YAP Gənclər Birliyinin sədri: “Facebook”-dakı kampaniyanın arxasında ilk növbədə ermənilər dayanır”

YAP Gənclər Birliyinin sədri: “Facebook”-dakı kampaniyanın arxasında ilk növbədə ermənilər dayanır”

"Çox təəssüflər olsun ki, xaricdə yaşayan və düşmənlərlə əlbir olan bəzi azərbaycanlı "gənclər" müxtəlif vasitələrdən istifadə etməklə, narazılıq fonu yaratmağa çalışırlar. Xüsusilə də, internet üzərindən bu fəaliyyəti həyata keçirərək, blef və manipulyasiyalarla məşğul olurlar". SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov partiyanın rəsmi saytına verdiyi açıqlamasında bildirib. O, qeyd edib ki, həmin qüvvələrə dəstək verən və ölkəsinin inkişafının davamlı olmasını istəməyən daxili satellitlər, radikallar da mövcuddur. Onlar ölkə daxilində yaradılan demokratik şəraitdən sui-istifadə etməklə, dediyiniz aqressiya fonunu yaratmağa cəhd göstərirlər: "Əslində isə vəziyyət tamamilə fərqlidir. Biz gənclərlə daim ünsiyyətdə olan və onlarla işləyən təşkilat olduğumuza görə, Azərbaycan gəncliyinin nə düşündüyünü çox yaxşı bilirik. Hətta, apardığımız söhbətlərdən, sosial şəbəkələr üzərindən keçirdiyimiz sorğulardan da bəlli olur ki, bu gün Azərbaycan gəncləri Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyir. Yəni, düşmən qüvvələr nə qədər çalışsalar da, gənclərdə hansısa aqressiya və ya hakimiyyətə qarşı çıxış hissi oyada bilməzlər".

Təşkilatçılarından 4-ü xaricdə yaşayan və Azərbaycanın düşmənləri ilə işbirliyində olan "gənclər" "Facebook" və "Twitter" kimi sosial şəbəkələr üzərindən müxtəlif aldadıcı xüsusiyyətləri özündə birləşdirən qrup yaratdıqlarını deyən Seymur Orucov bu qrupun necə formalaşması və saxtakarlıqla ətrafına insan toplaması barədə artıq cəmiyyətin məlumatlı olduğunu vurğulayıb: "Aparılan məqsədyönlü təbliğat işlərindən sonra bu qrupla bağlı məlumatı olmayan digər gənclər də bu kampaniyanın tərəfdarlarına etiraz məktubları göndəriblər. Bu qrupun yaradılmasının əsil məqsədini bu qrupa dəstək verənlərə izah etməyə başlayıblar. Amma sonradan bizim bu qrupla araşdırma aparan gənclərimizin elektron ünvanlarına daxil olmuş məktublarda bildirilib ki, ermənilər aktiv şəkildə onların səhifələrinə müdaxilələr ediblər, müxtəlif kanallar vasitəsilə hədə və təhqir dolu şərhlər yazıblar. Bundan sonra biz daha dəqiq bildik ki, bu kampaniyanın arxasında Azərbaycanı sevməyən xarici qərəzli qüvvələr, ilk növbədə ermənilər dayanır. Bu faktı bütün Azərbaycan gəncləri həm media, həm də sosial şəbəkələr vasitəsilə anladı və bildi. Ona görə də, bu qrupun çirkin məqsədi baş tutmadı. Mən əminəm ki, bundan sonra da bu cür kampaniyalar təşkil edilsə, onların Azərbaycanda gənclərlə dövlət arasında nifaq salmaq imkanları sıfıra bərabər olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə