"Məqsədimiz ancaq pambıq istehsal edib onu satmaqdan ibarət olmamalıdır" ÖZƏL-MÜNASİBƏT

"Məqsədimiz ancaq pambıq istehsal edib onu satmaqdan ibarət olmamalıdır" ÖZƏL-MÜNASİBƏT

"Ölkəmizdə pambıqçılıq və digər ənənəvi sahələr yaddan çıxmışdı. Buna da sovetlər vaxtında ölkəmizə Qorbaçov tərəfindən təyin olunmuş rəhbərin xalqımıza düşmənçiliyi, müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan AXC-Müsavat birliyinin səriştəsiz idarəçiliyi və öz maraqlarını hər şeydən üstün tutması səbəb olub". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Azər Badamov bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan iqtisadiyyatın şaxələndirilməsi siyasəti öz müsbət nəticələrini verməkdədir: “Dekabrın 19-da dövlət başçısının yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədə səsləndirilən fikirlər bir daha onu göstərir ki, artıq kənd təsərrüfatının ənənəvi sahələri öz inkişaf dövrünü yaşayır. Bu sahələrlə bağlı ayrı-ayrı dövlət proqramları qəbul olunub, bu proqramlarda göstərilən hədəflərin icrası həmin sahələrin inkişafına gətirib çıxarıb. Bu ilin nəticələri də bunu deməyimizə imkan verir. Müşavirədə qeyd olundu ki, artıq pambıq istehsalı hər hektardan alınan məhsuldarlığa görə 30 sentnerə yaxınlaşıb. Bu, məhsuldarlıq göstəricisi sovetlər vaxtında əldə olunan ən yüksək nəticələrə uyğun gəlir və pambıqçılığın dirçəldilməsi istiqamətində aparılan məqsədyönlü tədbirlərin bariz nəticəsidir. Baxmayaraq ki, 3 il bundan əvvəl məhsuldarlıq aşağı idi və keçən il becərilən torpaqların həcmi də böyük idi. Bu il əkilən torpaqlar azalıb. Buna baxmayaraq, məhsuldarlıq yüksəlib və əldə olunan məhsulun tonnajı da 294 min tona bərabər olub. Bu da təbii ki, pambıq istehsal edilən sahələrin keyfiyyətinə dair yanaşmanın ortaya qoyulması, yeni texnologiyaların tətbiq edilməsi, dövlətin dəstəyi ilə aqrotexniki qaydaların vaxtında aparılması ilə bağlıdır. Həm də bu sahələrə dövlət dəstək verir, subsidiyalar ödənilir. Həm pesdisidlərin, həm də gübrələrin alınmasına subsidiyalar ödənilir. Bu sahə vətəndaşlar üçün maraqlı bir sahəyə çevrilib. Müşavirədə də qeyd olundu ki, bu sahədə ölkəmizdə 200 mindən çox insan çalışır”.

A.Badamov qeyd edib ki, pambıqçılığın inkişafı ölkədə işizliyin səviyyəsinin azalmasına öz töhfəsini verir: “Cənab prezident çox düzgün qeyd etdi ki, bizim məqsədimiz ancaq pambıq istehsal edib onu satmaqdan ibarət olmamalıdır, bununla kifayətlənməməliyik. Biz pambığı istehsal edib son məhsula çevirərək daxili tələbatı ödəməklə yanaşı, onu ixrac etməliyik. Yəni, son məhsulun istehsal edilməsi ölkəyə idxal olunan bəzi məhsulların azalmasına gətirib çıxaracaq və ölkədən valyuta çıxmasının qarşısı alınacaq, həm də əlavə dəyər yaradacaq. Əlavə vəsaitlər ölkəmizə daxil olacaq, bu gün ixracın 70 faizini mahlıc tutursa, yeni sənaye sahələrinin yaradılması, yüngül sənayenin inkişaf etdirilməsi sahəsində cənab prezidentin tapşırıqlarının icrası bu sahəni yenidən dirçəldəcək və ixracımızda hazır məhsulların çeşidi daha önəmli yer tutacaq”.

A.Badamov qeyd edib ki, ümumiyyətlə, kənd təsərrüfatının inkişaf etdirilməsi ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verir: “Kənd təsərrüfatının inkişaf etdirilməsi ixrac yönümlü məhsulların istehsalı istiqamətində də özünü göstərir. Düşünürəm ki, cənab prezidentin müşavirədə verdiyi tapşırıqlar, xüsusilə pambığın istehsal edilməsi istiqamətində gələn il atılacaq addımlar, yəni, yeni texnologiyaların tətbiq olunması, güzəştli şərtlərlə əlavə kreditlərin verilməsi istiqamətində verilən tapşırıqlar gələn il məhsuldarlığın səviyyəsində də özünü göstərəcək”.

Qeyd edək ki, dekabrın 19-da Prezident İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə