2020-ci ilin yanvar ayından qeyri-yaşayış obyektlərinin icbari sığortasına nəzarət tədbirlərinin gücləndiriləcəyi gözlənilir və bunun əslində ən çox diqqət mərkəzində olan məsələ olaraq hər an nəzarətdə saxlanılması tam məntiqidir. Sözügedən müqavilələr bağlanmadığı təqdirdə, müqavilə bağlamayan daşınmaz əmlakların sahiblərinə qarşı müvafiq cərimələr tətbiq ediləcək ki, bunun da istər qanunvericilik, istərsə də hərhansı bir şəkildə əsaslı olduğu təkzibedilməzdir.
Dünyada baş verən təbii fəlakətləri nəzərə aldıqda görürük ki, daşınmaz əmlakın sığortalanması məsələsinin aktuallığı günü-gündən artır. Təbii fəlakətlər zamanı vətəndaşlara dəyən zərərin ödənilməsi məsələsi ortaya çıxanda hər kəs bunun fərqində olur və bu zaman sığortalanmanın mahiyyəti haqqında düşünülür. Əslində isə qabaqcadan tədbirlər görmək və hərhansı bir hadisədən, hətta təbii fəlakətdən, fövqəladə hadisədən də sığortalanmaq olar.
Bəzən yanlış olaraq elə düşünülür ki, dövlət ziyanı tam qarşılamalı və zərərçəkənin zərəri 100 faiz qarşılanmalıdır. Əslində isə bu belə deyil və mövcud qaydaya görə təbii fəlakətin baş verdiyi təqdirdə dövlətin göstərdiyi maddi yardım çəkilmiş maddi ziyanın 20 faizinə qədər olmalıdır. Nümunə üçün qeyd edək ki, məsələn, Kür və Araz çaylarında 2010-cu ilin yazında sellərin əmələ gətirdiyi daşqınların nəticələrini aradan qaldırmaq üçün dövlət büdcəsindən 460 milyon manat, Qax–Zaqatala bölgəsində 2012-ci ilin may ayında baş vermiş güclü zəlzələnin nəticələrini aradan qaldırmaq üçün isə 420 milyon manat vəsait ayrılsa da, həmin vəsait hesabına zərərçəkən vətəndaşlara təzminatlar ödənilsə də, bu məbləğlər çəkilmiş maddi ziyanı tam ödəməyib və əlbəttə ki, zərərin 20 faiz ödənilməsi qaydalarına görə, burada qeyri-adi heç nə yoxdur. Sadəcə hər kəs bunun fərqində olmalı və bu faktlar özü-özlüyündə sığortalanmanın üstünlüklərini və zəruriliyini bir daha ortaya qoyur.
Ölkəmizdə icbari sığortanın hələ 2011-ci ildən qüvvəyə minməsinə baxmayaraq, təbii fəlakətlərin və qəzaların yetirdiyi maddi ziyana görə hələ də dövlət təzminat ödəyir. “Diqlas” ticarət mərkəzinin timsalında bunun şühidi olduq. Şahidi olduq ki, bu ticarət mərkəzində çalışan sahibkarların əmlakı sığortalanmamışdı və hətta çəkdikləri maddi ziyan da dövlət tərəfindən ödənildi. Bu ödənişləri dövlət borc kimi yox, kömək kimi, sosial yönümlü tədbir kimi reallaşdırdı və bu, insan amilinin ön planda olması, dövlət başçısının qayğısı, vətəndaşların maddi rifahının düşünülməsi kimi dəyərləndirilməlidir və ictimaiyyət tərəfindən belə də dəyərləndirilir.
Məsələ burasındadır ki, ticarət müəssisələrində əvvəllər da yanğın hadisələri olub, amma “Diqlas”dakı hadisədən sonra daşınmaz əmlakı sığortalamağın vacibliyini, aktuallığını sahibkarlar çox yaxşı başa düşdülər. İstisna halları da təkzib etmək mümkün deyil. Məsələn, bütün bu yanğınlardan sonra, sahibkarların sözügedən ticarət obyektində onlara məxsus olanları sığortalamadıqları üçün zərərlə üz-üzə qaldıqlarının fonunda bəzi sahibkarlar bundan nəticə çıxararaq əmlaklarını, onlara məxsus olanları sığortalamağa dırnaqarsı yanaşdılar. “EuroHome”dakı son faciədən sonra yenə də eyni mənzərənin, eyni vəziyyətin şahidi olduq və sahibkarların sığortalanmadığı üçün dəymiş ziyanın indi ticarət mərkəzinin rəhbərliyi tərəfindən ödəniləcəyi gözlənilir. Çünki, artıq dövlət tərəfindən kompensasiyanın ödənilməsini gözləmək olmaz və bundan sonra kompensasiyalar aztəminatlılar olmaqla, yalnız müstəsna hallarda ödənilə bilər. Bu barədə ölkə başçısı, Cənab Prezident dekabrın 19-da pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədə də xəbərdarlıq edib. Ölkə başçısı bildirib ki, ticarət obyektlərinin hər biri sığortalanmalıdır ki, sabah bədbəxt hadisə, yanğın baş verəndə gedib sığorta şirkətinə müraciət etsin. Cənab Prezident xüsusilə vurğulayıb ki, hərhansı bədbəxt hadisə baş verdiyində, yanğın olduğunda günahkar sahibkar özü olduğu təqdirdə dövlətdən hərhansı vəsait gözləməsinə dünyanın heç bir yerində rast gəlinməyib. Ölkə başçısı sahibkarlara xatırladıb ki, hərə öz əmlakını, öz mülkünü sığortalayır, bədbəxt hadisə baş verəndə də sığorta şirkəti onun pulunu ödəyir və bizdə də belə olmalıdır.
Həqiqətən də dünya təcrübəsinə nəzər saldıqda görürük ki, sahibkarlar öz mallarını, mülklərini sığortalayır, baş verən hadisələr, təbii fəlakətlər, fövqəladə hallar zamanı da öz zərərlərinin qarşılanacağına əmindirlər. Heç bir ölkədə dövlət zərərin qarşılanması üçün qarant sayılmır və inkişaf etmiş ölkələrin hamısında qəzalar, təbii fəlakətlər nəticəsində yaranan maddi zərər sığorta şirkətləri tərəfindən ödənilir. Əlbəttə, dövlətin bu məsələyə qarışması da mümkündür, lakin dövlət müstəsna hallarda qarışır. Məsələn, Saksoniyada 2002-ci ildə baş verən daşqın zamanı belə bir hala təsadüf edilib. Beləki, zərərçəkənlərin əmlaklarının çoxu sığortalanmış olsa da, sığorta hadisəsi kimi daşqın qeyd olunmadığı səbəbindən həmin əmlakların sahiblərinə dövlət tərəfindən yardım edildi. Yəni, analoji olaraq, əgər sahibkarlar üçün çıxılmaz vəziyyət yaranarsa, sığorta şirkətlərinin hərhansı bir şəkildə müdaxiləsi məhdudlaşarsa o zaman dövlətin müdaxiləsinə ümid etməyə dəyər və bu hal müstəsna xarakter daşıyır. Bir sözlə, sığortalanma kimi bir seçim olduğu halda dövlətin koməyini gözləmək sahibkarların hüququ deyil və sığortalanma müqaviləsinin sahibkardan tələb olunması da, olmadığı təqdirdə cərimələrin tətbiqi də bu baxımdan tam məntiqidir və əslində bütün bunlar sahibkarların öz mənafelərinin müdafiəsi, mallarının, mülklərinin qorunması, təhlükəsizliyi üçündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB