“Müxalifətin “boykot” taktikası cəmiyyətimizdə gülüş doğurur” RƏY-ÖZƏL
"Ölkəmiz çox mühüm siyasi hadisələr ərəfəsindədir". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirli deyib.
Onun sözlərinə görə, dekabrın 23-də bələdiyyə seçkiləridir, 2020-ci ilin fevralın 9-da isə parlament seçkiləri keçiriləcək: "İndidən artıq seçkiöncəsi xüsusilə də parlament seçkiləri ərəfəsi cəmiyyətdə çox böyük bir fəallıq hiss olunmaqdadır və indidən söyləmək olar ki, Azərbaycanın demokratik inkişaf tarixinə 9 fevral seçkiləri şəffaf, azad, obyektiv bir seçkilər kimi daxil olacaq. Ən azı ölkəmizdə 50-yə yaxın siyasi partiya var, artıq 40-a qədər siyasi partiya parlament seçkilərində iştirak niyyətini ortaya qoyub. Artıq 9 partiya qeydiyyatdan keçib, yaxın prespektivdə də digər partiyaların qeydiyyatdan keçəcəyi gözlənilir. Faktiki olaraq, yeganə bu prosesdə “boykot” yolunu seçən AXCP və “Milli Şura”dır. Demək olar ki, adları çəkilən partiyaların “boykot” taktikası cəmiyyətimizdə gülüş doğurur. Çünki adətən bu siyasi mübarizə üsulunu tutan siyasi partiyaların cəmiyyətdə çox böyük nüfuzu, elektaratı, sosial bazası olur və onların “boykot” taktikası seçkilərin nəticələrinə çox ciddi təsir göstərir. Ona görə də, AXCP-nin, “Milli Şura”nın cəmiyyətdə heç bir real gücü yoxdur, ən azı onların qeyri-qanuni mitinq və piket cəhdləri onların hansı sosial bazaya malik olduğunu üzə çıxartdı. Yəni heç bir baza yox, heç bir xalqdan dəstək yox və onların bu “boykot” taktikası özlərini boykotdan başqa bir şey deyil. Yəni özləri-özlərini bütün bu proseslərdə kənar edirlər və cavabını da biz bilirik. Cavabı da odur ki, seçkilərə qatılmaq real gücü ortaya qoymaqdır. O güc olmayacağı təqdirdə isə seçkilərin nəticələri radikal qruplaşmaların nə qədər zəif olduğunu və heç bir dəstəyə malik olmadığını üzə çıxaracaq və bu səbəbdən də hesab edirik ki, onlar məğlubiyyətin acısını yaşamamaq üçün bu seçkilərə qatılmırlar. Demək olar ki, onlar virtual aləmin qəhramanlarıdırlar. Onlar deyilər ki, bizim virtual aləmdə tərəfdaşımız var amma real həyatda, piket məsələsi ortaya çıxanda isə məlum olur ki, onlar sabun köpüyündən başqa bir şey deyil. İndi isə onlar yenidən bulanıq suda balıq sevdasına düşüblər və seçkini “boykot” edəcəklərini bildiriblər və bununla yanaşı onların yenə də küçə nümayişləri, etiraz dalğası yaradacaqları haqqında bəyanatlar verirlər. Bilirsiniz bu əslində qaşıqda su fırtınası yaratmağa bənzəyir və cəmiyyətimizdə haqlı olaraq gülüş hədəfinə çevrilirlər. Bir sözlə, əgər onların ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası kimi nüfuzları olsaydı və arxasında xalq dayansaydı, onlar istənilən seçkiyə qatılardılar. Bütün bunlar olmadığından “boykot” kimi anormal bəyanatlar verirlər. Eyni zamanda, onların bu cür hərəkətləri heç müxalifət daxilində də bəyənilmir. İndi müxalifətin özü radikal siyasi dairələrdən uzaqlaşır və onların taktikasını bəyənmir, rədd edir və qarşıdan gələn parlament seçkilərində iştirak edəcəklərini bildirirlər. Artıq Müsavat, AMİP və digər partiyalar namizədlərini irəli sürüblər. AXCP və “Milli Şura” seçkilərdə iştirak etməyəcəklərsə bu onlar üçün növbəti problemlər və uğursuzluqlar gətirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB