Prezidentin islahatlar konsepsiyası aqrar sektora töhfələrini bəxş edir
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar konsepsiyası aqrar sektorun da inkişafına öz böyük töhfələrini verməkdədir. Xüsusilə, Onun tərəfindən uğurla həyata keçirilən və zamanın tələbinə uyğun olaraq daim təkmilləşən siyasət bu gün də dinamik şəkildə reallaçır. Cənab İlham Əliyevin imzaladığı Regionların inkişafına, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə, yoxsulluğun azaldılmasına və digər məsələlərə dair Dövlət Proqramlarının icrasının nəticəsidir ki, ölkəmizin bütün bölgələrinin siması kökündən yaxşılaşmış, yaşayış məntəqələrinin infrastruktur və kommunal xidmətlərlə təminatı səviyyəsi yüksəlmişdir.

Qeyd edək ki, İlham Əliyev cənabları hakimiyyətinin ilk dövründən aqrar sahəni iqtisadiyyatın qeyri-neft bölməsinin prioritet istiqaməti elan etmiş və ölkənin aqrar siyasətinin əsas məqsədinin Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyinin tamamilə yerli istehsal hesabına ödənilməsi və bəzi kənd təsərrüfatı məhsulları və ərzaq mallarının xarici bazarlara ixracının təmin edilməsi olduğunu önə çəkib. Bu barədə cənab İlham Əliyev keçirdiyi bütün iclaslarda, müşavirələrdə vurğulayıb. Yəni bu düşünülmüş siyasətin məntiqi nəticəsidir ki, kənd təsərrüfatının ümumi məhsulu 5 dəfə artaraq 7 milyard manatdan çox olmuşdur. Hazırda ölkə əhalisinin bir çox ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin edilir.
Hörmətli Prezidentimiz aqrar sahədə uğurlu nəticələr əldə etmək üçün İlk növbədə kənd təsərrüfatında çalışan sahibkarlara əlverişli şərait yaradılmasının və onlara dövlət dəstəyinin göstərilməsinin vacibliyini nəzərə alaraq daim güzəştlərin edilməsi ilə bağlı qərarlar verir.

Respublikamızda aqrar sahədə yüksək nəticələr əldə edilməsində və kənd təsərrüfatında hər il dinamik artıma nail olunmasında fermerlərə güzəştli kreditlərin verilməsi və onlara müasir texnika və texnologiyaların lizinq yolu ilə güzəştli qiymətlərlə satılması və ya icarəyə verilməsi də mühüm rol oynayıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi və İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, habelə xidmət və infrastruktur(soyuducu və taxıl anbarı kompleksləri) sahələrinin inkişafına 1 milyard manatdan çox dövlət vəsaiti güzəştli şərtlərlə fermerlərə kreditə verilib.
O da məlumdur ki, müasir şəraitdə aqrar bölmənin emal sənayesini inkişaf etdirmədən kənd təsərrüfatının artımına nail olmaq qeyri mümkündür. Son illər bu istiqamətdə əsaslı işlər görülmüş, respublikamızın bir çox rayonlarında kənd təsərrüfatının inkişafını təmin edən yeni bitkiçilik və heyvandarlıq məhsulları emalı obyektləri, soyuducu və taxıl anbarı kompleksləri və digər emal müəssisələri tikilib istifadəyə verilmiş, onlar müasir texnologiya ilə təchiz olunublar. Bununla belə daxili tələbat və ixrac potensialı nəzərə alınaraq bəzi məhsulların emalını tam təmin etmək üçün yeni müəssisələrin yaradılmasına ehtiyac vardır.

Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyev cənablarının daxili bazarın tələbatını ödəmək və xarici bazarlara çıxmağa dair formalaşdırdığı müasir aqrar siyasətin mühüm istiqamətlərindən biri də ölkəmizdə kənd təsərrüfatının inkişafında iri təsərrüfatların və aqroparkların yaradılmasına xüsusi önəm verilməsidir. Bu isə ölkəmizdə mövcud olan müxtəlif təsərrüfatçılıq formaları içərisində xırda təsərrüfatların xüsusi çəkisinin həddindən çox yüksək olması ilə əlaqədardır. Xırda təsərrüfatlar isə məlum olduğu kimi əhalinin ərzaq təhlükəsizliyini və xarici bazarlara çıxışı təmin etmək üçün lazımi imkanlara malik deyillər. Məhz iri təsərrüfatlarda yüksək məhsuldar bitki sortları və heyvan cinsləri, yeni müasir texnika və texnologiyalar tətbiq etmək üçün əlverişli şərait yaranır ki, bu da əmək məhsuldarlığını artırmağı və rəqabət qabiliyyətli məhsul istehsalını təmin edir. Bu amillər isə daxili bazarı qorumaq və ixrac potensialını artırmaq baxımından böyük əhəmiyyət kəsb edir. Ona görə də ilk növbədə iri təsərrüfatlar idxaldan asılılıq davam edən məhsullar üzrə yaradılır. Ölkəmizdə əsasən idxaldan asılılıq taxıl, süd və balıq məhsullarınadır. Bunu nəzərə alaraq, hörmətli Prezidentimiz əkin dövriyyəsində olmayan torpaqları cəlb etməklə 50 iri taxılçılıq təsərrüfatları yaradılması tapşırığını vermişdir. Artıq bir neçə rayonda iri təsərrüfatlar fəaliyyət göstərir və yüksək məhsuldarlıq göstəriciləri ilə fərqlənirlər.

Müasir şəraitdə ölkə əhalisini bütün il boyu təzə kənd təsərrüfatı məhsulları ilə təmin etmək və bu məhsullarla xarici bazarlara çıxmaq üçün logistik mərkəzlərin tikintisinə böyük əhəmiyyət verilir. Bu barədə Nazirlər Kabinetinin iclaslarında Prezident İlham Əliyev cənabları dəfələrlə vurğulayıb ki, biz əvvəlki dövrlərdə bölgələrdə logistik mərkəzlərini əsasən məhsulun xarab olmaması, saxlanması və daxili tələbatın təmin edilməsi üçün tikirdik. Ancaq bizim ixrac potensialımızın artması bölgələrdə böyük logistik mərkəzlərin tikilməsini tələb edir. Artıq Şəmkir rayonunda belə bir mərkəz yaradılıb və daha üç böyük logistik mərkəzinin respublikamızın Aran, şimal və cənub bölgələrində tikilməsinə ehtiyac vardır.
İlham Əliyevin daim diqqət və nəzarətində olan məsələdən biri də ölkəmizdə yüksək gəlir verən və əməktutumlu ənənəvi kənd təsərrüfatı istehsalı olan pambıqçılıq, çayçılıq, baramaçılıq, tütünçülük, fındıq və sitrus meyvəçiliyi, habelə digər sahələrin bərpası və inkişaf etdirilməsidir. Məhz hörmətli Prezidentimizin bu sahələrə diqqət və qayğısının nəticəsidir ki, unudulub tamamilə sıradan çıxmaq təhlükəsi ilə üzləşən bu sahələrdə son 2-3 ildə əsaslı dönüş yaranmış, bu məhsulların istehsalı dəfələrlə artmış, bu sahələr üzrə Dövlət Proqramları qəbul edilmişdir. Bu sahələrin inkişafını stimullaşdırmaq üçün Prezidentin imzaladığı müvafiq sənədlər əsasında subsidiyalar verilir, alış qiymətləri artırılır və respublikamızın sosial-iqtisadi inkişafına dair keçirilən elə bir görüş və iclas yoxdur ki, İlham Əliyev cənabları bu sahələri dərindən təhlil edib öz tövsiyələrini verməsin.

Ölkəmizdə idxaldan ixraca keçidi təmin etməyə yönəlmiş müasir aqrar siyasətin əsas istiqamətlərindən biri də kənd ərazilərinin sosial simasını kökündən yaxşılaşdırmaqdır. Belə ki, hazırkı şəraitdə kənd ərazilərinin sosial inkişafını təmin etmədən kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafına nail olmaq mümkün deyildir. Bu məqsədlə respublikamızın kəndlərində hər il böyük həcmdə təhsil, səhiyyə, mədəniyyət, rabitə obyektlərinin tikintisi, yaşayış məskənlərinin işıq, qaz, içməli su ilə tam təmin olunması, kəndarası yollara asfalt salınması və digər sosial yönümlü işlər görülür. Onların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Kənd təsərrüfatının intensiv inkişafını təmin edən amillərdən biri də yüksək ixtisaslı mütəxəssislərlə yanaşı peşəkar kadrların mövcudluğudur. Belə ki, keyfiyyətli məhsul istehsalını təmin edən yüksək məhsuldarlığa malik texnika və texnologiyalardan səmərəli istifadə olunması üçün xüsusi hazırlıq keçmiş peşə sahiblərinə ehtiyac getdikcə artır. Bunu nəzərə alaraq və eyni zamanda ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa edilməsi ilə bağlı ilk peşə-ixtisas təhsili müəssisələrində “Pambıqçı”, “Baramaçı”, “Tütün ustası” kimi ixtisaslarla yanaşı , “Suvarma sistemlərinin operatoru”, “Soyuducu qurğularda məhsulların saxlanması və anbarlanması üzrə operator”, “Bitkiçilik mütəxəssisi”, “Aqroservis mütəxəssisi”, “Heyvandarlıq mütəxəssisi” kimi yeni ixtisaslar üzrə kadr hazırlığına başlanmışdır. Bu tədbirlərin həyata keçirilməsi kəndə və kənd təsərrüfatına marağı artırmaqla yüksək ixtisaslı mütəxəssisləri və peşəkar kadrları aqrar sahəyə cəlb etməyə və məhsul istehsalının səmərəsini yüksəlməyə şərait yaradır. Bundan əlavə kənd təsərrüfatı məhsullarının idxalından ixracına keçməkdə kənd təsərrüfatı kooperativlərinin yaradılmasının da çox böyük əhəmiyyəti vardır. Bunu nəzərə alaraq respublikamızda “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanun qəbul edilmiş və bu Qanuna uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 iyul Sərəncamı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Respublikası Prezidentinin formalaşdırdığı müasir aqrar siyasət nəticəsində yaxın gələcəkdə ölkəmizdə əsas ərzaq məhsullarına tələbat tamamilə yerli istehsal hesabına təmin olunacaq, sahibkarlarımız yüksək rəqabətə davamlı kənd təsərrüfatı və ərzaq məhsulları ilə xarici bazarlara çıxmaqla dünya ərzaq təhlükəsizliyinə layiqli töhfə verəcəklər.

Bütün bunlar həm də onu göstərir ki, İlham Əliyev cənablarının ölkəyə rəhbərliyi dövrü, sosial-iqtisadi həyatımızın bütün sahələrində olduğu kimi aqrar sahədə də sözün əsl mənasında dönüş dövrü olub, ölkəmizin inkişaf səlnaməsinə tarixi töhfələrini bəxş edib.
Fərrux Haqverdiyev,
YAP Xızı rayon təşkilatının sədi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB