkildə yaxşı hesablamağı bacarmadı: antivansetsayn kampaniyası əks effekt yarada bilər və Artur Vanetsyanın neytrallaşdırılması onun real siyasi faktora çevrilməsinə şərait yaradacaq”, deyə erməni saytında qeyd olunub. SİTAT: “Təkcə onun (Vanetsyanın-R.N.) susqunluğu ölkənin birinci şəxsinin qəlbinin dərinliklərində elə böyük qorxu yaradır ki, ictimai rəyin Vanetsyana yönəlik diqqəti artır və Paşinyanın sadəcə veriləcək cavabı da yoxdur”.

Beləliklə, ortada olan fakt həm də belə bir proqnoz verir ki, anti-Paşinyan siyasətinin ən amansız fiquru olan Vanetsyan çox qısa zamanda “məxməri inqilabın” görünməyən tərəflərini açıqlamaqla, Ermənistanda yeni təlatümlərə yol açacaq. Hətta Ermənistanın növbəti baş nazirinin Artur Vanetsyan olacağı barədə ehtimallar da özünü doğrulda bilər. Hadisələr də məhz bu istiqamətdədir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə